Görürdüm
Vərəq-vərəq ötürdükcə günləri
Səadəti yavaş-yavaş görürdüm.
Toplanırdı zərrə-zərrə hərədə
Məhəbbəti yavaş – yavaş görürdüm.
.
Qanadlandı küləklərin belində,
Ətirləndi çiçəklərin gülündə.
Közərirdi ürəyimin külündə
Şeiriyyatı yavaş – yavaş görürdüm.
.
Tanrı görüb qələmimin ləlini
Öyrədirdi Süleymanın dilini.
Hərdən mənə uzatdıqca əlini
Səxavəti yavaş-yavaş görürdüm.
.
Çağlar olub incimişəm lələkdən
Söz yerinə çox gətirib mələk dən.
Dostlarımın açdıqları ürəkdən
Sədaqəti yavaş-yavaş görürdüm.
.
Əbəs yerə ağartmadım saçımı
Sərib yudum göz yaşımla suçumu.
Fikirlərim doğrayırdı içimi
Cinayəti yavaş-yavaş görürdüm.
Vətəndi
Kiriyib qəlbimdə neçə dağ mənim
Hansını dindirsən çoxu vətəndi.
Vətən yer oğludu, vətən göy oğlu
Dünyanın fırlanan oxu vətəndi.
.
Göydən dən-dən olub səpələnib qış,
Vətəndən düzəldib xaraba bayquş.
Baharı gün doğub, payızı yağış
Torpağı iyləsən qoxu vətəndi.
.
Min dağ ətəyindən keçər min dərə
Göylər baş endirər əyilib yerə.
Təbrizi Araza, Dərbəndi Kürə
Göyçəni Xəzərə toxu, vətəndi.
.
Hər yandan bir günəş doğan içində,
Zülmü, köləliyi boğan içində,
İblisi, şeytanı yıxan içində
Qürbətdə gördüyün yuxu vətəndi.
.
Göstərib torpağa məhəbbətini
Qazandı igidlər hürriyyətini.
Şəhidin sonuncu vəsiyyətini
Üstündə duatək oxu, vətəndi.





















