Gülnarə İSRAFİL: -Qara saça, ağ rəng verib süslədim, Ürəyimdə dərd böyüdüb, ev etdim

Gülnarə İSRAFİL: -Qara saça, ağ rəng verib süslədim, Ürəyimdə dərd böyüdüb, ev etdim

Gedən payız gələn ilə eynidir

Bu payızın küləyinə qarışdım,
Yağışı da, küləyi də sərindi.
Bu həyatın yolu, dərdi ayrıdı,
Bu həyatın ələyi də dərindi.

 

Qarsaladı , təndirində bişdi can,
Yağış yağdı, qaysağını qopardı.
İşlərindən başım çıxmır, qardaşım,
Xəstə qaldı, sağlamını apardı.

Aləmində, aləm sirli, gün sirli,
Cəld talenin maymağından yapışdım.
Hamı getdi öz işinin dalınca,
Yerimdəcə saymağıma çalışdım.

Qara saça, ağ rəng verib süslədim,
Ürəyimdə dərd böyüdüb, ev etdim.
Sevinəndə kiçik şeyə sevindim,
Qəmlənəndə qarışqanı div etdim.

Gedən payız gələn ilə eynidir,
Gecələrin gündüzüdü qaranlıq.
Bu həyatın bəlkə, özü bir yuxu?!
Bu həyatın könlü, gözü o yanlıq.

Öldürdülər şairi

                  Eldar Baxışa itihaf

Həyatına neçə çəpər çəkildi,
Yollarına tikan kolu əkildi,
Bu şairin ölüm evi tikildi,
Sağ olanda öldürdülər şairi.

Viran evi, viran ömrü dil açdı,
Hər kəlməsi hər misrası, sirr açdı,
Əzabından daş göyərib gül açdı,
Bağ olanda öldürdülər şairi.

İşıq üçün od başına dolandı,
Yol başına, yurd başına dolandı,
Ömür ipi yaddaşına dolandı,
Dağ olanda öldürdülər şairi.                   

Tökül gözlərimdən

Tökül gözlərimdən yaş əvəzinə

Desinlər yağışın yaz vaxtı gəlib

Ürəyim elə çox yanır ki, bu dəm

Ölümün ömrümə az vaxtı gəlib

 

Qandır nə deyirəm külüm qalmasın

Ölüm yer üzündə ölüm qalmasın

Bürünüm kilimə kilim qalmasın

Ölümün ömrümə toz vaxtı gəlib

 

Yanağım sel tutub selimə minnət

Sənsiz keçib bitən ilimə minnət

Son sözü söyləyən dilimə minnət

Ölümün ömrümə buz vaxtı gəlib.

14.09.24.

 

Sübh mavi gəlinlikdə

 

Sübh mavi gəlinlikdə,

Mənsə ulduzlu axşam.

Əks olur dodağımda

İçimdə əriyən şam.

 

Açılır hər gün yeni

Xəyalıma pəncərə.

Göy qurşağı deyilir,

Arzular doğan yerə.

 

Qanadları bəmbəyaz,

Uçur gedir zamanım.

Qışa doğru yeriyən,

Payız mənim ünvanım.

Dirilim

Külək, sevdiyimi götür geri gəl,

Çəkim ciyərimə, çəkim dirilim.

Əvvəlki ömrümdə xarabalıqdır,

Alım can evimə tikim, dirilim.

 

Öpüb gözlərimin üstünə qoyum,

Ərisin şövqümə, tüstüyə doyum,

Sinəmin üstündə büstünü oyum,

Gözümün nuruna çəkim, dirilim.

 

Günəş, dər gecəmi, çevir gündüzə,

Bərqindən süzülən eşqi çək üzə,

Məni nökər elə, döndər kənizə,

Önündə diz üstə çöküm, dirilim.

 

Göylər, yağışını sevdiyimlə yağ,

Gecəmin üstünü nurlasın çıraq,

Könlümə sevdadan qaynasın bulaq,

Günümü ruhuma əkim, dirilim.

26.08.24

Ey insan!

Sübh çağı hər yan şəfəq,

Ağac əyir başını,

Yaradanın qulutək.

Hətta ilham alıbdır,

Bu dünyanın daşı da.

Mələklər endirərkən,

Göylərdən yağışı da.

Buludlar aram-aram

Səmadan çəkiləndə,

Damla-damla nur yağır,

Dan yeri söküləndə.

Demə hər gün yenidən

Doğulurmuş kainat.

Oyan, ey qafil insan!

Sən yalanlar içində,

Qara üzlü günahın

Yuxusuna qalmısan,

Neçə haqqı çalmısan.

Nə eşqdən xəbərin var,

Nə də ki oyanışdan.

Hər gəlişdə bir sevgi,

Hər gedişdə bir həyat.

Ey insan!

Elə sənin özünsən,

Nurdan doğmuş kainat.

İlahi

 

Mənim bir dənəyimlik ömrüm yoxdur, İlahi,

Ondansa bağrım üstə daş göndər, taxta göndər.

Sən verdiyin şeyləri almadım ki, vaxta var,

Bir işığın vardırsa, qısacıq vaxta göndər.

 

Boş qalan beşiyimin layla səsi çatışmır,

İçimdəki ocağın, su töksəm də yatışmır,

Başımı nəylə qatsam, qarışmır ki, qatışmır,

Beynimi dondurmağa azacıq şaxta göndər.

 

Sil ömrümdən nə olar anam atam nə yazdı,

Mən dərinəm, olanlar ömrüm üçün dayazdı,

Əgər deyirsən ki, Sən, olub bitənlər azdı,

Səsi, nəfəsi də al, nə versən yoxda göndər.

Kiməm

Çox qəribəm, yüküm ağır,

yüklənirəm hər dərdləri.

Hey uduram içimdəki

fırtınalı küləkləri.

Yer içimdə, göy içimdə,

Dünya mənim içimdədi.

Yer kürəsi,

düşücəmin küncündədi.

Bəs, mən kiməm?

Hey qəmginəm.

Uzaq-uzaq arzulara,

sarılıbdır baxışlarım.

Tapammıram sualların cavabını,

bəs, nə qoyum öz adımı?

Dadmamışkən yer üzündə

nemətləri, dadı məndə.

Dağın, daşın, çiçəklərin

rəngi, ətri, adı məndə.

Əzilirəm ayaqların altında mən,

çox qəribəm.

Məkanımı tapammıram,

zamanımı tapammıram,

itirmişəm öz adımı,

öz adımı tapammıram.

Düşüncələr böyüdükcə,

bu dünyaya sığammıram.

 

 

Share: