Draçevi öldürən Anarın atası qəzada öldü

Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevin ölümündə ittiham olunan Xabarovsk vilayət sakini, əslən Azərbaycandan olan Anar Allahverənovun atası yol-nəqliyyat hadisəsi zamanı ölüb.

Report xəbər verir ki, bu barədə çərşənbə günü Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib.

Yerli KİV-də kişini vəkilin yanına gedərkən maşının vuraraq öldürməsi barədə məlumat yayılıb. Zərbə o qədər güclü olub ki, zərərçəkənin ayağını qoparıb. Ölən şəxsin 59 yaşı olub. Bəzi nəşrlərin fərziyyəsinə görə, bu, qəsdən törədilib. Hadisəni törədən şəxs ərazidən qaçmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması” maddəsi üzrə iş açılıb.

Vəkilin sözlərinə görə, hazırda hadisələr arasında bir bağlılığın olub-olmaması araşdırılır. O bildirib ki, ötən il ərzində həqiqətən Anar Allahverənovun atasının ünvanına dəfələrlə təhdidlər daxil olub.

Müstəqil.Az

Share: