Atamın saçlarıma çəkmədiyi sığalı görürəm…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən gənc şair, jurnalist Zümrüd Kərimovanın “Atamın zəhmətkeş dilemması” şeirini təqdim edir:

Atamın zəhmətkeş dilemması

(Məni böyütməyə vaxt tapmayıb, daşdan çörək çıxaran Atama)

Bəzəkli meqapolisin əsəbi küləkləri üzümə şillə çəkir
Yummuşam gözlərimi
Göydələnlərin geyindiyi daşlarda
atamın saçlarıma çəkmədiyi sığalı görürəm
Atam daşların arasına yığılan qum dənələrini sıyırıb həyatımın boşluqlarına doldurur-Sığalsızlığıma
Onun sinəsinə sıxıb sınmaqdan qoruyaraq daşıdığı daşları
sinəmə sıxıb qucaqlamaq istəyirəm.
Tozunu kirpiklərimə sürtüb bir daşlıq ağlamaq istəyirəm:
“Siz mənim qardaşlarım… qara daşlarımsınız”
Ata, axı ömrün sarayı kərpicdən hörülürdü
Hardan çıxdı qara daş?!
Qara daş dəbdə deyil axı bu rəngli XXI əsrdə
Bəlkə ömrün sarayları qırmızı kərpicdən yox, yaşıl lələklərdən olsun?
Sənin qabar əllərini sağaldarıq lələklərlə
Bizə yedirdiyin tikələrin kvadratından böyükdür hördüyün daşlar
İndi sənin kublarla bəzədiyin bəyaz mərmərli binaları
saçlarındakı bəyazlara dəyişmək istəyirəm.
Saçının ağının işıq saldığı bu gecələrdə
qaranlıqla döyüşmək istəyirəm…
Ata, indi ömrümün sarayında bütün gəlmədiyin gecələrə
bir şam yandırdım.
Söndürə bildiyin sənindir.

Share: