İçimdən qəm yuyulur – üzümdə yağış qalır… – Əbülfət MƏDƏTOĞLU

Yağışla söhbət

Şüşəsiz pəncərədən
üzümə yağış yağır…
Damlalar ilk zərbədən –
üzümə naxış salır…
.
Hava sanki suyulur,
bir həlimlik duyulur…
İçimdən qəm yuyulur –
üzümdə yağış qalır…
.
Baxmır fikrə, zəndə də
çəkir hər cür fəndə də!..
Mən adlı bu bəndə də –
Yağışa bağışlanır!

Təkliyin hıçqırtısı…

Dörd divar içində tək, tənha vaxtı
Bəzən öz səsim də üşüdür məni…
Bilirəm, yatmayıb, hələ oyaqdı –
Bi Allah, bir də o eşidir məni!..
.
İçimdə var,-gələ ara verməyən
Xatirələr baxır sükutla mənə…
Özü öz çəkdiyi ahla göynəyən –
Boylanır sonuncu umudla mənə!..
.
Hər an doğma nəfəs, isti br baxış
Ruhumdan süzülən şüa tək keçir…
Sənə varlığımdan, dilimdən alğış –
Bitib tükənməyən dua tək keçir!..
.
Bütün hallarımın ortağı təklik,
Bir də dinlədiyim öz pıçıltımdı…
Məndə bir ümüd var – o da bir ərklik –
Qapın döyülürsə bil, hıçqırtımdı!..

Ağrılı anın istəyi

(“Bir Qadına…” silsiləsindən)
Məsafə önəmli deyil,
Önəmli olan qayğıdı…
Sızlayan ürəyim deyir –
Diqqət ən gözəl sayqıdı!..
.
Yanağa toxunan nəfəs
Ağrının kəndirin kəsər…
Oyanıb, közərər həvəs –
Ruhun da dodağı əsər…
.
Çözülər dilin düyünü,
Sözlər yağış tək ələnər…
Anındaca can evini –
Gül ətirli işıq bələr!
.
Gözün dibində buludu,
Edərək iki damla yaş…
Sinəmə sıxıb umudu –
Gülüm, xoşbəxt olaydım kaş!..

Daşdan çıxan ümüd…

Tarazlığın itiribdi xəyalım
Gah uzağa, gah yaxına üz tutur…
Sir deyil ki, sənə mənim bu halım –
Büdrəsə də, qamətini düz tutur!..
.
Şaxələnib yaddaşımda yol , cığır
Gözə dəymir nə bir gedən, nə bir iz….
Ürəyimdən bircə dənə yol çıxır –
Gedəni də, gələni də ikimiz!..
.
Mənzərəsi bulanlıqdı, tutqundu
Biz yaşayan bu dünyanın lap başdan…
Dəfələrlə sevincimiz udqundu –
Çünki, çıxır ümüdümüz sal daşdan!
.
…Düymələri sökülübdü yaxamın,
Tərslik edən tənhalığın əliylə!..
Sən ay məni, hər anımda yaxanım –
Püşkün düşüb mənim kimi dəliylə!..

Bələnir…

Günü ələmək olmur,
Ələk gündə ələnir!
Dən sünbüldə gözləyir –
Evdə, kündə ələnir!
.
Xəyal dağdı qəlbimə
Var xəyaldan qəlbi, nə?!
Qəm sığmır qəlibinə –
Ürəkdə kündələnir!
.
Hicran bir dərin kaha,
Çıxış girişdən baha!
Hətta çəkdiyim aha _
Soruşmur, gün bələnir!..
.
Ömür adlı viranda
Ömür olur, bir an da!
Ölüm adlı tiran da –
Haq olub , – din bələnir!.
Share: