“Dəyişmədin, üz bir olub, Bir də gördün “yüz bir” olub!” -İlqar Türkoğlu Adilə Nəzəri belə təbrik etdi

Müstəqil.Az xəbər verir ki,İlqar Türkoğlu bu gün 50 yaşını tamamlayan şair Adilə Nəzəri öz facebook səhifəsində belə təbrik edib:

 

Azərbaycanda elmi və ədəbi fəaliyyəti oxuculara yetərincə tanışdır. On il öncə uzaq, uzaq olduğu qədər də yaxın və doğma İstanbulda bir ədəbiyyat tədbirində rastlaşmışdıq. Sonralar Türkiyədə, Gürcüstanda, Rusiyada keçirilən müxtəlif ədəbi tədbirlərin iştirakçıları olduq. Dostları üçün son dərəcə diqqətli və qayğıkeş olduğu hər kəsə bəllidir. Mərd bir qız olduğu üçün dostlar içində xətri həmişə ucada tutulub. Neçə illərdi, ona “ablam” deyə yox, “abicim”- qardaşım deyə müraciət edirəm. Bir bacı, bir qardaş kimi davranıb, gələn təhlükələrdən qoruyub məni bu illərdə, Adile Nezer. Bu gün “5” yaşı tamam olur. Doğum gününüz qutlu olsun, əziz və dəyərli abicim. Var olun! P.S. Bu şeir də Abinin təbrik qutlaması olsun!
“101” YAŞA!
Çələng tutub may ömrünə,
Yaz ömrünə, yay ömrünə.
Pay düşübdü pay ömrünə,
Yaşın sənin düz “bir” olub.
Bir də gördün “yüz bir” olub!

Həyat elə yarışmadı,
Küsüşmədi, barışmadı.
Ha qaladın, qarışmadı,
Od bir olub, köz bir olub.
Bir də gördün “yüz bir” olub!

Qara zülfə tel yaraşır,
Al yaraşır, gül yaraşır.
İl üstündən il yaraşır,
Naz bir olub, yaz bir olub.
Bir də gördün “yüz bir” olub!

Sözü uca seçib dedin,
Şərab kimi içib dedin.
Ölçüb dedin, biçib dedin,
Dəyişmədin, üz bir olub,
Bir də gördün “yüz bir” olub!

Dostu sına, addan keçir,
Neçə- neçə qatdan keçir.
Türkoğlunu oddan keçir,
Tutduğu yol- iz bir olub.
Bir də gördün “yüz bir” olub!

İlqar Türkoğlu

Share: