“Biz yazıçını yaşatmağı öyrənməliyik…”

Adətən insanlar yaşadığı hər ili üç yüz altmış beş günə bölürlər. Və “Qriqori təqvimi” adlandırdıqları bu sıralamada hər kəsin öz günü olur- dünyaya gəldiyi gün. Kimisi onu ad günü, kimisi doğum günü, kimisi də anadan olduğu gün adlandırıb, bacardığı kimi qeyd edir. Amma bu da bir həqiqətdir ki, Yer kürəsinin digər yerlərində ilin uzunluğunu bir başqa cür hesablayanlar da az deyillər.

Nə isə, bu gün sizə Qriqori təqvimi ilə 1968-ci ilin avqust ayının 3-də, Xaçmaz rayonunun Dədəli kəndində dünyaya gələn Azər Həsrətdən danışmaq istəyirəm. Doğrudur, onu bir şəxsiyyət kimi siyasi mövqeyinə görə qınayanlar da var, haqlı olduğunu söyləyənlər də. Fəqət, mən söhbətlərimin qəhrəmanları barəsində sevə-sevə danışmağa alışdığım üçün, onun da ən gözəl xüsusiyyətlərini dilə gətirməyə çalışacam. Axı bu dəfə Azər Həsrətin 55 yaşı tamam olur…
Deyir ki;- “Əslində mən oxuduğum kitabların yetişdirdiyi bir insanam. Bu gün ictimai-siyasi həyatda, jurnalistikada, hardasa bir rolum varsa, bütün bunlar əlbəttə ki, oxuduğum kitablara görədir. Maksim Qorki demiş, məndə formalaşan yaxşı cəhətlərə görə kitaba borcluyam. Mən sadə bir kəndli ailəsində dünyaya göz açmışam. Orda qayda belə idi: dürüst, vicdanlı, əqidəli olacaqsan. Ancaq hesab edirəm ki, xarakter və şəxsiyyəti formalaşdıran kitablardır. Mənə nələr təsir edib? Məsələn, mən heç vaxt yalan danışmıram. Buna təsir edən oxuduğum dastanlar və nağıllardır. “Koroğlu”, “Dədə-Qorqud” və digərləri bura daxildir. Bunları mən uşaq vaxtlarından oxumuşam. Bizim zamanımızda hind filmləri modda idi. O filmlərdə də həmişə ədalət və dürüstlük qalib gəlirdi. Bizim kənddə klub yox idi. Kimin həyəti geniş idisə, ora gətirirdilər filmi, biz də baxırdıq.”
Azər Həsrət orta təhsilini doğma kənddə başa vurduqdan sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. 1986-1988-ci illərdə hərbi xidmətini keçib. Azərbaycana qayıdandan sonra texnikumda təhsilini davam etdirməklə bərabər Bakı Məişət Maşınları Təcrübə Zavodunda fəhlə kimi işləlib. 1991-ci ildə texnikumu bitirdikdən sonra doğma kəndinə qayıdıb, bir il Xaçmazdakı “Vəlvələçay” Kooperativində çalışıb. 1992-1997-ci illərdə BDU-nun Kitabxanaçılıq fakültəsində oxuyub və oranı qırmızı diplomla bitirib. 1995-ci ilin fevral ayından etibarən ilk yazılarını “Vətən ocağı” qəzetində çap etdirib. Universiteti bitirdikdən sonra “Xəbər Servis” İnformasiya Agentliyində siyasi məsələlər üzrə xüsusi müxbir kimi jurnalist fəaliyyətinə başlayıb. Bundan sonra isə o, bir müddət “Olaylar” İnformasiya Agentliyində Prezident Aparatı və Milli Məclisdən sorumlu müxbir kimi işləyib. Yeddi il “Azadlıq” qəzetində müxbir kimi fəaliyyət göstərib. Elə həmin vaxtlarda paralel olaraq ingilisdilli “Baku Today” İnternet qəzetində müxbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) ingilis və rus dillərindəki İnternet xəbər saytında redaktor işləyib və bu fəaliyyətini indiyə qədər davam etdirir. 2008-ci ilin aprel ayından isə o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda informasiya meneceri vəzifəsində çalışır. 2003-cü ildən “Cümhuriyyət” və “Bizim yol” qəzetlərində köşə yazıları ilə çıxış edir.
Yeri gəlmişkən, Azər Həsrət 1998–2000-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyaraq, həmin illərdə institutda kiçik elmi işçi kimi də işləyib. 2006–2008-ci illərdə o, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi və Azərbaycan İnternet Forumunun dövlət qurumlarının İnternet resurslarının monitoringi üzrə eksperti vəzifəsini də icra edib. Azərbaycan Mətbuat Şurasının və İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvüdür. 2015-ci ildə “Əməkdar jurnalist” fəxri adına, 2018-ci ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalına layiq görülüb…
“Dövlət ümumiyyətlə barışdırıcı və bağışlayıcı olmalıdır. Həm də dövlət günahının sərtliyindən aslı olmayaraq hər bir vətəndaşa yumşaq davranmalıdır. Vətəndaşı səhf edibsə də onu düzəltməyə şans verilməlidir. Azərbaycan bu cür hümanizmə söykənən dövlətdir. Prezident İlham Əliyevin dövründə dəfələrlə əfv sərəncamları və amnistiyalar olub. 10 minlərlə insan həbsdən azad edilib və ya cəzasının yüngülləşdirilməsi ilə mükafatlandırılıb. Özlərini jurnalist kimi təqdim edənlərin jurnalist olmadıqlarını biz bilirik. Bu gün Azərbaycanda ən sərt yazan radikal jurnalistlər var. Niyə onlar həbs edilmir. Məsələn Hacı Zamin və mən. İstənilən məmur haqqında sərt yazılarım olub. Hətta mənim haqqımda Mətbuat Şuasına zənglər də edilib. Adamlar o yazıların silinməsini istəyir. Yəni etik tənqid yazan heç kim həbs edilmir. Amma təhqir yazan cəzalandırılır. Jurnalistika hər şeydən əvvəl etika, tərbiyə və əxlaq vacibdir. Bu normaları qorumayanları jurnalist adlandırmaq olmaz. Təhqir olanda dövlət ortaya girir. Təhqir olunanın hüquqlarını qoruyur. Bir neçə nəfər var, həmin insanların jurnalist və siyasətçi olmasını bu günə kimi müəyyən edə bilməmişik. Həbsdədirlər. Həbsə düşən kimi iddia edirlər ki, biz jurnalistik. Həbsdən əvvəl iddia edirdilər ki, siyasətçiyik. Jurnalistika ilə siyasət eyni yerə sığmır. Elə insanlar var ki, partiya rəhbərliyindədirlər. Amma iddia edirlər ki, jurnalistəm. Məsələni kökündən həll etmək üçün istəyirik ki, həmin insanlar əfv edilsin. Azadlığa çıxandan sonar onlara izah edək ki, jurnalistikadan sui istifadənin sərhədi harada bitir. Jurnalistika yarlığını üzərlərindən götürsünlər. Yeni Azərbaycan qəzeti var. Bu YAP-ın rəsmi qəzetidir. Heç kim bu qəzetə irad tuta bilməz ki, sən niyə siyasi təbliğat aparırsan. Azadlıq qəzeti isə deyir ki, müstəqil ictimai-siyasi qəzetdir. Amma bir nəfərin təbliğatını aparır. O oxucularını aldadır. Məndə “Azadlıq”da uzun müddət işləmişəm. Elçibəyin vaxtında Azadlıq qəzeti AXC-nin orqanı idi. Elçibəy 1995-ci ildə qəzeti yarım azad etdi. Həmtəsisçiliyi redaksiyaya verdi. 1998-ci ildə Azadlıq qəzeti müstəqil ictimai-siyasi qəzet oldu. Bu o deməkdir ki, bu qəzet hər tərəfə bərabər münasibət bəsləməli idi. Amma belə olmadı.”- söyləyir.
Maraqlı mülahizələri çoxdur. 1989-cu ildən siyasətdə olduğu üçün demək olar ki, Azərbaycan siyasətinə dərindən bələddir. Kimin harada xəyanət etdiyini, kimin haraya işlədiyini, kimin səmimi olub-olmadığını yaxşı bilir. Dediyinə görə, ingilis, rus və türk dillərində mükəmməl səviyyədə danışmağı bacarır. İki romanın, iki hekayənin, bədii ədəbiyyatla bağlı bir çox publisistik yazıların müəllifidir…
Deyir ki;- “Oxucu nəsə tələb etdiyi yazıçının gedib kitabını da almalıdır. Məsələn, mən bunu eləyirəm. Ancaq bizim oxucu pul verib kitab almağa əli gəlmir. Bu bir qırağa, yazıçının yaxasından yapışır ki, sən niyə filan şeyə münasibət bildirmədin. Anlamaq istəmir ki, bu yazıçıdır, onun işi yazmaqdan ibarətdir. Oxucu da onun qabağına siyasi tələblər qoyur. Bu anormallıqdır. Biz yazıçını yaşatmağı öyrənməliyik.”
Bəli, bu söhbətimdə əməkdar jurnalist, hüquq müdafiəçisi Azər Həsrətin haqqında öyrəndiklərimi sizinlə bölüşməyə çalışdım. Bir qələm adamı kimi dəyərini isə əlahəzrət Zaman verəcək…
Onu 55 yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı, uğurlar arzulayıram…
Elman Eldaroğlu
Share: