Azərbaycanda pensiyalar 35 faiz qaldırılacaq – Nazir detalları AÇIQLADI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Prezident İlham Əliyevin tapşırıqlarının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinə, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə və aparılan islahatlara dair mətbuat konfransı keçirilib.
Müstəqil.az xəbər verir ki, tədbirdə əmək və əhalinin müdafiəsi naziri Sahil Babayev şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ olduğunu və onlara ödənişin verilməsinin uğurla davam etdirildiyini qeyd edib.
Nazir bildirib ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub: “Şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu artıq öyrənib. Vərəsələrin sənədlərinə baxılaraq onlardan artıq 224 şəhid hərbi qulluqçu üzrə 281 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub və onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Gələn həftə daha 300 şəhid vərəsəsinə ödəniş ediləcək. Sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan 469 şəhid hərbi qulluqçu üzrə 471 vərəsəyə də ödənişlər verilib”.
S.Babayev diqqətə çatdırıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib: “İllər öncə şəhid hərbi qulluqçulara görə sığorta ödənişi ilə təmin edildiklərinə görə yenidən birdəfəlik ödəmə almaq hüququna malik olmayanlardan kiçik bir qrupu da var və həmin insanlar indiyədək heç vaxt sığorta ödənişi almadıqları iddiası ilə narazılıq bildirirlər. Bu insanlar nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar. Onlara vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunmaqla, ətraflı izahat işi aparılıb”.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası işləri barədə məlumat verən nazir cari ilin avqust ayında daha 35 mənzilin bu təbəqədən olanlara verildiyini deyib: “bu işlərin davamı kimi ilin sonuna qədər daha 550-dək mənzilin təqdim olunması, ümumilikdə 2018-ci ildə 600-ə yaxın mənzilin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulub”.
Nazir həmçinin deyib ki, 2019-cu ildə 45 500 insanın pensiyası 35 faiz artacaq: “Gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48% artacaq. Pensiya təyinatının avtomatlaşdırılması hər il 67 min pensiya alan şəxsin həyatını yüngülləşdirəcək. Artıq pensiyaların təyin olunması avtomatik qaydada aparılacaq, vətəndaşlarımızın Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə getmələrinə ehtiyac qalmayacaq”.
Share: