Ad günün mübarək, Azərbaycan Respublikası!

Ad günün mübarək, Azərbaycan Respublikası!

O vaxt Amerika Birləşmiş Ştatlarında yaşayarkən, sənsizliyin acısını dadanda, Sənin necə şirin olduğunu anlamışdım.

Gördüklərim doğma deyildi deyə, nə qədər möhtəşəm, bənzərsiz olsalar da Sənin yerini verə bilmirdi. Demirəm ki, Amerika mühiti eybəcər, dözülməzdir, əsla yox, amma nə olsun, özgədir, yaddır. Axı, bu özgə və yadlarla doğmalaşmaq üçün Səni unutmaq, danmaq lazım idi. Bax bunu bacara bilmədim, Vətən!..
Yüz illər boyu babalarım qoynunda qərar tutub ömür sürüblər. Aclıqda, fəlakətdə, müharibələrdə, hətta xəyanətdən ölənləri də olub. Amma heç biri Səni tərk edib rahatlığı yad ölkələrdə axtarmayıblar. Hara getsələr də sonda geri dönüblər, Vətən. Vətən, Vətən! Doğmalarımın ruhlarının rahatlıq tapdığı məkan…
Demirəm ki, Səndən gözəli yoxdur, demirəm ki, Sən dünyanın ən gözəlisən. Əsla! Bəli, Sənin də öz nöqsanların, öz kəsrlərin var, amma bütün nöqsan və kəsrlərinlə əzizsən, doğmasan…
Min illərlə yadelli xəqanların oylağı olmusan. Sənə yiyələnməyə çox sərkərdələr səy göstərib, baş sındırıb. Səni əziblər, Səni məhv etməyə çalışıblar, amma Sən hər zaman yaşamısan, var olmusan. Nəhayət, Məhəmməd Əmin Rəsulzadə adlı bir övladın əqidədaşları ilə birlikdə Sənə sahib çıxıb, işğal altında olan ərazidən ölkə səviyyəsinədək yüksəldə bilib. Sənə ad da veriblər- Azərbaycan Demokratik Respublikası! Sonradan adındakı Azərbaycan və Respublika kəlmələrinin arasına “Sovet Sosialist” sözləri əlavə olunsa da, Sən respublika olaraq yüz səkkiz ildir ki, varsan. Dövlət rəmzlərin- bayrağın, gerbin, himnin neçə dəfə dəyişsə də, sonda ilk atributlarına qayıtmısan, onları yenidən dünyaya tanıtdırmısan…
Azərbaycan! Mənim doğma diyarım. Qoynunda dil açıb danışdığım, ayaq tutub yeridiyim məmləkət. Kaş biləydin, dünyadakı iki yüzə yaxın dövlətin bayraqları sırasında Sənin üç rəngli bayrağının dalğalanmasından necə məmnunam, necə qürurluyam…
Bəli, 108 yaşın tamam olur, mənim əziz, doğma respublikam! Səni təbrik edir, Sənə əminamanlıq, əbədi bütövlük arzulayıram…
…Yaşasın, var olsun Azərbaycan Respublikası!..
Elman Eldaroğlu
Share: