Yevlax şəhərində yaradıcı gənclərlə görüş keçirildi

Regional idarənin rəhbərliyi Yevlax şəhərində yaradıcı gənclərlə görüş keçirib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax şəhərindən olan yaradıcı gənclərlə görüşüb. Görüşdə regional idarənin aparat üzvləri və Yevlax şəhərində yaşayan yaradıcı gənclər, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax şəhər nümayəndəliyinin əməkdaşları iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd gənc fəalların mədəniyyət müəssisələrinə cəlb olunması, onların potensiallarının aşkarlanması, fəaliyyətinin dəstəklənməsi, yaradıcılıq imkanlarının inkişafı, komanda quruculuğu bacarığının təkmilləşdirilməsidir.
Regional idarənin rəisi Vəsilə Möhsümova giriş sözündə tədbirin məqsədlərini açıqlayaraq bu qəbildən olan tədbirlərin artıq ənənə halını aldığını bildirib. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi, mədəni həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayan Vəsilə Möhsümova Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Regional idarənin rəhbərliyi onu da qeyd edib ki, digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də gənclər üstünlük təşkil edir və bilikli, savadlı gənc kardların irəli çəkilməsi regional idarənin prioritet istiqamətlərindən biridir.
Maraqlı müzakirələrlə müşayiət olunan görüşdə gənclərlə iş, onların yaradıcılıq imkanlarının nümayişi qeyd olunub, bu insanların potensiallarının üzə çıxarılması üçün yaradılan münbit şəraitdən söz açılıb, yaradıcı gənclərin fəaliyyət istiqamətləri, onların uğurlu nəticələri sadalanıb.
Görüşdə yaradıcı gənclərin təklifləri dinlənilib, müəyyən məqamlara aydınlıq gətirilib, müzakirələr aparılıb.

Share: