-Bəs eşq özü nədir? -Adam tələsi!.. – Nübar Eldarqızı

 

ADAM TƏLƏSİ

Bu oğlan dəlidir,-bir qız dəlisi!
-Divanə bir qız var,
eşqə düşübdür…
-Bəs eşq özü nədir?
-Adam tələsi!..

Bu sevgi yaşanan yaz,-çoxdan olub…
-Bu,-qoca qarıdır,qız,-çoxdan ölüb…
Dipdiri bir eşqə heykəl qoyulub,
Üstündə ağlayan illər ölüsü…

-Hər kəs öz yağında qovrulub gedir,
Dirilik suyumuz sovrulub gedir,
Hamı bu həyatdan qovulub gedir,-
“Məmatı”*yaşayır gözü dolusu…

Orda bir ev vardı,uçulub,-ölüb…
Vaxtı çatan-çatan seçilib,ölüb…
Adam var gözümdə kiçilib,ölüb,-
Ölümün də beləsi…

-Başı dik saxlamaq ağıl istəyir!
Düz sözü söyləmək oğul istəyir!
3 alma EŞQinə nağıl istəyir
Millətin köləsi!
-EŞQ-adam tələsi!

*Həyat-məmat
***
UNUDULMUŞ GÜNDƏLİK

Köhnə əşyalar saxlanan damı təmizlərkən

Sapsarı qəzetlərin arasından

unudulmuş bir gündəlik tapıldı…

-Bu gündəlik letargiya yuxusundaymış,

Ayılıb,

bomba kimi düşdü həyatımıza.

Yaşlı ürəklərin qapısı zərblə açıldı.

Gözəlim saraylar uçdu…

O saraydakı adamlar

səpələnmişdi dünyanın hər yerinə.

-Biri Sibirə,

biri Saxara çölünə,

biri lap dərinə,

o dünyaya getmişdi…

O adamların ortaq nöqtəsi

bu gündəlikdi.

Hər şey elə dağıldı ki,

tavan altında heç nə qalmadı.

-Ən salamatı,

Yazanın ürəyi idi;

…Ölərkən,

orqanlarını bağışlamışdı…
***
ÜMİDSİZLİK

Ən pis şeylərə də alışır insan.
Təslim olmamaqçın
Dirənir,çapalayır, çalışır insan.
-İsinəcək ocaq gəzir,
Tutunacaq budaq gəzir,
Canını eləyir nəzir,-
Sevdiklərinə…
Ona hamı biganə…
Əl atdığı şeylər sınır,qırılır…
Yorulur…
Qırılmaqdan,yorulmaqdan,
Ürəyindən vurulmaqdan yorulur!..
Daha təpki vermir heç nəyə…
Halsız düşür torpağa…
Yolçular başlayır
Üstündən gəlib keçməyə.
-Hələ ölməmiş,
Hələ gözləri baxa-baxa…

***
HEÇ VAXT GÖRÜŞMƏYƏNƏDƏK

Bu,sonuncu şəklimdi,
Götür,çək başdaşıma.
Yığsan atılan daşları
dağ olar, –
tək-tək daşıma,
Elə dağa basdır məni.
Zirvəsinə yaz adımı.
Belə şanlı ölüm alar
Ağuşuna az adamı.
-Doyunca gəzib getdim;
İmzamı qazıb getdim.
Sağlığına!-
göz yaşımı
süzdüm,içdim,
Dünyadan sızıb getdim…
Qalanlar,salamat qalın,
Heç vaxt görüşməyənədək!

***
TALE VARMIŞ

Anam öləndən sonra
evlənmək istədi atam.
-Neyləsin yazıq adam,
7 il iflic qadını üçün
dua eləmişdi Allaha…
Cavanlardan kim eşitdi,
dedi,nahaq,
Neynir o yaşda kişi evlənməyi?
Ən çox evdəki bacım
üsyan edirdi bu qərara.
Anamın axirətliyi qonşu qadın,
Bir kəlmə demişdi ki,
Kişi arvadsız qala bilməz,-
Bacım az qalmışdı onu
evdən qovub çıxara…
Sonra…
Daha heç kəs qarışmadı…
-Anam nə qədər ki,sağdı,
Ruzidi,oddu,ocağdı,-
Evdə hər şey yolundaydı.
Yaxşı da olmasa,babatdı…
Yaşını bəhanə eləyib iş yeri
atamı işdən çıxartdı,-
Anamdan sonra…
Atam,onsuz az danışandı,
Daha da dinməz oldu,
Süstləşdi…
Arıqladı,
Səhhəti pisləşdi…
Atamızın ən ağır vaxtlarını
ən çox o bacım görmüşdü.
Danışır ki,bir dəfə həyətimizin iti
adamı tanımayıb hürmüşdü…
O zaman mən, qonşu kənddə,
“Sürgündə” yaşayirdım.
Çətin şəraitdə,dar gündə yaşayırdım…
Bir çətən külfət vardı o evdə…
Sevgidən çox nifrət vardı o evdə…
Müharibə,yoxluq,qıtlıq…
Söz-söhbətdən bezirdik…
-Nə qədər uzatsam da “iki addımlıqdan”əlim çatmırdı atam evinə…
Adam ata evinə gedəndə sevinər,
Anasız evdə sevinc nə gəzirdi?!
-Bu gün hamı siyasətdən danışır.
Sizlərdən kim bilir,-ən böyük siyasətçi fələkdi!?
-Bacım illər sonra iki uşaqlı dul kişiyə ərə gedəcəkdi…
***
MARAQ

Yaxşı ki, damcıyla yağır yağışlar,
Yoxsa boğulardıq “duşun” altında.
Bahar gəlir deyə bayram edirik,
Nə çiçəklər qaldı qışın altında…

Varsa, sifətinə tüpürüm, dünya,
-Ah alan,oh! çəkir,nəyin qisası?!
Beş-ona milyardlar, milyarda beş, on…
Beləmi qorunur Yerin balansı?!

Haracan gedəcək bu düzən belə,
Bilənlər söyləsin bilməyənlərə!
-Adamların çoxu maraqdan ölür,
-Ölənlər sirr vermir ölməyənlərə…
***
ÜSYAN

Yer də sənin,
Göy də sənin!-
Yerdən göyə qədər haqlısan,Allah!
-Yerlər zəlzələdən dağılır,
Hər yanda qırğın,
Qan-qada,-
İnsanın almır ağlı,
Niyə səsin çıxmır,
Sən harda saxlısan,Allah?!

***
SONRA

İnsan hər şeyi sonra başa düşür;
Gündə bir iş,
anda bir fikir gəlir başına…
Dəqiqə bir,qol- bir,
Köhnə fikirdən daşınırsan təzə fikrə…
İnsan hər şeyi sonra başa düşür…
-Nərdtaxtada oyun gedir;
Zər atırsan…
Sevdiyın rəfiqənlə qoşa düşür!..
Nə uda bilirsən,nə də tüpürə…
Düşünürsən acı-acı:
-Niyə bizə sevilməkdən öncə
qorxmağı öyrətdilər?
-Yıxılmaqdan,əzilməkdən,
yanmaqdan…
Sonra…göyə baxmağı…
Anamızı-atamızı itirdikdən sonra
Özümüz öyrəndik itirməkdən qorxmağı…
-Dostları bir-bir dişimizə vurduq,
Ya dişimiz qırıldı,ya dostluğumuz…
Təsəlli verir yanımdakı arsız:
-Fikir etmə,vallah keçəcək!
Heç izi-tozu da qalmayacaq.
-Uşaqkən yanmışdın,gör heç yeri bilinir?
Acım üzümdən oxunur…
Sən onu bir də qəlbimə sor!!!
Görənlərin ya yazığı gəlir,
Ya da fağırı…
Hamı eyni şeyi deyir;
Darıxma,keçəcək axırı…
Əlbət,keçəcək!
-Uşaqlığımız keçmədimi?
-Gəncliyimiz keçmədimi?!
-Ömrümüz keçmədimi?!.
***
GECƏ GEDƏNLƏR

Axırda bürünüb yorğunluğuna,
Ən son göründüyü ay işığına,
Ona əl eləyən səhər çağına
duman kimi gedər, –
Gecə gedənlər.
Son dəfə gəzməkçün boş olsun deyə küçə,
Gündüzün bekar adamlarından qaçar,
Tanınmasın deyə özünə qısılıb
paltar asılqanı kimi keçər, –
Gecə gedənlər.
Evdən gedəndə darıxacağı şeylərin ətrini
sinəsinə çəkər.
Otağın hər güncünə tütyə kimi
gözünün yaşından tökər.
Yatağı sığallayıb xəyalını yorğanına bükər,
Balışın altında bir dəftərçə…
Səssizcə,
kirimişcə gedər,-
Gecə gedənlər.
Gördükləri gözündən gəldikcə
gözünü ovar,
Başına düşən peşman səsləri qovar,
Hələ vidalaşacağı o var, bu var…
Son addımı güclə çatar vida yerinə…
Əqrəblər öz oxu ərtafında
fırlana-fırlana qalmış,
Saat səkkizə,doqquza,ona qalmış…
Ən böyük vida ən sona qalmış…
Bəxtilə, taleyilə yola getmədi,
Olmaq istədiyi ola bilmədi…
Qalmaq istəsə də qala bilməzdi…
-Allah sizə rəhmət etsin!
Gecə gedənlər…
***

SÖZ BAZARI

Bu gün söz bazarına getdim.
Bir tərəf qələbəlikdi.
Ucuz söz qalmamışdı;
O cümlədən,pislər belə…
Məsələn :-yaltaq”,”qorxaq”…
“Binamus”, “biqeyrət”,
“Vicdansız”tək sözlər hamsı
alınmışdı.
Bir ucdan alıcı gəlirdi,
Hər zümrədən…
Hara getdim,-
hər yerdə növbə…
Bir söz vardı,
Almaq istəyən ən çox qocalardı:
-“Tövbə!”
“Qəddarlığ”ı alan çox,
“Nankorluğ”u alan “N” qədər!..
Bəzi sözlər vardı ki,
Tələb təklifdən çox geriydi.
“Təmənnasız”,”minnətsiz”…
“Yaxşılıq”da onlardan biriydi…
Burdakı satıcıdan soruşdum:
Sizdə vəziyyət
necədi?
-Kasadlıqdı,-dedi.
-Burda ən ucuz söz “insan”
Ən baha söz,
“Azadlıq”dı…
***
Nazim Hikmətə

Belə-belə işlər,şair…
Mavi gözlüm,
Div ürəklim!
-Sən bir oddun,
Odu suyla söndürdülər…
Sənə suyla elə,
işgəncə verdilər!!!
…Yenə də odun sönmədi…
-Varsın batsın bu dünya,
Kimin nə vecinədi?
-Dünyanın yiyəsi deyilik ki?
Bizi yalançı təsəllilər ovutmur daha…
Nağıl danısmayın,
onsuz da
göydən 3 alma düşmür…
Göydən daş düşür,
Kasıbın başına,
Yiyəsizin başına…
Kimlərsə gəlib şəhidin doğum günündə
boğazdan yuxarı sözlər söyləyir,
Salavat çəkilir
Medallı başdaşına…
Oğul çiynində dünyadan getmək istəyənlər
Möhtac qalır başqasına…

Qazi qızı,
-Ata!-deyib ağlayan qız,
Yaş gözünü
yedi,içdi,bitirdi…
Amma sənə
Deməyəcəm- ağlama!
Çünkü bu gün
Sən tək ata itirmədin,
Həm də Vətən itirdin!..

***
Kəkəmə

Mənə deyiləni yazdım,
Sormadım ki,
– Niyə mən?
İçimdəki məhkəmədən
dava açdım göyə mən.
-Əlimdə-ovcumda heç nə qalmayıb,
Hamısını vermişəm ümidlərimə.
Abunə olmuşam bir ömürlük
Qohum-qardaş öyüdlərinə…
– Çox qəribədi,
Milyardlarla insan yaşayan dünyada…
qərib olmaq…
-Bir də bilirsən qəribə nədi?-
Sən özünü tanımırsan,
Biri,
-Mən sənin ciyərini bilirəm! – deyir.
Halbuki, mən elə ürəkli də deyiləm!
Qorxağın təkiyəm…
İstəyirsən deyim ki, uşaqkən qorxduğum üçün…
Kəkəməyəm?..
Evimizdəkilərin arasında
yeganə od bürcü -məndim!
Dəyirmana ölü atsan, diri çıxar, – deyiləndim!
Amma qorxdum nədənsə…
-Atam sərtdi, bəlkə ondan…
-İtimiz bəddi, bəlkə ondan?..
Soruşmadım: – Nədən mən?!
– Hara deyildi getdim,
Uzağa, yaxına,
Bəzən körüklə getdim yanğına…
Nə iş olsa gördüm,
Oğlan işi, qız işi,
Heç oxşamadım qorxana…
Həm yaxşıydım, həm də pis.
Kimə yaxşı, kimə pis…
Haqsızlığa üsyan,
Sonralar vərdiş edən,
Və qarın-qışın qabağında tir-tir əsən kimsəsiz…
İllər ötdü…
Qələm mənim kimsəm oldu,
Yaz! – dedi.
İçinə atma dərdini,
Ürəyin tutmaz! – dedi.
Əgər Y-ni deyəmmirsən,
Az – de! De!
Əgər S-ni deyəmmirsən,
Öz – de! De!
Amma yaz!
Amma de!
De, de!
Yoxsa o qorxu,
Canından çıxmaz, – dedi…
***
Alma xanım

Yaşı 70-ə çatmış qız idi Alma.
Simləri qırıq-qırıq saz idi Alma.
Camaatın dilində söz idi Alma;
-Anan ölsün,- deyirdilər,-Alma xanım!..
Anası çoxdan ölmüşdü,
-Alma xalası oğlunun üzüyün qaytaranda.
Bacısıyla üz-göz oldu yazıq qadın,
Dərd,qınaqdan öldü getdi…
-Anasından qarğış aldı Alma xanım.
-Səni görüm tək qalasan!
Ömrü boyu yalnız qaldı Alma xanım.
Sevdiyi də vardı, amma,
-Gəlmədilər,almadılar…
Etibarlı oğlan idi,subay öldü yazıq,o da…
Qara, qara qəlbli,qaratikan adamlar,-
“Öldürdülər”,ölmədilər,-
Ki,sevənlər bir gün görsün dünyada…
-Alma xanım,savadlıydı,ziyalıydı,
Abırlıydı,həyalıydı.
Özü haqda çox hörmətlə düşünürdü.
“O!”-deyirdi ürəyində özünə.
Bəzən güzgüdə baxanda
Üzünə,
“Ona”yazığı gəlirdi…
Daha aşiq olmadı “O!!!”
Ev aldı,evində işıq olmadı…
Of!..of!..
Axşamüstü pəncərənin qabağında dayanıb
qollarını qucayardı,-
Qollarının arasına almağa
Bir dənə uşaq olmadı…
Ox!..oxx!..
-Anan ölsün,Alma xanım!
Kim gördüsə Almanı,
-Üzgün gördük,dedilər.
-Deyən gərək,nəyin çatmır?!
-küskün gördük,dedilər.
-Ətrafında bacı-qardaş,qonum-qonşu çoxdu, çox;
Bir-birinə oxşardılar
Adları fərqli idi.
-Oğul-uşaqdan gileyli,
Gün-güzəran da ki,yox…
Hamsı,hamsı dərdli idi.
-Vallah,deyirdilər,sənin,
fikrin-zikrin
bizdən azdı…
Alma xanım fikirləşdi;
“Kaş bir uşaq olaydı!..
“Ondan” sonra,-
miras davası olmazdı…”
***
Xəbərin yoxdur…

Bu otağa günəş düşmür,
Qaranlıq və soyuqdur,-
Səhər burda açılmağı unudub…
Divardan asmışam gəncliyimi;
Məsum-məsum uzaqlara baxır…
Elə gözəldir,bəlkə elə şeirim yoxdur!
Zaman məvhumunu unutduğundandır ki,
Qocalmağı unudub…
Edip Akbayram oxuyur:
-“Səni sevən öldü,zalım,
Xəbərin yoxdur!..”
Bilmirəm,
baxdığın o uzaqlarda nəyi,necə görürsən,-
Baxma!
Gördüyün heç nəyin
zərrə dəyəri yoxdur…
Çünki,-
“Səni sevən öldü,zalım,
Xəbərin yoxdur…”

30.03.22

Nübar Eldarqızı

Share: