AZƏRİNİN və AZƏRin “Çırpınırdın Qara dəniz”i

Mayın 12-si tarixdə Azərin du fani dünyanı tərk etdiyi gün kimi qalacaq. Bəlkə də Elnur Astanbəyli demiş, FANİ OLDUĞUNDAN BELƏ GÖZƏLDİ, VARIB BU FANİNİ TƏRK ETMƏK OLMUR.

Həmin günün əvvəllər nə anlamı vardı, – bilmirəm. Azər gedişi ilə həmin günə anlam verdi-hüznlü, ağrılı-acılı bir anlam. Amma mən Azərin haqqında heç kimin keçmiş zamanda danışmaq haqqının olmadığının fərqindəyəm.
2014-cü ilin yanvar ayında şair qardaşımız Ehtiram İlham özünün 45 illik yubiley tədbirində məni Azər Xanlaroğlu ilə tanış edəndə bildim ki, mən hələ onunla tanış deyiləmmiş. Bəlkə də bilgisayarın yaddaşında Azərin “Çırpınırdın Qara dəniz”ini saxladığımdan, hər gün dinlədiyimdən tanış olub-olmamağımızın fərqində olmamışam. Elə bilirdim ki, Azər sinəsinə sazı basan gündən ürək-ürəyəyəm. Mənim kimi Azəri sevən yüzlər, minlər var, onların hamısı Azərlə şəxsən tanış olmayıblar ki… Amma onlar da mən sevən kimi sevirlər Azəri…
Azər mənim ruhuma “Çırpınırdın Qara dəniz”ilə hopub. Mən AZƏRİNİN və AZƏRin “Çırpınırdın Qara dəniz”ini RUHUN oyanışı bilirəm. Düşücəmə görə, “Çırpınırdın Qara dəniz”ə Əhməd Cavadın qələmində, AZƏRİNİN səsində və AZƏRin çalğısında üç dəfə həyat verilib, üçü də əbədi… Bəlkə də ona görə ƏBƏDİ HƏYAT VERİLƏNLƏR hamımızındır.
Böyüklər, müqəddəslər əbədiyaşarlıq haqqı olanlardır. Ana qucağından başlanan yol Tanrı dərgahında bitir. Haqqın dərgahına haqqı olanlar gedir. Ölümlə olum arasında bizə tale payı kimi verilən yol elə Haqqın dərgahına üz tutmaq üçündür. Aşıq Xanlar bu yolu 48, Azər isə 33 ilə getdi.
Saz türk dünyasını, türk mənəviyyatını var edən rəmzlərdən biridir, əbədidir… Yana-yana qədimliyimizi, bütövlüyümüzü, milli varlığımızı qorumaqdadır. Saz sinələrin üstündədir, amma dağladığı sınənin altındadır. Şəmkir rayonunun Düyərli kəndində yaşayan şair Qayıb İsmayılovun misraları yada düşür:
Sinələr üstündə möhkəm dayanıb,
Sinələr altını dağlayandı saz. 
Saz kimi Azər də, Aşıq Xanlar da əbədidir. Ruhunda öləri toxumlar olmayanlar bir elin, bir obanın yox, bir millətin xəzinəsindən sayılır. Azər kimi…
Vasif SÜLEYMAN

Share: