Bunu nə dövlət dəstəkləyir, nə xalq

Kulis.az Aqşin Yeniseyin yazısını təqdim edir.

İngilis realist yazıçı Çarlz Snou yaşadığımız dünyada iki tip kültür növü ayırd edir: Bəşəri kültür və elmi kültür. Bəşəri kültür dedikdə dini, ədəbi-fəlsəfi irsi, elmi kültür dedikdə modern elmi irsi əsas götürən iki düşüncə formasını nəzərdə tutur. Snou iddia edir ki, XIX əsrə qədər burjuanı bəşəri kültür formalaşdırırdı, XIX əsrdən sonra isə elmi kültür öz burjuasını formalaşdırmağa başladı. XIX əsrin burjuası bu günün həm maddi, həm mənəvi yoxsullarıdır.

Bu gün hər kəsi düşündürən bir sual var: İnsanımız niyə öz mədəniyyətinin qaçağına çevrilib?

Bəşəri kültür daha çox dini, metafizik elementlərlə zəngin mədəniyyəti əhatə edir. Bu, Dekarta qədər davam edən Orta əsrlər dövrünün mədəniyyətidir.

Dekartdan sonra elmi ixtiralar Avropada bəşəri kültürü sıxışdırdı. Çünki insanlıq əsrlərdir anasını ağladan vəbanı tanrının deyil, elmin gücünə yenə bilmişdi. Beləliklə, Avropada bəşəri kültürün yerini elmi kültür tutdu.

Bu gün isə texnoloji kültür dövrünün astanasındayıq. Bu gün geri qalmış xalqlar vaxtilə elmi kültür çağına keçə bilməyən xalqlardır, yəni elmi elitasını yarada bilməyən xalqlar. Elmi kültürə sahib olmadıqları üçün texnoloji çağa da keçə bilməyəcəklər.

Biz də o xalqlardan biriyik. Nə elmi kültürə sahibik, nə də texnoloji kültür haqqında düşünürük. Çünki bunun üçün heç bir əxlaqi, intellektual potensialımız yoxdur. Ona görə bəşəri kültürün quyruğundan bərk-bərk yapışmışıq. Çünki biz kostyum geyinmiş Orta əsr xalqıyıq, düşüncəmiz Orta əsr düşüncəsi olduğuna görə dilimiz də, mədəniyyətimiz də bu düşüncəni ifadə etməyə məhkumdur.

Bəşəri kültürün quyruğu əlimizdən çıxsa, yerdə heç nə qalmayacaq. Biz bir xalq olaraq məhv olacağıq. Ona görə yeniliyə nifrət edirik. Hətta dilimizi yeniləsək belə, bu, kosmetik dəyişiklik olacaq. Biz mədəniyyətimizin, dilimizin geyimini, zahirini yox, məzmununu, batinini dəyişməyə cəhd etməliyik. Buna cəhd edənləri isə nə dövlət dəstəkləyir, nə xalq.

Mədəniyyətimiz bəşəri kültür düşkünü olduğundan indiki Z nəsli üçün maraqsızdır. Z nəsli üçün bəşəri kültürün dəyərləri əyləncə obyekti ola bilər ən yaxşı halda. Onlar ruhən də, zehnən də inkişaf etmiş xalqların övladlarıdır.

Orta əsr düşüncəsinin, yəni bəşəri düşüncənin daşıyıcısı olan gənclərimiz üçünsə ölkədə kifayət qədər münbit şərait var. Düş həyətə, bircə dəfə “Düldül”ün adını çək, gör başına nə qədər gənc yığışacaq.

Bu, milli kontekst. İndi qlobal kontekstə baxaq.

XIX əsrin sonunda bəşəri kültürü arxivləşdirərək Qərbdə baş qaldıran sənaye inqilabı Osmanlı imperiyasının parçalanması, Osmanlı kültürünün muzeylərə həbs olunması ilə öz adını tarixə yazdı və XX əsrin sonunda informasiya texnologiyalarının inkişafı yeni bir reallığın – Qloballaşmanın qaçılmaz olduğunu müjdələdi. Bu, klassik kapitalizmdən fərqli olaraq yeni reallıq idi; sərvətlətin yenidən bölünməsi yox, sərvətlərin bir əldə cəmlənməsi.

Qlobal kapitalizmin ilk qurbanı isə başqa bir imperiya, keçmiş SSRİ və onun sovet mədəniyyəti oldu. SSRİ-nin parçalanmasından sonra dünya daha böyük canfəşanlıqla qloballaşma işinə girişdi. Qloballaşmanın özüylə gətirə biləcəyi beynəlxalq xaosun qarşısını almaq üçün yeni dünya düzəni yaratmağa ehtiyac yarandı. Bu düzənin adını Qərb kapitalizmi tezbazar “Birqütblü dünya” qoydu, yəni dünyanın bir mərkəzdən idarə olunması.

Dünyanın digər mərkəzlərində isə eynən hər kəs bu suallara cavab axtarırdı: “Qloballaşma nədir? Qərbləşməmi? Bəs qərbləşmə nədir? Qərbi öz içində əritməkmi, yoxsa özünü Qərb dəyərlərinin ağuşuna atmaqmı?” Hələ sənaye inqilabı zamanı Qərbin bir parçası olan almanlar da klassik kapitalizmin beşiyi olan İngiltərə və Fransanının inkişaf etmiş texnologiyaları qarşısında bir “Qərb” qorxusu içindəydilər.

Sənaye inqilabı gözləmədiyi halda Avropada faşizmlə üzləşdiyi kimi, sovetizmi rahat aşan Qloballaşmanın da ilk dirəndiyi, müqavimətlə rastlaşdığı yer, SSRİ-dən fərqli olaraq, təbii ideologiyaların qaynadığı islam dünyası oldu. Avropaya məsafəcə ən yaxın, sərvətləri bol, texnoloji cəhətdən heç sənaye dövrünə belə qədəm qoymamış, siyasi düşüncə və praktika cəhətdən feodalizmi aşmamış, hərbi potensialı daxili sabitliyi qorumağa güclə çatan, kosmik təfəkkürə ancaq ibadət vaxtı ehtiyac hiss edən islam dünyası.

Bu əliyalın dünyanı qlobal müdaxilələrdən ancaq bir fenomen qoruya bilərdi; DİN və onun insan həyatını silaha çevirə bilən cazibədar xurafatı.

Qloballaşma Şərqdə kommunizmi öldürdü, İslamı oyatdı.

“Qloballaşan dünya” müsəlmandan nə tələb edirdi? Sərvətlərini Qərb şirkətlərinəmi bağışlasın? Keçmişinimi unutsun? Bəs qazancı nə olacaq? Anlamadığı, anlayanda isə qəbul edə bilmədiyi Qərb demokratiyasımı? Ərazilərinidə yaranacaq yeni etnik muxtariyyatlaramı göz yumsun? Xalqın öz qanı ilə yazdığı tarixin, artıq irsi ötürüləcək qədər filizləşmiş mədəni ənənələrinimi güzəştə getsin?

Əslində, müsəlmanın beynində bu sualları yaradan Qərbin elmi, texnoloji kültürün subkulturaları ilə sailahlanıb onun bəşəri kültürünün üstünə gəlməsidir.

Bu gün elmi, texnoloji kültür artıq bəşəri kültürün coğrafi ərazilərini deyil, mədəni ərazilərini dağıdır. Ən qorxulusu da odur ki, bəşəri kültürün öz içində belə Z nəsli deyilən texnoloji kültürün daşıyıcısı olan bir nəsil yetişib. Bu nəslin maraq dairəsi birmənalı olaraq öz ölkəsinin hüdudlarından kənardadır. Yəni Orta əsr dəyərləri ilə silahlanmış müsəlman elita iki cəbhədə döyüşməyə məhkumdur. O həm öz içindəki “ögey övladlarını” zərərsizləşdirməlidir, həm də kənardan gələn subkulturalara qarşı dirənməlidir. Əlində isə Orta əsr dini, mistik dəyərlərindən başqa heç nə yoxdur.

Din və milliyyətçilik! Halbuki elmi və texnoloji kültürü mənimsəyən gənclər üçün bu iki ideologiyanın çürük qoz qədər dəyəri yoxdur.

Çünki elmi və texnoloji kültür köhnə dəyərləri yenidən mənalandırır, saf-çürük edir, onların doqmatik zirehini dağıdır, gənclərin onlara əllə toxunmasına imkan tanıyır. Bəşəri kültürün elementləri Z nəsli üçün artıq gözünə gün eynəyi çəkə biləcəkləri Mono Lizadır. Bu nəsil yalnız əylənmək istədikdə bəşəri kültürü yada salır.

Azərbaycanda mədəniyyətin cazibədarlığının olmamasının səbəbi onu yaşayan ölülərin təmsil etməsidir. Buna görə ölkədə iki növ gənclik formalaşıb: ölülər məkanına axışan bəşəri kültür təmsilçiləri və ölülər məkanından qaçan texnoloji kültür təmsilçiləri. Onları birləşdirə biləcək ortaq dəyərlər isə get-gedə əriyir.

Nə qədər ki, Azərbaycanda mədəni narrativlər yenidən mənalandırılmağa, saf-çürük edilməyə açıq elan olunmayacaq, bu böhran daha da dərinləşəcək.

Çünki mədəniyyətə maraq azaldıqca cəhalətə maraq artacaq. Bu, dəfələrlə təsdiq olunmuş tarixi təcrübədir. İnsanların suallarına yeni cavablar verilmədikdə onlar köhnə cavablarla kifayətlənməli olurlar.

Azərbaycan mədəniyyətinin isə bu gün nə yeni sualı var, nə yeni cavabı. Bir növ, dəvə dəlləklik edir, köhnə hamam içində.

qaynarinfo

Share: