Yazıçı-publisist Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ədəbi mühitin tanınmış simaları, ziyalılar və oxucular iştirak ediblər.
Tədbiri aparan Pərvanə xanım çıxış edərək müəllifin yeni kitabı haqqında məlumat verib. O bildirib ki, “Göyün cazibə qüvvəsi” kitabında Bahəddin Həzinin müxtəlif mövzuları əhatə edən esseləri toplanıb və bu yazılar müəllifin həyat, insan, cəmiyyət və ədəbiyyata dair düşüncələrini əks etdirir.

Daha sonra söz tədbir iştirakçılarına verilib. Çıxış edənlər kitab haqqında fikirlərini bölüşərək müəllifin yaradıcılığını yüksək qiymətləndirib, əsərin müasir Azərbaycan esse janrına dəyərli töhfə olduğunu vurğulayıblar.
Kitabın ön sözünün müəllifi, tanınmış yazıçı Seyran Səxavət çıxışında sözün qüdrətindən, onun insan həyatındakı cazibə qüvvəsindən danışdı. O vurğuladı ki, ədəbi mühitin nümayəndələrini birləşdirən əsas dəyər məhz söz və kitaba olan sevgidir. Yazıçının fikrincə, bacardığımız qədər kitabla təmasda olmalı, mütaliəni həyatımızın ayrılmaz hissəsinə çevirməliyik. “Sözün və kitabın bizdən inciməsinə yol verməməliyik”, – deyə o qeyd etdi.
Tədbirin təşkilində xüsusi əməyi olan şair Qulu Ağsəs də çıxış edərək kitabın, sözün və ədəbi mühitin cəmiyyətin mənəvi inkişafındakı rolundan bəhs etdi. O, belə görüşlərin yazıçı ilə oxucu arasında mənəvi körpü yaratdığını və ədəbi mühitin daha da canlanmasına xidmət etdiyini bildirdi.

Daha sonra çıxış edən müəllif Bahəddin Həzi ədəbi mühitdəki dostlarını və tədbir iştirakçılarını salamlayaraq hər kəsə təşəkkürünü ifadə etdi. O qeyd etdi ki, bu cür görüşlər ədəbiyyata, kitaba və bütövlükdə ədəbi mühitə marağın artmasına, sözə olan sevginin daha da möhkəmlənməsinə xidmət edir.

Tədbirdə çıxış edən Qulu Məhərrəmli, Etibar müəllim, Mahir Quliyev, Etibar Cəbrayıloğlu, jurnalistlər və digər iştirakçılar Bahəddin Həzinin yaradıcılığından söz açaraq, onun qələmindən çıxan yazıların dərin məna yükü daşıdığını, müəllifin fəlsəfi düşüncələri və aforizmə çevrilən ifadələri ilə oxucuların rəğbətini qazandığını vurğuladılar. Onlar yeni nəşrin müəllifin yaradıcılığında mühüm yer tutduğunu və oxucular tərəfindən maraqla qarşılanacağını bildirdilər.
Sonda müəllifin imzası ilə kitablar oxuculara təqdim edilib.
Səadət Sultan
Yazıçı-publisist



















