55 yaşlı NAZİR…

Ötən əsrin 90-cı illərində Azərbaycanda əsl dərəbəylik idi. Həmin dövrdə cinayətkar ünsürlər fəallaşaraq, qorxunc bir qüvvəyə çevrilmişdilər. İstədikləri adamı öldürür, iş adamlarını, imkanlıları talan edir, adam oğurluğuyla məşğul olur və əhalini qorxu altında saxlayırdılar. Ölkədə reket dəstələri at oynadırdı. Onlar ölkə qanunlarını tanımaq istəmirdilər.

Vəziyyət o yerə gəlib çatmışdı ki, aralarında bəziləri gözəl xanımları “oğurlayıb” namusuna sataşırdılar. Acı olsa da bu bir həqiqətdir. Yaxşı yadımdadır, o vaxt reketlər Sumqayıtda müəssisə rəhbərlərinin başına silah dirəyir, tələblərini həyata keçirtdirirdilər. Avtomobil dayanacaqlarına girib, təzə avtomobilləri götürüb aparırdılar.
Güc strukturlarından çəkinməyən bu adamlar açıq-aşkar özləri ilə silah gəzdirirdilər və şəhərdə tez-tez atışma səsləri gəlirdi. O qədər dərəbəylik hökm sürürdü ki, bəzi iş adamları “cangüdən” adı altında silahlı dəstə saxlayırdı. Necə deyərlər, ölkə başdan ayağa “Xorasan bazarına” dönmüşdü. Azərbaycana yeni hakimiyyətin gəlişi ilə cinayətkar ünsürlər qısa vaxtda zərərsizləşdirilib sıradan çıxarıldı…

“Onu uşaqlıq illərindən tanıyıram. Bir kənddə böyümüşük. Yaxından tanıyanlar bilirlər ki, o, mərd və öz mövqeyi olan bir şəxsdir. İnsanlara münasibətdə həmişə xeyirxah olmağa çalışıb. Bu gün onu sərt bir insan kimi xarakterizə edənlər unudurlar ki, güc strukturunda çalışmaq, ona rəhbərlik etmək insandan ciddi olmağı, cəsarət və sərtlik tələb edir. Bu işdə sərt olmasan ciddi nizam-intizam yaratmaq olmaz.”- bu sözləri özündən üç yaş böyük həmkəndlisi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev söyləyir…

Bəli, söhbət general-polkovnik Vilayət Eyvazovdan gedir. O, 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində dünyaya gəlib. 1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlasa da, sonradan polis akademiyasını fərqlənmə diplomu ilə bitirərək müxtəlif vəzifələrdə çalışıb. 20 iyun 2019-cu ildən Azərbaycan Respublikasının daxili işlər naziridir…

Qüdrət Həsənquliyev sözlərini davam etdirərək, fikrini belə tamamlayır:- “Vilayət Eyvazov nazir təyin olunanda demişdim ki, qanunu pozanlar, yaxud belə niyyətdə olanlar ciddi düşənməli olacaqlar. Bəli, onun sərtliyi cinayətkarlar arasında qorxu yaradır və yaratmalıdır da. Bu gün ölkədə ədalət mühakiməsini öz üzərinə götürən, vətəndaşları, iş adamlarını qorxudub lərzəyə salan, onlardan pul tələb edən, adam oğurlayan, vəzifəli şəxsləri təhdid etməklə bu və ya digər qanunsuzluqlara vadar edən cinayətkar qruplar yoxdursa, bu onun öz vəzifəsinin öhdəsindən gəldiyinin göstəricisidir…”

Doğrudur, daxili işlər orqanlarında da yarıtmaz adamlar var, amma bu o demək deyil ki, bu qurumun işi ümumilikdə yarıtmazdır. Polis kimdir?- o da bizim ailənin bir üzvüdür, insandır. Onun da ana-atası, qardaş-bacısı var. Əgər hər hansı bir polis nəfəri ANAya əl qaldırırsa, demək onun tərbiyəsi qüsurludur və bu cəmiyyətin günahıdır. ANAnı müqəddəs bilən xalq, heç bir halda ona əl qaldırmaz. İstərsə alim olsun, istərsə cinayətkar, istərsə də polis. Bir polis nəfərinin tərbiyəsizliyinə görə bütöv bir strukturun fəaliyyətini şübhə altına almaq olmaz. ABŞ-da yaşayanda fərdi avtomobilimin iki dəfə şüşəsini sındıraraq oğurluq etmişdilər. Polisə müraciət etsəm də heç bir ölçü götürülmədi, şikayətim cavabsız qaldı. Və dünyanın bir nömrəli ölkəsində buna bənzər hadisələr çox olur. Amma bizdə polis öz çevikliyini qoruyub saxlamaqdadır. Məhz polisin böyük zəhməti hesabına sakit, əminaman bir ölkədə yaşayırıq…

Uzun müddət daxili işlər orqanlarında çalışmış, hazırda hüquq müdafiəçisi kimi fəaliyyət göstərən sabiq polis polkovniki Vilayət Eyvazov haqqında söyləyir:- “Tale elə gətirib ki, onu xidmətə başladığı ilk illərdən tanımışam. Daxili İşlər Nazirliyində işlədiyim müddətdə ümumi tanışlığımız olsa da, hüquq müdafiəçisi kimi fəaliyyətə başlayandan sonra onunla daha sıx münasibətdə olmuşam. Xüsusilə o, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator təyin olunandan sonra insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT rəhbəri kimi mütəmadi təmasda olmuşuq. İnsan alveri və məcburi əmək kimi cinayət faktları haqqında göndərdiyim bütün məlumatlara dərhal reaksiyasını hiss etmişəm. Onun dəstəyi ilə yüzlərlə potensial insan alveri qurbanı hesab edilən sənədsiz kompensasiyaların alınmasına, onlar üçün sığınacaqların yaradılmasına nail olunub. DİN-nin bu sahədə fəaliyyət göstərən hər bir QHT-nin üzünə acıq olması da təbii ki, milli koordinator kimi onun fəaliyyəti ilə bağlı olub. Bundan başqa bu sahədə fəaliyyət göstərən QHT-lər arasında məhz onun təşəbbüsü ilə həvəsləndirmə tədbirləri keçirilib. Bir vaxtlar onun dəstəyi ilə Azərbaycanda insan alverinə qarşı mübarizə aylığı, həftəliyi və ya günü kimi xüsusi tədbirlər qeyd olunub. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak edib. Xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə dəstək verib. O, general olandan sonra davamlı olaraq öz üzərində işləyən, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir. Bu bir həqiqətdir ki, son illərdə büdcənin talan olunmasında və diğər korrupsiya olaylarında onun adına rast gəlinməyib. Onun iş üslubuna, təşkilatçılıq qabliyyətinə bələd olan birisi kimi deyirəm ki, Vilayət Eyvazov Avropa təcrübəsini öyrənməklə daxili işlər orqanlarında islahatlar apararaq Azərbaycan polisinin nüfuzunun yüksəlməsinə nail olacaq. Bunun üçün isə hər kəs əlindən gələn köməyi etməlidir.”

Bəli, general polkovnik Vilayət Eyvazov yerində olan nazirlərdəndir. Daxili işlər orqanlarının püxtələşməsində böyük işlər görür. İnanıram ki, onun rəhbərliyi altında Azərbaycan polisinin xidməti fəaliyyəti daha da yüksələcək və “Azərbaycan polisi” deyiləndə, göz önündə dünyanın ən qüsursuz POLİSİ canlanacaq…

İyunun 28-də Vilayət Eyvazovun 55 yaşı tamam olur. Ona möhkəm can sağlığı, uzun ömür, yeni-yeni nailiyyətlər arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Share: