“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”də Əkbər Qoşalı

“Cümə günü Əbülfəzqızının 10 sualı ilə”  rubrikasının budəfəki sevimli qonağı  səmimiyyəti ilə qəlbləri isidən, çağdaş Ədəbiyyatımızda öz üslubu ilə seçilən Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət Komitəsinin eksperti, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurası başqanı, Beynəlxalq “Alaş” mükafatı laureatı, şair-publisist Əkbər Qoşalıdır.

 

-Xoş gördük, dəyərli Şairimiz. Əl-ələ tutub cavab alması üçün Sizi səbirsizliklə gözləyən suallarımızı artıq gözlətmək istəmirəm və dərhal “qamətli” bir nömrəli sualımızı görüşünüzə çağırıram.

 

1) “Bəlkə də, bir gələn var,

Gözlərim yol çəkir, yol;

Ölü dillər kimiyəm,

Sözlərim yol çəkir, yol…

 

Göy ulu, yer yağızdı,

Hər dua bir ağızdı;

Bu – qələm, bu – kağızdı,

Özləri qol çəkir, qol”…

(Ə.Qoşalı)

Dəyərli Əkbər bəy, şeir yazarkən, “Kağız və qələmin sehri böyükdür” deyib ruhunuzun pıçıltılarını qələmə söyləyirsiniz, yoxsa, deyəcəksiniz ki, “Əbülfəzqızı, indi zaman dəyişib, düymələri sıxmaqla, müasir texnika ilə yazıram”?

 

-Əbülfəzqızı, söyləşimizin “Bismillah”ını şeirlə başladığınız üçün də, bu sualınız və qarşıdakı suallarınız üçün də öncədən sizə əsənliklər diləyir, gün ağlığı arzulayıram! Bilirsiniz, şeirin hansı texnika, texniki dəstək və ya avadanlıqla yazılması, bəlkə, bir o qədər də önəm daşımır. Axı, biz qələmlə yazmağa alışıq olsaq da, qələmdən öncə lələk olub, lələkdən öncə bir başqa nəsnə olub… üstəlik, hələ “qələm” şərti adı ilə tanıdığımız əşyanın özü çox fərqli formalarda olub, necə deyərlər, inkişaf yolu keçib. Yaradıcı insanlar yazıdan öncə də olub, əlbət; əlbəttə, onlar öz hiss-həyəcanlarını şifahi olaraq bölüşüb və ağız ədəbiyyatı da belə başlayıb hər halda. Hər halda sözdən də, yazıdan da öncə səs olub – sonra sözlər səslərin, başqa sözlə, müəyyən ahəngə, ritmə malik musiqinin müşayiəti ilə dinləyicilərə çatdırılıb. “Oxu!” əmrindən öncə, “Dinlə!” olub, “Düşün!” olub, “Özün özünü dərk et!” mənəvi buyruğu olub, elə deyilmi? Uzun sözün qısası, yazı icad olub, yazanlar, oxuyanlar təsirli dərəcədə çoxalıb, yazmaq-oxumaq yayğınlaşıb ki, artıq İlahi buyruq da, “Oxu!” şəklində təcalla edib. Ancaq bu, digər mənəvi, ilahi buyruqları sıradan çıxarmayıb.

Beləliklə, bilgisayarların icadı, yazı şəklinin yeni forma və texniki məzmun qazanması da digər yazı şəkillərini tam sıradan çıxarmayacaq. Bax, Səmərqəndi, Buaxaranı ziyarətə gedərkən, əski əlifba ilə yazan, başı qaragül papaqlı xətattalara ödəniş edib, adımızı, yaxud istədiklərimizin adını yazdırmırıqmı? Yəqin, 20-30 il öncəki yazı şəkilləri də bir qədər sonra, sanki ekzotikaya çevriləcək, muzey predtmetinə dönüşəcək; ancaq insanlar ona can atacaq, onu unutmayacaq, ona yeni anlamlar yükləyərək yaşadacaq…

Sualınızdan çox uzağa düşmədən, deyim: doğrudur, son illər, əsasən bilgisayr klaviaturasına barmaq vurur, ağ ekrana qara hərflər düzür, o hərflərin ifadə etdiyi sözləri, o sözlərin şəkilləndirdiyi cümlələri, misraları bəndlərə, ağ şeirlərə, aydın hekayələrə daşıyıram; lakin hər dəfə mənə elə gəlir, tam ürəyim istəyən alınmır, enerji itkisi olur… Sanki qara qələm ağ kağıza enincə enerji itkisi çox daha az olurdu…

Nə bilim… Aşıq Veysəl demiş,

“Uzun, incə bir yoldayız,

Gediyoruz gündüz-gecə”…

 

2) “Ər odur həq yoluna baş oynaya,

Döşəkdə ölən yigit murdar bolur”.

(Qazi Bürhanəddin)

Bəs Əkbər bəy qəhrəmanlığı sözlə necə təsvir edir? Qəhrəmanlığı ilə seçilənlərin hansı keyfiyyətləri onları qorxaqlardan “qırmızı xət”lə ayırır?

 

-Siz Qazi Bürhanəddindən misal gətirdiniz, mən də ATSIZdan misal çəkim. Nə təvafüqlükdür, ruhu şad ATSIZın adını onun haqqın rəhmətinə qovuşmasının 48 ildönümü günündə anmış oluruq… –

“Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də yıldızlar kimi parlayıb, sönməməkdir.

Ölməzliyi düşünmək boşuna bir əməkdir;

Qəhrəmanlıq: saldırıb, bir daha dönməməkdir”. –

Bax, bu mükəmməl təsvir-təsbit qəhrəmanlığı çox yaxşı açır, mahiyyətini parlaq ifadə edir. Qəhrəmanlıq və qorxaqlığı qarşı-qarşıya qoymaq nə dərəcədə doğrudur, dəqiq bilmirəm; gəlin etiraf edək, qəhrəmanların da özünəxas qorxularının olması çox təbiidir – insanlıq halıdır – örnəyi, anasını, sevgilisini, körpə övladını, nə bilim, borclarını və s. düşünməyi anlayışla qarşılamalıyıq. Həyatdan nakam gedib, gerisində dərdli insanlar buraxacağını düşünmək insana ayıb gətirməz. Ancaq elə bir məqam, elə bir an gəlir, borclardan ən yüksəyi bütün digər borcları üstələyir, dəyərlərdən biri ən önə çıxır və sən özün-özünü ötürsən, qorxularını yenirsən. Bu məqam bizim Dövlət himnimizdə gözəl əks olunub:

“Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”!

İnsan bu dünyaya Tanrının verdiyi çox geniş hüquqlarla gəlir: yemək, yatmaq, gülmək, baxmaq, görmək, gül dərmək, qoxlamaq, danışmaq, yerimək, oxumaq, dost-qardaş olmaq, sevmək, sevilmək… və s. kimi… Dövlət Himnimizdə də, o vurğulanır ki, görün Vətən eşqi, torpaqlarını qorumaq hüququ necə böyük hadisədir ki, əsgər Tanrının verdiyi doğal hüquqlardan, bütün o gözəlliklərdən könüllü keçir… Əsgərlikdə, özəlliklə də, öncəbhədə istədiyin hüquqları dövriyyəyə daxil edə bilmirsən, əlbəttə. Elə hüquqlar var, onlar düşmənlə üz-üzə duran əsgərə xeyir yox, ziyan gətirər. Orada bir hüququ düşünürsən – Vətən hüququnu! Bu hüquq Vətənə xidmət görəvini hüquqlaşdırır, qutlayır və yalnız hüququndan keçən əsgər qəhrəman ola bilir!

 

3) “Gəl quş qonan budağıq,

İlk iz düşən yolağıq;

Sabahlardan sorağıq,

Sən mənsən, mən sənəm, gəl”…

(Ə.Qoşalı)

Əkbər bəy, gəlin bir anlıq rəssam olun. Sevgini mücərrəd isim olsa da, konkret ismə çevirib hansı rənglə və nəyə bənzədərək çəkərdiniz?

 

– Bilmirəm, bir anlıq rəssam olmaq mümkündürmü…

Rəhmətlik Mikayıl Müşfiq:

“Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy, onun nazını mən özüm çəkim”

deyərkən, rəssamlığı anlıq imkan kimi, yoxsa, insan taleyi olaraqmı götürüb, bilmirəm. Əgər fərz eləsək ki, istedadın, yaradıcılıq yetənəyinin mayası eynidir, bir qaynaqdan gəlir, o zaman, bir anlıq rəssamlıq damarımız tutarsa, onu bəlkə ağ-qara çəkərdim… Çün “Ayrılıq da sevdaya daxil… Çünki ayrılmağın da vəhşi bir dadı var” – Atilla İlhan belə yazırdı…

 

4) “Zərrəcə tamahım yoxdur bu dünyanın varına,

Ruzimi verən Xudadır, qula minnət eyləməm”.

(Nəsimi)

Əkbər bəy, heç olub ki, “tamahına əsir düşənlərə” şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?

 

-Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız? Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.

 

5) “Bu – əl, bu – göz, daha nə?

Qalan hər şey bəhanə…

Günəş özü göylərdə,

Nuru, nuru yerdədi.

Eşqdi göyə qaldırır,

Qanada inandır…

Sevgisizlər inanmır,

Odu, budu… yerdədi”…

(Ə.Qoşalı)

Əkbər bəy, ola bilməzmi ki, sevgisizlər dünənin ən güclü aşiqləri olmuş olsun?.. Bəlkə onların sevgisiz yaşayan “ölü” olmalarına səbəbkarlar, sevgi dolu qəlbləri “acımadan donduran buz adamlar”dır…

 

-Bu da ilginc bir təsbitdir – bir gənc yazarımızın qənaəti kimi diqqtəlayiqdir. Məncə, sevda, sevgi, eşq buzlaşa bilməz – o yandırar-yaxar – ya qarşısındakını ya da sahibini… Atəşdən köynək geyinmişlərin könlü buza dönə bilməz deyə düşünürəm. Elə bilirəm, sevgi və ağıl ayrı-ayrı kateqoriyalardır. Sevgisizlik isə həyatdan  nəsibini almamışlara aiddir – həm sevgi, həm ağıl baxımından. Bəlkə də, bu, necə deyərlər, üçüncü haldır. Belə olunca, daha çox, utancaqlıq gəlir ağla – bax, o da, münasibətlər sistemində özünü doğrultmamış, nə qarşıdakına, nə utananın özünə xeyir gətirməmiş bir haldır, davranışdır.

Sevgi konkret bir insana – sevgiliyə qarşı deyilsə belə, yenə sevgi vardır, əlbəttə; əlbəttə, kimsə onu büruzə verər, kimsə büruzə verə bilməz; yaxud hal əhli gərəkdir, onu duysun, onun könlündən keçənləri oxuya bilsin…

 

6) “Sözünü yaxşı bişirgil,

Yaxşı us ilə düşürgil,

Yaramazını şaşırgil,

Canına оlur dağ bir söz”.

(Xətai)

Əkbər bəy, sözün gücü nə ilə ölçülə bilər?

 

-Şah şair babamız elə həmin o “Bir söz” şeirində gərəyalısında bu suala cavab verib:

“Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı,

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz”. – Bax, buradan belə bir sonuca vara bilərik: Sözün gücü onun kəsərində, adamına, zamanına görə və uhulət-suhulətlə deyilməsindədir. – Yəni, necə deyərlər – hər adamın öz sözü, hər sözün öz adamı var; yaxud hər sözün öz zamanı, hər zamanın öz sözü var…

 

7) Əkbər bəy, olubmu, öz şeirinizi bir müddətdən sonra oxuyarkən “Əhsən sənə, Əkbər Qoşalı” söyləmisiniz?

 

– Əgər bir suala cavab verməmə haqqım varsa, qoy o sual bu sual olsun.

 

8) “Uca dağ”, “Xəfif meh”, “Yaşıl”, “Xəyal”, “Əbədi”… – Əkbər bəy, bu sözlərdən istifadə edərək bizlərə poetik tüllü, zərif bir cümlə bəxş etmənizi istəsək, xahişimizi yerinə yetirərsinizmi? Böyük həvəslə o cümləni  gözləyirik.

 

-Olmağına olar, o sözlərdən toxunmuş cümlə olar, hətta bir bənd şeir də olar)… ancaq bu bir qədər texniki həll olacaq yəqin.)

Buyurun:

Uca dağ başına teyləndi xəyal,

Xəfif meh sanaraq ötürdü dağlar…

Yaşıl vadilərdə saralan yarpaq,

“Əbədi can” yoxdur deyibən ağlar…

 

9) “Deyir, söz ölməyir, deyir səs ölmür.

Bəs öləndən sonra nə üçün gəlmir?

Gəlməyinə gəlir e,

eşidilməyir,

yoxsa keçəmməyir kəfəni səslər”?! (Ə.Qoşalı)

Əkbər bəy, qəlbinizdə hansı söz ustadları iz salıb?

 

-Qəlbin, könlün sevgisi var, yaddaşı və ağlı yoxdur. Yaddaş hər halda qəlb hadisəsi, yaxud qəlbin funksiyası deyil. Hərçənd dilimiz belə öyrəşib – “könlümdə qaldı”, “qəlbimdən silə bilmirəm” deyirik.

Yaddaşımda ustadlardan çox söz qalıb.

Zövqümü oxşayan söz yiyələri,

haq söz deyənlər,

millilikdə bəşərilik, bəşərilikdə millik təcalla etdirməyi bacaranlar,

yaxud biləvasitə tanış olduğum, yol yoldaşı olduğum ustadların

sözü – hər biri öz qatında, öz doğmalığında yaddaşıma yazılıb.

Yəni, söhbət sözdən yox, sözlərdən gedir. O sözlər məqamında, yerində və göyündə özünü haraya yetirir və görürsən, o söz öz dəmində alternativlərin ən yaxşısı kimi çıxış edir… Elə bayaqdan bir neçəsini yad etmişik – Nəsimidən, Qazi Bürhanəddindən, Xətaidən, Aşıq Veysəldən, Müşfiqdən, Əhməd Cavaddan, Atilla İlhandan… Ruhlarına alqış!

 

10) Əkbər bəy, “Qılınc və qələm” eyni gücdədirmi, yoxsa qələm daha güclü?

Bəlkə, qılınc və qələmin gücü vəhdətdə daha güclü?

 

-Sufi təlimindən çıxış etsək, “Vəhdəti-vücud” deyəlim. Asif Atanın belə bir sözü var, “Türk ata minəndə Koroğlulaşırdı, atdan düşəndə Füzuliləşirdi”… Yaxud Asif Atanın başqa sözünü xatırlayaq: “Azərbaycan Türkün beyni və ürəyi, Türkiyə qolu və kürəyi”dir deyirdi. Yenə “vəhdəti-vücud” ifadəsi ilə qarşılaşrıq. Ona görə, sualınızın cavabı özündədir, sizin qənaətiniz doğrudur – qılınc və qələmin gücü vəhdətdədir. Yəqin bu vəhdətin təcallasıydı, Qazi Bürhanəddinin, Xətainin, Sultan Süleymanın qılınc tutan əlləri qələm də tutur, şeir də yazırdı… Yəqin o təcallanın günümüz üçün də keçərli olmasının ifadəsidir, şair Nizami Aydını şəhid şairimiz olaraq anırıq… Neçə şəhidimizin əlyazmasını tutiyə bilirik… Torpağımızı bütövləşdirən, bizləri “vəhdəti-vücud”a qovuşduranların ruhu şad olsun!

 

-Dəyərli şairimiz, qəlbinin sadəliyi ilə hər kəs tərəfindən sevilən Əkbər bəy,  gərgin iş rejiminiz, vaxt məhdudiyyətiniz olsa da, bizlərə ömrünüzdən  pay ayırdığınız üçün Sizə təşəkkür edirik və ənənəvi sualımız- ən çox hansı sualımızı bəyəndiniz?

-Günün ağ olsun, Əbülfəzqızı! Hər biri gözəldi. İlla ən gözəli deyibən birini seçiriksə, qoy elə əlyetərdəki 10-cu sual olsun…

 

“Ədəbiyyat və incəsənət”

(15.12.2023)

Share: