Bu, serial deyil, biabırçılıqdır – Uğursuz “Atabəylər” serialı

“Atabəylər” serialı

Kulis.az Rəvan Cavidin “24 kadr” adlı yazısını təqdim edir.

AzTV-də yayımlanacaq “Atabəylər” serialının tizerinə baxandan sonra bir daha başa düşdüm ki, bizim serial və film sektorumuzun iddiaları potensiallarından böyükdür. Ona görə də bütün “böyük” ekran işləri qarışıq tullantılar atılan zibil qabına oxşayır.

Mən bu işləri daha sərt təşbehlərlə ifadə edib görülən əməyi alçaltmaq istəmirəm. Bütün hallarda adamlar pul ayırır (?), komanda yığır (?) və ekran işi hazırlayır(?). İndi AZTV-dəkilər də “qonşudan qalma dala” prinsipi ilə bizim tarixi və əbədi qardaşımız, qonşumuz (mənim hazırda evim) Türkiyənin “partladan”, bum effekti yaradan tarixi seriallarına baxıb “bizdə də olsun” fikri ilə serial çəkiblər. Daha doğrusu, serial hələ hazır deyil, belə baxıram ki, yalnız tizeri çəkiblər.

Əgər, həqiqətən, serialın bircə bölümü də çəkilməyibsə, layihənin rəhbər heyətinə bir balaca qardaş kimi məsləhət verirəm: Etməyin! Özünüzü, bizi biabır etməyin. Ən əsas, bizim gəncliyi kor etməyin. Lap əsas, dünyaya bizim tarixi bu formada tanıtmayın (əgər tanıda bilsəniz).

Birincisi, az qala dünya ilə həmyaşıd olan Azərbaycan tarixindən niyə Atabəyləri seçiblər, mənə çox maraqlıdır. Tarixin gələcək hansı mərhələsinə təsir edib bu dövlət? Dostu türk, düşməni türk olan bu dövlət Turan iddiasının harasında dayanır? Niyə, məsələn, Sacilər yox, Səfəvilər yox, Şirvanşahlar yox, xanlıqlar dövrü yox, Atabəylər?

İkincisi, tarixi serial çəkən bir ssenari qrupunun rəhbəri postuna hansı məntiqlə Varisi təyin ediblər? Papsa, on yeddi yaşlı uşaqların oxuduğu və ciddi bir uğuru olmayan, tarixi savadı ilə pablik tanınmayan bir ortabab yazıçı Atabəylər tarixini necə ssenariləşdirir? “Bütöv Azərbaycan” ifadəsi ilə? Yaxşı yadıma düşdü, AzTV bismillah eləməmiş tizerdəki ifadələrə, geyimlərə, döyüş səhnələrinə baxıb adamın gülməyi gəlir. Bu qədər də qeyri-peşəkarlıq, bu qədər də düşüklük olmaz, vallah.

Yarınmağa yer axtaran adamlar niyə tarixdən sui-istifadə edir və niyə ölkənin birinci kanalı buna şərait yaradır? Əslində, hamısı cavabını bildiyimiz suallardır. Di gəl, yada salıram.

Üçüncüsü, kopyaladığımız Türkiyənin tarixi serial bazarında cəmi iki serial dünya şöhrəti qazandı: “Muhteşem yüz yıl” və “Diriliş: Ertoğrul”. Reytinqlərdən şirnikən türklər başladılar “Payitaht Abdülhamid”i, “Muhteşem yüz yıl: Kösem”i, “Kuruluş Osman”ı, “Uyanış: Büyük Selçuklu”nu və bu kimi digərlərini çəkməyə. Çoxu da reytinq qazanmadığı üçün vaxtından əvvəl final etdi.

İndi bizimkilər də belə seriallar çəkmək eşqinə düşüb. Çox əla təşəbbüsdür. Tariximizi ekranlaşdırıb dünyaya çıxarmaqdan gözəl ölkəmizi nə tanıda bilər?! Tariximizin dövrləri haqqında bədii serial çəkilməsinin tərəfdarıyam. Amma belə yox da. Bu, serial deyil, bu özünü biabır eləməkdir. Niyə bir nəfər tarixçi bu ssenarist yığınını qoyub qabağına ağıl verməyib? Niyə deməyib ki, ay bala, o vaxt belə söhbətlər yox idi, heç belə geyimdə ordumuz da olmayıb, heç, heç belə geyimdə düşmənlərimiz də. Bu geyim səlib yürüşçülərinin geyimidir, vallah, xronoloji səhv eləyirsiniz. Niyə bir nəfər Varisə başa salmayıb ki, sənin işin sevgidən-zaddan kitab yazıb ildə bir-iki dəfə kostyum geyinib efirə çıxmaqdır, tarix ciddi məsələdir.

Tarixi serial dedim, yadıma tarixi kinolarımız düşmədi. Çünki belə işlərə imza ata bilməmişik. Daha doğrusu, ciddi tarixi kino çəkə bilməmişik. Yaxın tarixdə dünyanın danışdığı, hələ də dünya siyasətinin bəzi bucaqlarını narahat edən zəfərimiz haqqında da bir iş ərsəyə gətirə bilmədik. Yaxın günlərdə baxdığım “Həyat, deyəsən, gözəldir” filminin imzası ciddi olsa da, özü qeyri-ciddi bir işdir. Yaşayan ən böyük, ən usta və Azərbaycan kino tarixinin orijinal rejissoru Vaqif Mustafayev ürəkbulandıran bir istadadsızlıq nümayiş etdi. Qarabağ zəfəri haqqında oxunan və populyarlaşan meyxanalardan, on altı yaşlı məktəblilərinin gic-gic zarafatlarından, “Komedixana” yumorundan seçilməyən bir film Mədəniyyət Nazirliyinin səviyyəsini, əlhəmdulillah, yenə bizlərə bəs qədər aşkar elədi. Mən əminəm ki, Vaqif müəllimin beynindəki film bu deyil. Onun yazdığı ssenari bu qədər bambılı, kreativlikdən uzaq ola bilməz. Və Mədəniyyət Nazirliyi bu filmi hansı ağılla dünya premyerasına çıxarmaq istəyir, onu da anlaya bilmirəm. Heç bu filmdə müsbət nişanələr axtaran dostlarımı da. Həmin dostlara da sual vermək istəyirəm ki, belə bir filmi necə Vaqif Mustafayev imzasına layiq görürsünüz?

Filmə baxıb ağır bir ah, sonra siqaret çəkdim və beynimdən birdəfəlik baxdığım sonsuz düşüklüyü silib atmaq istədim. Mən bu filmi unutmaq istədikcə film haqqında xəbərlər gözümü yağır eləyir. Vaqif müəllimin köhnə filmlərinə baxıb təskinlik tapsam da, olmur. Niyə bizim yaradıcı adamlar qocaldıqca belə olurlar. Deyəcəm, qocalmasınlar, deyəcəksiniz nə bədniyyət adamsan. Deyəcəm, qocalandan sonra əllərinə qələm, kamera almasınlar, deyəcəksiniz, nə paxıl adamsan. Amma reallıq budur ki, o boyda nəhəng yazıçımız İsa Muğanna qocalığın yaradıcılığa necə əcaib təsir etdiyini bizə sübut edib…

Sosial Müdafiə Fondunun dəstəyi ilə çəkilmiş Saida Haqverdiyevanın hər iki Qarabağ müharibəsinin motivləri əsasında çəkdiyi (nə qədər sənədli film təsiri bağışlasa da) “Köhnə çamadanlar” filmi Vaqif Mustafayevin Mədəniyyət Nazirliyi tərəfindən ayırılmış büdcə ilə min cəhdə çəkdiyi “Həyat, deyəsən, gözəldir” filmindən on dəfə daha yaxşıdır. “Köhnə çamadanların” da en qədər nöqsanları var, bu başqa bir yazıya qalsın, amma, hər halda, müharibəni göstərə bilib.

Ümid edirəm ki, ölkənin film və serial çəkmək potensialında olan qurumları, adamları, sənətçiləri bir gün tariximizin və Qarabağ mövzusunun ciddiliyini dərk edəcəklər .

Share: