Təhlükəli plan – Laçında yerləşdirilmiş ermənilərin azı 30 faizini Xankəndiyə köçürmək istəyirlər…

Faiq Balabəyli: “Laçından çıxan ermənilərin 25-30 faizinin Xankəndidə və ətrafda məskunlaşdırılması çox böyük təhlükədir və çox ziyanlıdır”

img

Laçın şəhərindən, eləcə də Laçının Zabux və Sus kəndlərindən köçürülən ermənilərin xeyli bir hissəsinin Qarabağda məskunlaşdırılmasına dair məkrli plan ortaya çıxıb. Separatçıların niyyəti oradan çıxan ermənilərə Qarabağda “gün ağlamaqdır”.

Azərbaycan mediasının erməni mətbuatına istinadən verdiyi məlumata görə, Qarabağdakı separatçı rejimin “ərazi idarəetmə və infrastruktur naziri” Hayk Xanumyan deyib ki, oradakı üç icmada ümumilikdə 100-ə yaxın ailə yaşayır. O qeyd edib ki, Laçın, Zabux və Sus icmalarının əhalisini köçürmək üçün Qarabağda məskunlaşmaq və Ermənistana köçmək istəyənlərin siyahıları tərtib edilir: “Yaxın günlərdə icmaların rəhbərləri müvafiq siyahıları təqdim edəcəklər. Onlara əsasən Qarabağa köçən ailələrin mənzillə təmin olunması problemi həll olunacaq. Ermənistana köçən ailələr mənzil almaq üçün arayış, ondan əvvəl isə mənzil kirayəsi üçün kompensasiya alacaqlar. İlkin məlumatlara görə, bu icmaların əhalisinin təqribən 25-30%-i Qarabağda məskunlaşmaq arzusunda olduğunu bildirib”.

Qondarma “nazir” təxliyə prosesindəki problemlərdən danışaraq bildirib ki, köçürmə məsələləri, lazım gələrsə, müxtəlif beynəlxalq təşkilatların və dövlətin köməyi ilə həll olunacaq: “Hazırda prosesin təşkilinə kömək etmək üçün tərəfdaşlarımızla danışıqlar aparırıq. Texniki detallar, pulun necə köçürüləcəyi və sair müzakirə olunur”.

Onun sözlərinə görə, avqustun 25-dək köçürmə prosesini tez və vaxtında təşkil etmək mümkündür.

  • “Buna əsla imkan vermək olmaz”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, separatçıların bu məkrli niyyətləri çox mənfi bir tendensiya yarada bilər. F.Balabəylinin fikrincə, Laçın şəhərindən və Laçının iki kəndindən köçürülən ermənilərin Xankəndidə məskunlaşdırılmasına yol vermək olmaz. O vurğuladı ki, Azərbaycan Prezdidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş Naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli bəyanatda Laçından köçürülən ermənilərin Qarabağda məskunlaşdırılması qeyd edilməyib, orada həmin ərazidən ermənilərin köçürülməsi qeyd edilib. F.Balabəylinin sözlərinə görə, bu gün Xankəndidə oturan separatçılar hələ də öz çirkin niyyətlərindən əl çəkmək istəmirlər və məqsədləri süni şəkildə əhali artımına nail olmaqdır. Onsuz da bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə yaşayan ermənilərin sayını süni şəkildə şişirdilmiş göstərirlər. F.Balabəyli hesab edir ki, Laçından çıxarılan ermənilərin bir nəfərinin də olsa Qarabağda məskunlaşdırılmasına icazə verilməməlidir, buna yol verilərsə bundan da çox böyük təhlükələrlə üzləşərik.  “Laçın ərzisindən köçürlən ermənilərin 25-30 faizinin Qarabağda məskunlaşdırılması separatçıların öz arzusudur. Bunun gerçəkləşməsinə yol vermək olmaz. Laçından çıxan  ermənilərin 25-30 faizinin Xankəndidə və ətrafda məskunlaşdırılması çox böyük təhlükədir və çox ziyanlıdır. Qətiyyən buna imkan vermək olmaz.

Gizlin deyil ki, ziyanlı tendensiyanın özü uzaq gələcəyə hesablanmış bir gedişdir. Süni yolla Xankəndində erməniləron sayını artırmaqla illər uzunu yaşadıqlarımızın davamını yaşatmaq istəyirlər.  Buna əsla imkan vermək olmaz. Yuxarıda  Laçının adıçəkilən kəndlərindəki erməni icmalarının nümayəndələri işğala qədər yaşayanlardırsa vətəndaşlığımızı qəbul da edib yaşaya bilərlər, amma Xankəndidə deyil, zamanında yaşadıqları inzibati ərazilərdə. Hərçənd, mən və əhalimizin əksəriyyəti bunu istəməz. Ermənilərdən uzaq olmaq gələcəyin faciələrinə indidən “yox” deməkdir. Məlumdur ki, 25-30 faiz ermənilər sonradan müxtəlif ölkələrdən ölkəmizə köçürülənlərdir. Sözsüz ki, onlara yaşamaq hüququ vermək düzgün deyil. Bu halın baş verməsi gələcəkdə çox böyük ağrılarla müşayiət ediləcək faciələrin baş verməsinə əsas verəcək. Torpaqlarımızda xaçkarların və digər erməni “izi” ola biləcəyi güman edilən əşyaların, “daş yazıların” basdırılması ilə yalandan tarix yaratmaq istəyənlərin bu əməlləri də növbəti işğal cəhdlərinə stimul verə bilər və gələcəkdə ermənilərin dəhşət və məkr dolu əməlləri ilə üz-üzə qala bilərik”.

F.Balabəyli qeyd etdi ki, separatçılar Laçından köçürülən erməni icmalarının Xankəndidə yaşamaq istəyində olduqlarını elə-belə dilə gətirmir, hətta bu işə beynəlxalq qurumları qata bilmək imkanında olduqlarını vurğulayırlar. Ekspertin sözlərinə görə, onlar ermənilərin Laçın şəhərindən, Zabux və Sus kəndlərindən köçürüləcəklərini əvvəlcədən bildikləri üçün onların xeyli bir faizinin Qarabağa köçürülməsini planlayıblar: “Bu planlama bu günün  işi deyil, əvvəlcədən buna hazırlaşıblar. Bu gün Laçından köçürülən ermənilərə kompensasiya verilməsi, onların evlə təmin olunması ilə bağlı da iddialı danışırlar. Deyim ki, onlara ev və kompensasiya ödəmək bizim yox, Ermənistan dövlətinin işidir, o insanları necə gətirib süni şəkildə orada məskunlaşdırıbsa indi də onların qeydinə qalsın. Onlar bizim ərazilərimizdə qalıb yaşaya bilməzlər. Xankəndi Azərbaycanın ərazisidir və separatçılar heç bir halda onları bizim ərazilərimizdə məskunlaşdıra bilməzlər. Ermənilər köçürlər, amma gedərkən də evlərə od vururlar, hər yeri yandırıb yıxırlar. Bunun isə qarşısı alınmalıdır. Bu terrordur. Azərbaycan ordusu hər hansı bir terror hadisəsinə layincə cavab verməlidir, onların həyata keçirdiyi cinayətlərin qarşısını almalıdır”.

İradə SARIYEVA

Bakı Xəbər

Share: