Antisanitar şəraitdə 300 kq-a yaxın ət və süd məhsullarının daşınması aşkarlanıb

Antisanitar şəraitdə 300 kiloqrama yaxın ət və süd məhsullarının daşınması aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində agentliyin müfəttişləri tərəfindən Səbail Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilən reyd zamanı fiziki şəxs Həsənov Əli Tahir oğluna məxsus 90-LH-732 dövlət qeydiyyat nişanlı, “Opel Zafira” markalı avtomobilin salon və yük hissəsində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə əməl olunmadan, antisanitar şəraitdə müvafiq baytarlıq sənədləri olmayan ümumi çəkisi 300 kiloqrama yaxın ət və süd məhsullarının daşınmasının həyata keçirildiyi aşkarlanıb.

Daşınma zamanı temperatur rejiminə riayət olunmadığı, eyni zamanda avtomobilin salon hissəsində ət və süd məhsullarının yanaşı və müxtəlif təyinatlı təsərrüfat torbalarına yığıldığı müşahidə edilib. Ekspertizasının aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Məhsullar saxlanca verilib və dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Share: