“Hamı onlara çaça, çaxır aparırdı”

Kulis.az Səbuhi Məmmədlinin Vaxtanq Kikabidzenin baş rolda oynadığı “Mimino” filminin çəkildiyi Pankisi dərəsindəki Omalo kəndindən hazırladığı reportajı (2012-ci il) təqdim edir.

Bu ad bəlkə də çoxlarına heç nə deməyəcək. Amma Gürcüstanın, hər tərəfini dağların, meşələrin, sıldırım qayaların əhatəyə aldığı bu dilbər guşəsini tanıyanlar tanıyır. 90-larda heç də rahat günlər yaşamayıb Omalo. Pankisi dərəsində yerləşdiyindən Çeçenistandan vurub gələn yaraqlıların əsas qışlaq yeri olub buralar. Ətrafda etnik çeçenlər-kistinlər yaşadığından özlərini rahat hiss ediblər, Omaloda. Elə indinin özündə də hərdən bir görürsən ki…

Nə isə…

***

Amma biz Omaloya başqa məqsəd üçün gəlmişik axı? Niyə? Hə, düz 35 il əvvəl bütün SSRİ-yə səs salmış bir filmin iziylə. Elə bir filmin ki təkcə sovet nəslinin yox, ondan sonrakı nəslin də yaddaşında elə bir iz buraxıb ki…adı gələndə ən qaraqabaq adam da qımışır. Bir də həmin filmdəki bu mahnını eşidəndə: “Çito qrito, çito marqalito…”

Xatırladız yəqin. Eyniniz açıldı. Aslan dayının elə danışmağına, filmin, “Mimino”nun qəhrəmanı Valikonun (Vaxtanq Kikabiidze, “Buba”») arxasınca deyinməyinə baxmayın. Film barədə bizimlə söhbət edəndə hərdən onun da dodağı qaçırdı. Elə yanındakı David kişinin də.

***

“Mimino” gürcücə “şahin” deməkdir. Elə 1977-ci ildə Georgi Daneliyanın çəkdiyi bu filmdə də yerli şahindən, vertolyot pilotu Valikodan, onun başına gələnlərdən bəhs edir. Biz geri qayıdarkən, Azərbaycanda öyrəndik ki, sən demə filmin ideyasını Daneliyaya özgəsi yox, bizimki, onun dostu dramaturq Maqsud İbrahimbəyov veribmiş. Bu, başqa söhbətin mövzusudur, əslində.

***

Daneliyanın bu filmi komediya janrındadır təbii. Amma kinonu təhlil etmək fikrində deyilik. Kino, onun qəhrəmanları öz sözlərini deyiblər: keçmiş SSRİ məkanında kinoteatrlara 40 milyondan çox tamaşaçı yığmaqla. Söhbət ondan gedir ki, bir qədər əvvəl Pankisidə olarkən, bu məşhur filmin çəkildiyi kənddə də, Omaloda da olduq. Əslində Omaloda dayanmaq fikrimiz yox idi. Sadəcə yol yoldaşımdan, daha doğrusu bizi Pankisi dərəsində o dağ, bu dağ gəzdirən Şamildən xahiş etdik ki, heç olmasa, bu möhtəşəm filmin çəkildiyi anların şahidləri ilə görüşək, söhbətləşək.

Filmin təbii ki hamısı burda çəkilməyib. Bir çox kadrlar “Mosfilm”də, onun pavilyonlarında lentə alınıb, elə səhnələr var ki, Moskvanın “Rossiya” mehmanxanasında çəkilib. Amma filmin baş qəhrəmanı bu kənddən çıxmış adamdır: elə bu kəndin əsrarəngiz mənzərələri ilə başlayır film.

“Tamara həmin inəyə görə 50 rubl aldı”

– Telavinin çıxacağında, üzü Kvarageiyə tərəf gedəndə sol tərəfdə aerodrom var. Aeroport yox, aerodrom. Elə indinin özündə elə kəndlər var ki, bir azdan ora ancaq vertolyotlar uçacaq. Oktyabrın axırı oldu, maşın getdi işinin dalınca. Buralara nə maşın qalxacaq? Vertolyot olmasa bu camaatın işi çətin olar. Elə indi də kinoda göstəriləndən fərqlənmir. Camaat nə var, Telaviə, Ahmetiyə həmin vertolyotlarla daşıyır. Yox, inək aparmırlar daha. O da bir epizod idi.

Bunu deyib də gülür David dayı. Və ardınca da çox maraqlı açıqlama.

– Kinoda gördüyünüz inək var ha, Valikonun vertolyotuna bərkidilib, o da göyə qaldırıb aparır. Onun sahibəsi Tamara bir-iki il bundan əvvələdək sağ idi. Özü də o inək ağ inək olub. Heç kim inəyini vermirdi Daneliyaya. Deyirdilər, inək göyə qalxsa ürəyi partlayıb ölər (Qəşş edib gülür). Bircə Tamara razılaşdı. O da bilirsiz niyə? Çünki inək qısır idi. Daneliya 50 rubl pul verdi Tamaraya. Onlar da inəyi rənglədilər. Beləcə çəkildi.

Söhbətə Aslan dayı qoşulur:

– Nə 50 rubl? Tamara o inəkdən bilirsən nə pul qazandı sonra. İnək onun əlindən çərlədi öldü. (Hər üçümüz gülürük) Nə qədər adamlar gəlirdi Tiflisdən, ordan-burdan. Həmin inəklə şəkil çəkdirməyə. Heç Buba ilə o qədər şəkil çəkdirmirdilər.

“Mimino”da bir heyvan da var; Valikonun iti Zarbazan. Əslində həmin itin əsil adı Zarbazan deyil, “Çapa”dır.

– Hə, “Çapa”. İndi özünüz fikirləşin, bu dağlarda kim öz itinə “Çapa” adı qoyar ki? Adama gülərlər. “Zarzaban” isə gürcücə “güllə”, “mərmi” mənasını verir. Hətta bir dəfə bizimkilərdən kimsə həmin iti oğurlamışdı. Düz deyirəm. Qabağına nə atırdın qaçırdı ardınca. Çəkiliş zamanı fasilə idi, ya həmin gün çəkiliş yox idi, yadımda deyil. “Çapa” kino çəkənlərin çadırını tərk edib qaçıb gəlmişdi kəndə. Buralar çoban itiylə doludur. O vaxt da, indi də. O isə bəzənmiş qız kimiydi. Moskvadan tapıb gətirmişdilər. Kimsə götürüb aparmışdı evinə ki, itlər toxunmasın. Neçə gündən sonra qaytardılar.

“Frunzek burda ancaq içirdi”

Aslan ayı bir maraqlı əhvalat da danışır. Deyir ki, filmdə erməni sürücü Rubik Xaçikyanın obrazını yaradan Frunzek Mkrtçyanın oynadığı epizodların heç biri Omaloya təsadüf etmir. Amma o da çəkiliş qrupu ilə bir müddət Omaloda olub.

– Çox şən, kefcil adam idi. Nə vaxt görürdün kənd sovetinin maşını ilə ora-bura gedirlər, yeyib-içməyə. Hara gedəcəkdilər ki? Özü də çox yeyirdi və içirdi. Yaxşı da oxumağı vardı. Düzdür, ermənicə oxuyurdu. Amma hiss edirdin ki, oxuya bilir.

“Hamı onlara çaça, çaxır, qoyun aparırdı”

David dayı isə xatırlayır ki, film kinoteatrlara çıxandan xeyli sonra onu buralara gətiriblər.

– Çox sonralar isə “Qiyafilm”in rejissoru (Georgi Daneliyanı nəzərdə tutur), Buba, Frunzek və başqaları Telaviyə gəlmişdilər. Bizim sovxoz direktoru onları Omaloya gətirdi. Camaat buraxmaq istəmirdi. Neçə gün qaldılar. Yadımdadı, həmin günlərdə sovxozda iş-filan dayanmışdı. Hamı əlinə düşəni götürüb onların görüşünə gedirdi. Əlinə düşəni deyəndə ki, qonaqlara yaxşı çaxır, çaça, qoyun aparırdılar. Hamı da xahiş edirdi, yalvarırdı ki, onun gətirdiyi şərabdan içsinlər (Gülür).

Qocalar danışır ki, film kənd klubunda 14 gün, hər gün 5 seans göstərilib. Ahmetidən, Şenakidən, Dağıstandan, Çeçenistandan, Osetiyadan gəlib baxırmışlar.

– Bir dəfə hətta klubda yanğın oldu. Səhnə yandı. Camaat çəmənlikdə mələfə asdı ki, filmə baxsın. Nə bilim, bəlkə də bizim yerləri göstərirdilər. Bizim ruhumuza yaxın idi. Amma əla alınmışdı. Xüsusi ilə o Telavi, Tel-Aviv məsələsi.

– Niyə, “Cito-qrito, cito-marqalito, həmin mahnını da bütün ittifaq oxuyurdu onu – David dayı müdaxilə edir: “O filmdə pis heç nə yox idi. Yadındadı aktyorları az qala qucaqlarında gəzdirirdilər. Bircə o yaramazdan başqa…”

***

Görəsən, hansı yaramazdan söhbət gedir? Məlum oldu ki, saf dağ adamları filmdə Valikonun onun döydüyünü deyib məhkəməyə verən aktyoru kənddə görmək istəmirmişlər. Məsələyə Daneliya müdaxilə edib. Amma həmin aktyor da – Nuqzar Papiaşvili obrazını yaradan Arçil Qomiaşvili kənddə çox qalmayıb. O birilərdən fərqli olaraq, iki gündən sonra Tiflisə qayıdıb.

***

David dayı danışır ki, film kənddə və ümumiyyətlə Ahmeti rayonunda göstərildikdən sonra o qədər populyarlıq qazandı ki, bu ətrafda yaşayan gənclərin hamısı pilot olmaq fikrinə düşdü.

– Hətta vertolyotun açarla bağlandığı yer belə az qala ziyarətgaha çevrilmişdi. Təsəvvür edin, kəndə yad adam, qonaq gələn kimi həmin yerə aparırdılar ki, bəs “Mimino”dakı vertolyot burda dayanırdı, burdan havaya qalxırdı. İndi oranı çoxdan satıblar. Tiflisdən gəlib buralarda o qədər villalar tikiblər ki? Kənd özünə oxşamır. Bir yandan da çeçen müharibəsindən sonra gələn qaçqınlar. Həmin dövr getdi, bir daha gəlməz…

***

Qocalar bir maraqlı fakt da açıqladılar. Deyirlər, bir neçə il qabaq eşidiblər ki, İrəvanda və Tiflisdə “Mimino”nun qəhrəmanlarına abidə qoyulub. Bunlar da yığışıb gediblər yerli bələdiyyə sədrin yanına ki, biz də Mİ-2-yə, filmin qəhrəmanı Valikonun idarə etdiyi vertolyota heykəl qoyaq.

– Bələdiyyə sədri əvvəl güldü. Sonra dedi ki, pul yoxdur. Biz dedik ki, pulu camaatdan yığarıq. Amma camaatda da pul tapılmadı. Hardan olacaqdı ki? Buralarda nə zavod var, nə fabrik. Heç Tbilisi bir yana, Telaviyə ildə bir neçə dəfə gedək, ya getməyək. Hamı pul əvəzinə nə qədər istəsən, çaxır təklif etdi. Çaxırı isə satmağa yer yoxdu. Bir Rusiya idi, ora da çıxış yox. Amma bu ideya hələ qüvvəsindədir ha? Qalib gəlsə, ola bilsin ki, Boryaya məktub yazaq. Onun pulu çoxdur, kömək edər?

– “Nə bilim? Bəlkə də edər” – dedim.

…Boryanın – Bidzina İvanişvilinin qalib gəlməsinə isə iki gün qalmışdı…

Lent.az

Share: