Allah ondan heç nəyi əsirgəməmişdi…

Allah ondan heç nəyi əsirgəməmişdi…

Kim deyir ki, Allah sevdiklərini dünyadan tez aparır, yalandır. Uzun ömür Allahın sevdiklərinə bəxş etdiyi mükafatdır...

Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir. Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır…
Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır…
Qəribə hekayədir, deyilmi? Bunu, bu günlərdə 93 yaşını qeyd edəcək, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…
Deyirdi ki,- “Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan…”
Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yox idi. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməmişdi- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür…
Bəli, xalq şairi Nəriman Həsənzadə uzun ömür yaşadı. Elə yaşadı ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bildi. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan…
Dünən xəbər yayıldı ki, haqq dünyasına qovuşub. Yeri cənnət olsun!
Dərin hüznlə, Elman Eldaroğlu
Share: