Can verir bir yataqda Qadınlığın həyası..

Kimsəsiz boş oteldə
Küçə qadınlığının
Döşəmədə çırpınan
Ayaq taqqıltısıyla
Güllələnir qorxular.

Sevgisiz yataqlarda
Öldürülür duyğular.
Çılpaq qorxunc kölgələr
Divarlarda titrəyir…
Gözdən qaçan yuxular
Kirpiklərdən büdrəyir.


Bu gecə boyanır
Dodaqlardakı
Qırmızının
Ən bakirsiz rənginə…


Sevgisiz bir qadının
Sıxılan ovucların
Dırnağı cırmaqlayır.


Bir gecənin boşluğun
Ən mənasız baxışlar
Qırpım-qırpım
varaqlayır…


Solub saçda hənası
Can verir bir yataqda
Qadınlığın həyası…

…Nəfəsimə dar gəlir
Bu gecənin havası…
Qoy ölsün, açılmasın-
Zülmətin boğazına
Sıxaq gözdən zəhəri…


İstəmirəm…gəlməsin
Bu gecənin səhəri…

Ülfət ZİYFƏTQIZI

Share: