Azərbaycanlı alimin edam hökmünün icrası təxirə salındı..Cinayət işi yenidən araşdırılacaq

İranda azərbaycanlı araşdırmaçı-alim, İsveçdə yaşayan Əhmədrza Calali haqda çıxarılan edam hökmünün icrası təxirə salınıb.

Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmə cinayət işini yenidən araşdıracaq.

Belçikada insan haqları müdafiəçisi kimi fəaliyyət göstərən vəkil Zəhir Şihəvinin sözlərinə görə, cinayət işinə gələn ay başqa bir hakim baxacaq.

Vəkil aparılacaq araşdırmadan sonra alim haqda çıxarılan edam hökmünün ləğv olunacağına ümid etdiyini bildirib.

İran rejimi Əhmədrza Calalini iki iranlı nüvə aliminin qətlində və İsrailə casusluqda günahlandırır. Alim isə bütün bu ittihamları rədd edir.

Calali Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən edam cəzasına məhkum edilib. Təbrizli alimin məhkəmə prosesi sentyabrın 24-də hakim Salavatinin sədrliyi ilə keçirilib. Məhkəmənin 2 dəqiqə ərzində yekunlaşdığı deyilir.

Edam hökmü oktyabrın 21-də elan olunub.


 Müstəqil.Az

Share: