İctimai şura LDU-da imtahanların gedişini izlədi.

İctimai şura LDU-da imtahanların gedişini izlədi.

Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası bir neçə gündür ki,  davam edir. İmtahan sessiyasını canlı izləmək, tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədi ilə universitetdə fəaliyyət göstərən ictimai nəzarət qrupunun- İctimai şuranın üzvləri  də fəaliyyətlərinə start verib.İctimai şuranın sədri, Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov başda olmaqla, şura üzvləri universitetin hər iki tədris korpusuna baş çəkərək imtahanların gedişini canlı izləyiblər.

Cəmiyyətlə sıx təmas yaratmaq, universitetdə aparılan təhsil uğurları ilə ictimaiyyəti yaxından tanış etmək məqsədi ilə yaradılan İctima şuranın üzvləri  məramlarına uyğun olaraq imtahan keçirilən auditoriyalara baş çəkiblər.  Tələbələrə  bilik sınağından üzüağ çıxmağı, sessiyanı uğurla başa vurmağı tövsiyə edən   şura üzvləri  imtahan prosesinin  gedişi ilə tanışlıq zamanı  tələbələrin rəylərini də dinləyiblər.

Şura üzvlərinə  imtahanların gedişini İmtahan Müşahidə Mərkəzindən vebkameralarla birbaşa izləmək imkanı yaradılıb,  mərkəzin fəlaiyyəti ilə bağlı sualları cavablandırılıb,  Operativ Qərargahın işi barədə  ətraflı məlumat verilib.

LDU-nun təhsil həyatı,  tədrisin yenilənməsi istiqamətində son illərdə aparılan  əsaslı yenidənqurma işləri ilə yaxından tanışlıq da  şura üzvlərində xoş təəssürat yaradıb.

İmtahanların gedişi və universitetlə əyani tanışlıqdan sonra İctima şuranın üzvləri Lənkəran Dövlət Universitetində gördüklərindən razı qaldıqlarını, imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şəraitin yaradıldığını  əminliklə bildiriblər,   prosesi əyani izləmək üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıq ediblər.

Qeyd edək ki, İctimai şuranın üzvlərinə  imtahanların gedişini sessiya boyunca izləmək imkanı yaradılacaq.

Esmira İsmayılova                                     

LDU-nun mətbuat xidmətinin rəhbəri.

Müstəqil.Az

Share: