Biz cəmiyyət qanunlarının, fəlsəfəsinin nə olduğunu bilmirik -Aqşin YENİSEY

“Hər hansı bir ölkədə qiymət və maaş artımı düzmütənasiblik qanunu ilə tənzimlənir. Qiymətlər qalxırsa, bu, maaşlara da müsbət mənada təsir edir.”
Bu sözləri tanınmış şair, hazırda Türkiyədə yaşayan və ədəbi fəaliyyətlə məşğul olan Aqşin Yenisey Müstəqil.Az-ın Tarif Şurasının son qiymət artımı ilə bağlı sorumuna cavab olaraq bildirib:

“Məsələn, Türkiyədə dollar bahalaşdıqca, kiçik məbləğdə də olsa, maaşlar da artır və vətəndaş bu bahalaşmanı öz həyatında nisbətən az hiss edir. Azərbaycanda, adətən, bazarın bu cür tələb və təklif prosesi sabit maaşlar üzərində həyata keçirilir və narazılıq yaradır.
Nəzərə alsaq ki, ABŞ Suriyada planları pozulduğu üçün sərhəd olduğumuz üç ölkədən Rusiya, İran və Türkiyədən bunun qisasını iqtisadi sanksiyalarla almağa çalışır, yaxın illərdə vəziyyətimiz o qədər də yaxşı görünmür. Belə qarışıq vəziyyətdə qiymət artımı cəmiyyətdə stress və depressiyaların yaranmasına gətirir ki, bu da təbiidir.
Türkiyədə də eyni vəziyyət baş verir. Bazar artıq idarəolunmaz hala gəlib. Axşam bir qiymətə aldığın məhsulu səhər yuxudan durub başqa bir qiymətə alırsan. Hətta ölkənin öz istehsal etdiyi suyun qiyməti belə qalxıb.
Məncə, bu üç qonşu ölkədə vəziyyət sabitləşənə qədər cəmiyyətdə eyforiya yaradacaq qərarlardan qaçmaq lazımdır. Azərbaycan cəmiyyəti yeni qurulur. Bizi bu vaxta qədər ruslar əhali kimi saxlayıblar, biz cəmiyyətin, cəmiyyət qanunlarının, fəlsəfəsinin nə olduğunu bilmirik. Bizim cəmiyyətin hələ uğrunda yaşamaq istədiyi dəyərlər formalaşmayıb, biz hələ dövlətin əlinə baxan sovet vətəndaşlarıyıq. Bu əl özünü hələ ki, geri çəkməməlidir. Rəqabət mühiti yaranana, insanların taleyi öz zəhmətlərində asılı olana qədər bu ələ ehtiyac var. Cibitox insanlar özlərini kasıb-kusublara bu qədər nümayiş etdirməməlidir. Əks halda, xalq və milli burjua arasında bütün körpülər yanacaq. Bir də bütüün Azərbaycan 1970-ci illər İran tarixini mütləq oxumalı və dərs çıxarmalıdır.
Müstəqil.Az

Share: