ABŞ-la Türkiyə arasında “MÜHARİBƏ” – Kim UDACAQ?

ABŞ Türkiyənin 2 nazirinə qarşı sanksiya tətbiq edib. Məlumata görə, həmin rəsmilər Türkiyənin Ədliyyə və Daxili İşlər nazirliklərinin rəhbərləridir. Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, həmin nazirlər Türkiyədə amerikalı rahib Endryu Bransonun həbsində aparıcı rol oynayıblar.

Bundan öncə ABŞ Konqresi F-35 beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünü dondurub.

Bu hadisələr  Amerika-Türkiyə münasibətlərinə necə təsir edə bilər?

 

Politoloq  Qabil Hüseynli Modern.az saytına açıqlamasında deyib ki, ümumiyyətlə Türkiyə – Amerika münasibətləri çox mürəkkəb vəziyyətə daxil olub:

 

“Amerika tərəfi Türkiyəyə qarşı sanksiyalar tətbiq edir. İndiyə qədər heç İranın siyasi xadimlərinə tətbiq edilməyən sanksiyalar artıq dünəndən Türkiyənin iki nazirinə qarşı tətbiq edilməyə başlandı. Üstəlik buna qədər də  konstruksiyasının hazırlanmasına, layihələndirilməsinə və istehsalına müəyyən qatqıları olan Türkiyəyə F-35 tipli qırıcı təyyarələrin satılmasının dayandırılması haqqında  qərar çıxarılıb. Amerika Türkiyəni daha şiddətli  sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Məsələn, Türkiyə İrana qarşı sanksiyalarda iştirak etməyəcəyini bəyan etdi. Zənnimcə, tələskənliklə Amerikanın İran siyasətini tənqid etməyə  və bunu imperializm təzahürü kimi  yozmağa ehtiyac yox idi. Çünki bu günlərdə məlum oldu ki, Amerika ilə İran arasında  yeni nüvə sazişinin imzalanması barədə danışıqlar gedir. Türkiyə siyasətçiləri, xüsusən ölkənin başında duran dini şəxslər bəzən hadisələri qabaqlamağa çalışırlar, baş verməyən hadisələr haqqında bəyanatlar səsləndirməklə münasibətlərə ciddi gərginlik gətirirlər”.

 

Q.Hüseynli qeyd edib ki, bir rahibin həbsə salınması, sonradan onun ev dustaqlığına buraxılması o qədər də prinsipial məsələ kimi qiymətləndirilməməlidir:

 

“Onu guya Türkiyədə dövlət  çevrilişə cəhd edən FETÖ-çülərlə əlaqəli  təqsirkar bilirlər, Amerika isə rahibi geriyə tələb edir. Həbsi  barədə ciddi güzəştlərə  gedildiyi bir rahibə görə,  münasibətlərin gərginləşməsinə Türkiyə  tərəfi bu qədər cəhd etməməlidir.

Amerika dünyanın bir nömrəli dövlətidir, vaxtilə  Türkiyənin Sovet ixtilafından xilas edilməsində rol oynayıb. Hər iki dövlət NATO ittifaqına birləşirlər. Əvvəllər Türkiyə-ABŞ arasında strateji müttəfiqlər səviyyəsində münasibətlər olub.  İndi isə münasibətlər qopma nöqtəsinə gəlib.

 

Hər halda hesab edirəm ki, münasibətlərin qorunmasına Türkiyə daha çox  səy göstərməlidir. Bir var böyük dövlətin münasibətləri, bir də var buna kiçik dövlətlərin cavab  reaksiyası. Mən həmişə  Türkiyə – Amerika münasibətlərinin yüksək səviyyədə olmasının şahidi olmuşam”.

Politoloqun sözlərinə görə, münasibətlər  bu cür davam edərsə, Türkiyənin NATO-dan uzaqlaşma ehtimalı  mümkündür:

 

“Münasibətlərin bu gün  korlanmasın da tutalım ki, Trampın  kifayət  qədər dırnaqarası xidmətləri var. Tramp siyasətdən uzaq biri olsa da, Ərdoğan kifayət qədər  səriştəli dövlət adamıdır. Məncə o, NATO ölkəsi kimi Amerika ilə münasibətlərin qorunub saxlanmasına  daha çox qayğı göstərməli idi.  Münasibətlər pozularsa, Türkiyə daha çox itirə bilər.

Ona görə də münasibətlərin korlanmasına imkan verməmək lazımdır. Üstəlik Rusiya ilə münasibətlərin Türkiyəyə  nələrsə gətirəcəyi barədə də  xəyallara qapılmağa ehtiyac yoxdur.

 

Türkiyə bu xətti davam etdirəcəksə, münasibətlərin korlanması xəttində həddindən artıq təkəbbürlülük  nümayiş etdirəcəksə, NATO-dan uzaqlaşa bilər. Amma NATO Türkiyəni öz sıralarından xaric  etmək fikrində deyil, ən azından bunu bəyanatlar şəklində belə göstərirlər”.

Share: