“Axar.az” saytının gəncləri: “Vaxtın haradan gəlib-getdiyini bilmirik” – FOTOLAR

Müstəqil.Az Modern.az saytında “Bizimkilər” rubrikasınada Axar.az-ın gənc əməkdaşları ilə söhbətini təqdim edir. Qeyd edək ki, Sayt bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış – “jurnalist ordusu”nu tanıtmağa hesablanıb… Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq…

“Bizimkilər” rubrikasından budəfəki təqdimat “Axar.az”ın redaksiyanda çalışan gənc jurnalistlərdən bəhs edir.

Beləliklə, “Axar.az” saytının gənc əməkdaşları ilə tanış olaq.

8 aydır burada çalışan 21 yaşlı Billurə Yunus BDU-nun  Jurnalistika fakültəsini bitirib. Ali təhsili bitirməyinə günlər qalmış “Axar.az” saytına müraciət edib:

“Sağ olsunlar, geri çevirmədilər. Əvvəllər müxtəlif yerlərdə təcrübə keçsəm də, davamlı fəaliyyət göstərmədiyim üçün “Axar.az”ı ilk iş yerim sayıram. Burada çox şey öyrənmişəm və öyrənirəm, səhvlərim də olur, amma belə-belə öyrənirik. Saytın xarakterinə uyğun xəbər yazmaq, buranın “dili”ni öyrənmək heç də asan olmadı. Çünki çox gec uyğunlaşan biriyəm”.


Billurə deyir ki, işə başlayandan sonra ən böyük çətinliyi günorta yeməyi ilə bağlı olub: “Səhərlər tez durmağa alışmadığım üçün işə ac gəlirdim və vaxtından tez acırdım. Mətbəxə getməyə utanırdım. Hətta bir dəfə o qədər acmışdım ki, saat 12-i olmamış yemək üçün mətbəxə getmişdim. Keçmiş əməkdaşımız Kifayət xanım isə yemək üçün çox tez olduğunu deyəndə utandığımdan qıpqırmızı oldum. Halbuki, çox yeyən biri deyiləm. Sadəcə rejimə öyrəşə bilmirdim”.

Gənc jurnalistin sözlərinə görə, o, ilk aydan bu vaxta qədər daimi əməkhaqqı alıb: “Buna baxmayaraq yenə də maliyyə çətinliyi olur. Çünki pul nə qədər çox olsa da, yetmir ki yetmir. 8 aydır “Axar.az”  kollektivi ilə çox maraqlı, yaddaqalan günlərimiz olub. Bu xatirələr içərisində 187 nömrəli tam orta məktəbin xanım direktorunun məni təhqir etməsi isə hələ ki zirvədədir”.


Nərmin Əkbərli
 də həmkarı kimi 8 aydır, “Axar.az” saytında çalışır: “BDU-nun Jurnalistika fakültəsini bitirmişəm.  Universiteti bitirməyimə bir ay qalmış “Axar.az”ın redaksiyasına gəldim. Təcrübəm demək olar ki, yox idi. Bu sahədə işləməyi təsəvvür etmirdim. “Feysbuk”da təsadüfən “Axar.az”ın işçi axtarması ilə bağlı elan oxudum və redaksiyaya gəldim. Sağ olsun,  Anar müəllim də (saytın baş redaktoru Anar Niftəliyev) bir az sorğu etdi, təcrübəmin olub-olmamasını soruşdu. Jurnalistika fakültəsinin tələbəsi olduğumu biləndə “başqa fakültəni bitirsəydin, geri  göndərəcəkdim. Amma bu sahə üzrə təhsil almısan, ona görə ən azından öyrətməyə məcburuq” dedi. Kömək üçün məni burada çalışan işçilərə tapşırdı. İlkin Həsənov,  Turanə Məmmədli, Aqşin Evrən əvvəlcə xəbərin yazılış formasında, mövzu seçimində  kömək etdilər. Məni təcrübəçi kimi qəbul etsələr də, ilk aylarda yol xərcliyi və yeməkpulu verirdilər. Sonraki aylarda hər ay müəyyən qədər artırdılar”.


Nərmin deyir ki, iş prosesində hələ də çətinliklər olur: “Burada ən çox sevdiyim isə işçilər arasında münasibətdir. Düzdür, nadir hallarda olsa da, xəbər üstündə bir an inciklik olur. Amma kollektiv yenə də  mehriban münasibəti qoruyur. Elə gün olur, vaxtın haradan gəlib-getdiyini bilmirik. Bəxtim gətirib ki, ilk işimdə belə kollektivlə rastlaşmışam. Mənim üçün hər biri dəyərlidir”.


Turanə Məmmədli 
1 ilə yaxındır ki, bu saytda fəaliyyət göstərir. O da həmkarları kimi Jurnalistika fakültəsinin məzunudur:
“Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşam. Orta məktəbi bitirib, elə həmin il – 2011-də  Bakı Slavyan Universitetinə daxil oldum. Əslində heç vaxt jurnalistlik arzum olmayıb. Ailəmin arzusu ilə bu ixtisası seçdim və təsadüf nəticəsində qəbul olundum. Təsadüf ona görə ki, bu ixtisası sonda yazdım və yazmasaydım, yüksək balla kəsiləcəkdim. 3-cü kursdan etibarən işləyirəm. Sayt və televiziya təcrübəm var. 9 ay pulsuz işləmişəm. Əlbəttə, burada işə başlayanda çox çətinliklər olub. “Axar.az”a gələndə həyatımın ən çətin vaxtları idi. Bu sayt mənim ad günü hədiyyəmdi. 23 yaşımda özümə bağışladığım ilk hədiyyəm…”


Turanə həyatında dəyişiklik etməyə söz vermişdi və ilk dəyişikliyi iş oldu: “Anar müəllim bunun üçün mənə imkan yaratdı, arzumu boğmadı, şans verdi. Bura sözün əsl mənasında mənə işdən daha artıqdır, ailəmdir, doğma yerdir. “Axar.az” saytı  mənim ilk iş yerim olmasa da, həyatımda önəmli dəyişiklərə səbəb olan bir yerdi”.

Gənc jurnalist burada çox şey öyrəndiyini deyib: “Səhər tez qalxmağı, daha məsuliyyətli olmağı, tənbəlliyin əsla uğur gətirməyəcəyini… və mən işimi daha çox sevdim. Ağlayaraq xəbər yazdığım olub, nəticəsinə görə sevinc göz yaşlarına boğulduğum da. Ancaq bunu heç vaxt oxuyucuya hiss etdirmək olmaz. Bunu bizə baş redaktorum öyrətdi. Oxucuya əsla  mənfi enerji ötürmək olmaz. Peşəkarlarla bir yerdə işləmək, səni bir cümlənlə anlayan və səhvini silib (çox vaxt görməzlikdən gəlib) sənə düzləri öyrədən redaktorunun olması, sağlam rəqabətin olduğu yerdə mübarizə aparmaq elə sənin uğurundur. Bizə ən böyük dəstək isə Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalqızıdır. Onun himayəsi, qayğısı istər maddi, istər mənəvi həmişə hiss olunur. Hətta Azərbaycan mediasında bir ilkdir ki, bizim sayta təcürübə üçün gələn hər gəncə, Aynur xanımın öz şəxsi təşəbbüsü ilə müəyyən məbləğdə pul ayrılır. (Yemək və yolpulu üçün) İşə qəbul olunmasalar belə. Yəni bu, sırf gənclərə stimul, dəstək üçündür. Bu, artıq ənənə halını alıb. Mən əminəm ki, “Axar.az” saytı hazırda özünə rəqib tanımır. İstənilən mövzuda istənilən KİV-lə “döyüş”ə hazırıq.  Dəqiq, operativ, qərərsiz!”.

Uşaq vaxtından yazmağa, özünü ifadə etməyə marağı olan, BDU Jurnalistika fakültəsinin məzunu Orxan Tağıyev “Axar.az” saytında 8 aydır fəaliyyət göstərir: “Universitet zamanı tələbələrin təşəbbüsü ilə açılan “gazete.az” saytı, daha sonra bir müddət “aim.az” saytında çalışmışam. Hərbi xidmətdən qayıtdıqdan sonra bir ilə yaxın işsiz qaldım, müxtəlif yerlərə CV  atsam da cavab gəlmədi. Sonra sosial şəbəkədə “Axar.az”ın əməkdaş axtardığını gördüm. O zaman baş redaktorumuza yazdım və o da məni tanışlıq üçün dəvət elədi. İlk dəfə “Axar.az”a gəldiyim gündən klaviatura arxasında xəbər yazmağa başladım. Çoxsaylı səhvlərimizi səbrlə düzəldən Anar müəllim yorulmadan bizə səhvlərimizi başa saldı. Tək baş redaktor deyil, bütün işçiləri böyük bir ailənin üzvləri kimi qarşıladı. Həqiqətən hər biri yardım etmək üçün əlindən gələni etdilər”.


Orxan deyir ki, bir çox yerdə təcrübə üçün müraciət edənlərə pul verilməsə də, “Axar.az”da onlara ilk aylarda yolpulu və cibxərcinə bəs edəcək qədər məvacib ayrılıb: “İlk maaşımı alanda evə çox böyük sevinc hissi ilə getmişdim. Daha əvvəl pul qazanmış olsam da, bu, mənim öz peşəmlə qazandığım ilk pullar idi. “Axar.az”da işlədiyim müddətdə ilk vaxtlar rastlaşdığım saytın dil-üslub keyfiyyətlərinə uyğunlaşmamaq, xəbər duyumunun zəifliyi kimi mənfi cəhətləri qismən də olsa, aradan qaldırmışam”.


Firuzə Vahidin 
jurnalist kimi ilk iş yeri  “Axar.az” saytıdır: “16 noyabr 1993-cü ildə Qəbələ rayonunda anadan olmuşam. Ailədə 5 nəfərik. Ağdaş rayon Maqsud Şeyxzadə adına TTH gimnaziyanın məzunuyam. Məktəbdə oxuduğum vaxtdan jurnalist olmağı arzulayırdım, lakin anam, atam bu sahəni qətiyyən sevmirdi. 2011-ci ilin fevral ayında 3-cü ixtisas qrupu üzrə universitetə hazırlaşmağa qərar verdim. Çox az hazırlaşdığım üçün istədiyim balı toplaya bilmədim. Buna görə də Jurnalistikaya balım çatmadı və BDU-nun Kitabxanaçılıq və informasiya fakültəsinin nəşriyyat və redaktə etmə ixtisasına qəbul olundum. Ancaq tələbəlik illərimdə fərqli qəzet və jurnallara məqalə yazıb göndərirdim. Hazırda BDU-da Jurnalistika fakültəsinin magistrantıyam. Tələbəlik illərimdə daha çox həm oxuyub, həm işləmişəm. Bu sayta gəlməyim həqiqətən böyük təsadüfdür. Bundan əvvəl bir çox saytlara CV atsam da, onlardan cavab gəlməmişdi. “Axar.az”ın işçi axtardığını yay semestrinin sonlarında universitetdə tələbə yoldaşlarımdan eşitdim. Artıq tətil üçün rayona getmək qərarını versəm də, son olaraq bura da müraciət etmək barədə düşündüm. Müraciət etdim və təcrübəçi kimi işə başladım”


Firuzə ilk günlər həm kollektivə öyrəşməkdə, həm də bilmədiyi bir işdə çalışdığı üçün çox çətinlik çəkib: “Ancaq sonralar bu kollektiv ən doğmalarım sırasına daxil oldu. İş şəraiti ağır olsa da, demək olar, bunu işdə olarkən hiss etmirik. Sevinirəm ki, ilk iş yerim məhz bu sayt olub. Çünki bu saytda hər kəs öz işinin peşəkarıdır. Bura ilk gəldiyim günü xatırlayanda onlardan çox şey öyrəndiyimi deyə bilərəm. Ümumi olaraq fəaliyyətimə bu sahədə davam etmək istəyirəm. Çünki insan sevdiyi işlə məşğul olanda yorulmur. İyun ayından burada çalışıram. Bizə ilk aydan  qonorar verilib. Təcrübəmin artması qonorarımın məbləğinə də təsir edirdi. Artıq “Axar.az”ın daimi maaş alan işçilərindənəm”.

Firuzə Vahid  “Axar.az”ın  daimi işçisi olacağını düşünməyib: “3 günün sonunda artıq buradan çıxmaq istəyirdim. Amma saytın bir işçisi məni motivasiya edib “narahat olma, düzələcək.  Mən sənə xəbər yazmağı öyrədəcəm” dedi. Daha sonra ilk dəfə qonorar alacağımı eşidəndə təəccüblənmişdim. Çünki bura gələndə Anar müəllimə demişdim ki, sadəcə öyrənmək istəyirəm, həmin vaxt pul mənim üçün o qədər də önəmli deyildi.  “Axar.az”da  qəribə bir doğmalıq var. Kiminsə problemi varsa, başda Anar müəllim olmaqla, hər kəs o problemin həlli ilə maraqlanır”.

Günay Rəsulqızı

Share: