Babəkin cadugərliyi barədə Fransada şok sənədlər üzə çıxdı.

Fransada dərc olunan “Bedi Kartliza” jurnalının 41-42-ci sayında Azərbaycan tarixinə işıq salan sanballı bir tədqiqat əsəri yer alıb. Əsərin müəllifi Strasburq universitetinin professoru İren Melikoffdur. IX əsrin əvvəllərində Azərbaycanda baş vermiş Babək hərəkatını geniş tədqiq etmiş fransız şərqşünas alimi eyni zamanda Azərbaycan xalqının həmin dövrdəki siyasi həyatı, qonşu ölkə və xalqlarla münasibətləri haqda da dəyərli elmi məlumat toplayıb.  Fransız mətbuatında dərc olunmuş belə bir əsərin azərbaycanlı oxucuda ciddi maraq doğuracağını nəzərə alaraq, onun fransızcadan tərcüməsinin bəzi məqamlarını Moderator.az oxucularına təqdim edirik.
“TÜRK-QAFQAZ QEYDLƏRİ: BABƏK XÜRRƏMİ VƏ SEYYİD BATTAL”
IX əsrin birinci yarısında müxtəlif dinlərin yayılmış olduğu Azərbaycan torpağında çox güclü bir hərəkat ”“ Babək Xürrəminin üsyanı baş verdi. Əlçatmaz bir yerdə, özünün Bəzz qalasında möhkəmlənmiş, Azərbaycan və Ermənistan kəndlilərinin dostluğuna arxalanan, Məmun və Mötəsim kimi güclü xəlifələrin qoşunlarını məğlub edən Babək Xürrəmidin dinini təbliğ edirdi…
… Hələ öz dövründə qeyri-adi adam kimi dillərə düşmüş Babək, sonrakı dövrlərdə şər qüvvə ilə ittifaqda olan möcüzəli bir şəxsiyyət kimi qələmə verilib.
Mənbələrdən bizə məlumdur ki, Babək üsyanı və Babəkin Afşin tərəfindən həbs olunmasını nəql edən çoxlu əlyazmalar olub. Ancaq itmiş əlyazmalardan birinin müəllifinin Vakid b. Amar at-Tamaninin adı bizə gəlib çatıb. Onun “Ahbar-i Babək” əsəri İbn an-Nadim və Makdisinin əsərlərinin mövzu mənbəyidir. Həmin əsər tarixi hadisələrdən götürülmüş olmuş əhvalatlardan ibarətdir. “Ahbar-i Babək” əsərinin yazılma tarixi bizə məlum deyil, amma, bir halda ki, Makdisi öz əsərini Babəkin ölümündən yüz iyirmi il sonra, İbn an-Nadim isə Makdisidən iyirmi il sonra yazıb, belə bir fikrə gəlmək olar ki, Vakid öz əsərini Babəkin ölümündən sonrakı yüzillik ərzində tərtib edib. O, Babəki sadə bir ailənin övladı kimi tanıdır. Babəkin uşaq vaxtı və ilk dini fəaliyyət illəri  haqda bəzi məlumata ancaq burada rast gəlmək olur. Əsərdə Babəkin  Şeytanla görüşü və onunla ittifaqa girməsi təsvir olunur. Amma, bizim əfsanələrdə könüllü və bilə-bilə şər qüvvə ilə ittifaqa girmiş doktor Faust və keşiş Teofildən fərqli olaraq Babək aldanaraq şeytanla ittifaqa girmişdi. Şeytan ona müqəddəs mələk şəklində görünmüş və ölənə qədər Babək öz himayədarının əsl sifətinə bələd ola bilməmişdir. Şər qüvvənin lazımi adamları yoldan çıxarmaq üçün məlakə sifətinə girməsi geniş yayılmış bir mövzudur. Lakin əsərdəki əfsanəvi möcüzə onun tarixi əsasını yoxa çıxarmır. Babək dastanı kitabında oxuduğumuz əhvalatlara Makdisi, İbn an-Nadim, Təbəri, Məsudinin hekayətlərində rast gəlirik. Əvvəlki iki mənbədə Babəkin çobanlıq etdiyi uşaqlıq dövründən başlayaraq, vəd olunmuş mükafata uymuş dostu Səhl ibn Sumbatın xəyanət edərək Babəki Afşinə satması, onun zindanda ölümünə qədər bütün əhvalatlar təhlil olunub…
… İbn ən-Nadimin yazdığına görə Babəkin mənsub olduğu dini qrupun adı əvvəlcə Babəkin ustadı Cavidanın adı ilə Xürrəmiyyə Cavidaniyyə adlandırılıb. Cavidan öldükdən və onun ruhu şagirdinə keçdikdən sonra həmin dini qrupa  Xürrəmiyyə – Babəkiyyə adı verilib. Bu dini qrup varlığın ilahiləşməsi və ruhun bədəndən-bədənə keçməsi ideyasını təbliğ edirdi. Bizə belə bir cəhət də məlumdur ki, onların yığıncaqları zamanı şərab içilir, musiqi mühüm rol oynayır, ritual rəqslər ifa edilirdi.
Vakidin yazdığına görə Babəkin 18 yaşı olanda Cavidan onu işə götürür. Çox keçmədən Cavidan öz düşmənləri tərəfindən öldürülür. Onun arvadı isə bildirir ki, ölüm qabağı Cavidan deyibmiş ki, onun ruhu Babəkin bədəninə keçəcək və bundan sonra Xürrəmidinlər qələbələr qazanacaqlar. Beləliklə, Babək dinin başına keçərək, Cavidanın arvadı ilə evləndi. Dağlar başında möhkəm bir qalada məskən salmış Babək ərəf xilafətinin onun üzərinə göndərdiyi bütün qoşunlara sirli, möcüzəli şəkildə qalib gəlirdi.  Bu qalibiyyət iyirmi il davam etdi.
Babəkin az bir dəstə ilə böyük ərəb qoşunlarına qələbə çalmasının sirri haqda mənbələrdə maraqlı məlumatlar yer alır.  Babək dastanının indi təqdim edəcəyimiz təhlili isə Paris milli kitabxanasının əlyazması: 1504-cü ildə üzü köçürülmüş “Qədim Türk fondu – 318”, sonra tamamlanmış və 1609-cu ildə üzü köçürülmüş “Qədim Türk fondu – 339” kimi mənbələr əsasında tərtib edilmişdir.
Seyyid Battal (Afşin) Xəlifə Məmunun ölümü və Mötəsimin taxta çıxması xəbərini alır. Həm də eşidir ki, bir nəfər ərəb xilafətini hədə altına alıb və özünü də peyğəmbər adlandırır. Bu adam Xürrəm Keşiş ləqəbi qazanmış Babəkdir. O möcüzəli bir adamdır: bədəni silah yarası götürmür (dəmir onu kəsmir), özü adamların fikrini oxuya bilir, gələcəyi görür, yer altında gizlədilmiş xəzinələri tapa bilir. Onun sitayiş etdiyi din şərab içməyə, donuz əti yeməyə, yaxın qohumla (ana, bacı) evlənməyə icazə verir. O indiyə qədər məğlubiyyət görməmiş, çoxlu qalalar ələ keçirmiş, Təbriz əyalətini talan etmiş, bütün İranı öz dininə tabe etmiş, Suriya üzərinə iki dəfə hücum çəkmişdir. Bu xəbərdən narahat olmuş Afşin (Seyyid Battal) Babəkin mənşəcə kim olması ilə maraqlanıb və belə cavab alıb:
“Onun atası bir az əliəyrilik edən tacir imiş. Xəlifə onu öz ərazisindən qovmuş, tacir Təbriz yaxınlığındakı bir kəndə köçmüş, burada kənd sahibinin təkgöz xidmətçisi ilə evlənmişdir. Yeddi yaşında atadan yetim qalmış Babək işləməyə başlamış, kəndin sürüsünü otarmışdır. Sonra o təbrizli Memlan ilə tanış olmuş, ondan şərab içmək və başqa hər cür pis adətlər öyrənmişdir. Sonra Babək Memlamı öldürmüş, başına yüzə qədər adam toplamış və qarətçiliyə başlamışdır”.
Bu faktlar Makdisi və İbn an Nadimin əsərlərində də eynidir və Vakidin “Ahbar-i Babək” kitabından götürülüb. Əsərdə daha sonra yazılır:
“Bir gün Babək naməlum bir qocanın ona tərəf gəldiyini görür və onun kim olduğunu soruşur. Qoca cavab verir: “Mən Cəbrayılam, sənə şad bir xəbər verməyə gəlmişəm: sən peyğəmbər olursan və indi mən sənə öz dininin əsas qanunlarını öyrədəcəyəm. Əgər mənə itaət etsən bütün dünyanın hökmranlığı sənin olacaq”. Babək soruşur: ”Mən necə peyğəmbər ola bilərəm axı, peyğəmbərlər möcüzə göstərir, mən ki, bir möcüzə göstərə bilmirəm?” Qoca ona cavab verir: “Səni nə dəmir kəsə biləcək, nə də od yandıracaq. Mən sənə yeraltı xəzinələrin tapılma sirrini öyrədəcəyəm və bunun sayəsində öz ətrafına çoxlu adam toplaya biləcəksən”. Babək şər qüvvəyə inanır, öz tərəfdarlarının sayını artırır və az vaxtda şöhrəti dünyanın hər tərəfinə yayılır. Xəlifə onun yanına Esed-i Kufi adlı bir elçi göndərir. Babək onu öz tərəfinə keçirir və özünə vəzir təyin edir. Xəlifə onun üzərinə Türk Hoqtayın başçılıq etdiyi iyirmi minlik qoşun göndərir. Babək silah götürmədən Hoqtayın qarşısına çıxır və bədənini onun qılınc zərbələri qarşısına verir. Hoqtay və onun iyirmi minlik qoşunu Babəkin “peyğəmbərliyinə” inanır və onun tərəfinə keçir. İndi yüz minlik qoşunla Babək Bağdada tərəf hərəkət edir və Xəlifə qaçır”.
Bu xəbəri eşidən Seyyid Battal (Afşin) öz şəhəri Meliteni tərk edib Bağdada tərəf gedir. O, üsyançı qoşuna hücum edir və təkbaşına yüz adam öldürür. Onda Babək döyüş meydanına girir. Battal görür ki, onun üzərinə ucaboy, gözəl görkəmli bir Kəbr gəlir. Bu adamın qaraşın sifətinə mavi gözləri işıq saçırdı; üzündə xoşagəlməz bir cəhət duyulsa da özü yaraşıqlı və güclü idi. O belə deyir: “Battal, bu günahsızları niyə qırırsan? Mən peyğəmbərəm, niyə haqqın yolundan dönməyə çalışırsan? Mən sənə ölüm yox, yaxşılıq arzulayıram. Əgər mənə inansan Əlinin Məhəmmədin hüzurundakı hörməti qədər hörmətin olar. İndi Məhəmməd dövrü keçib, Xürrəm Keşiş Peyğəmbər adlanan şəxs  mənəm”.
Lakin Battal onun sözlərinə inanmadı, əvvəl qılıncla, sonra isə növbə ilə bütün başqa silahlarla ona hücum etdi. Babəkə heç bir silah təsir etmirdi. Xəlifənin qoşunu gəlib çıxsa da, bir neçə gün vəziyyət dəyişmədi. Əlacsız qalan Seyyid Battal (Afşin) bir tərəfə çəkilib namaz qılaraq dua etməyə başladı. Nəhayət həmin gecə Həzrət Peyğəmbər onun yuxusuna girib bildirdi ki, Şeytanın gözəgörünməz varlığı Babəki salamat saxlayır. Şeytanı qovmaq üçün Battal öz qılıncı üzərinə “Quran”ın bu ayəsini yazmalıdır: “Qüvvət, qüdrət və hakimiyyət Allaha məxsusdur”. Battal bu göstərişə əməl etdi və ertəsi gün Babək adəti üzrə döyüş meydanına çıxanda gördü ki, Cəbrayıl hesab etdiyi adam yanında yoxdur. O sehrkar qüvvəni itirmişdi, döyüşü də uduzdu və qaçmalı oldu. Babək Zenqam əyalətinə gəldi və dağdakı sığınacağına çəkildi. Afşin (Battal) və Xəlifə qoşunu onu mühasirəyə aldılar. Qala alındı və dağıdıldı. Babəkin tərəfdarları dağıdılmışdı, ailəsi isə qalibin əlinə keçdi. Babək qaçmağa üz qoydu. Battal isə onu qovmağa başladı və çatıb onu vurmaq üçün qılıncını qaldıranda bir qoca peyda olub ona dedi: “Bu adama rəhm eləmə, o da Həsənlə Hüseyni öldürənlərdəndir”. Əlinin oğullarının adını eşidəndə Seyyid Battalın gözləri qanlı yaşla doldu. O gözlərini siləndən sonra gördü ki, Babək yoxa çıxıb və başa düşdü ki, onun özü də Şeytanın hiyləsinə aldanıb”…
Oxucuları yormamaq və bildiyiniz məqamları təkrar etməmək üçün məqaləni ixtisarla verdik. Məqalənin tərcüməsinin bütöv mətnini Hamlet Qocanın “Fransızlar yurdum haqqında” kitabından oxuya bilərsiniz.
Mətndən göründüyü kimi fransız alimi Azərbaycanda Babək hərəkatı barədə tədqiqatına çox ciddi yanaşmış, çoxlu tarixi sənədlərə, Şərq və Qərb tarixçilərinin əsərlərinə müraciət etmişdir.
Vətənimizin tarixi, beynəlxalq əlaqələri, keçmişinin və bu gününün mədəni və ictimai həyatı haqda əcnəbi səyyah və alimlərin xatirə, tədqiqat işlərini incələmək çox vacib məsələdir. Uzun illər qapalı ölkədə yaşadığımızdan tarixi hadisələr bizə ancaq bir mənbədən ”“ Rusiyadan və onların istədiyi formada (xristian nöqteyi-nəzərindən) öyrədilirdi. Xalqımız müstəqillik əldə etdikcə tariximizi digər mənbələrdən də öyrənmək zəruridir. Odur ki, bu yazıları  araşdırıb üzə çıxaranlara minnətdar olmalıyıq.
 
Paşa Yaqub

Share: