Vəsilə Möhsümova Yevlax şəhərində şəhid ailələri ilə görüş keçirdi

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Yevlax şəhərində şəhid ailələri ilə görüş keçirib…
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyində I Qarabağ müharibəsində şəhid olmuş Bayramov Vahid Süleyman oğlunun və 44 günlük Vətən müharibəsində şəhid olmuş Adıgözəlov Faiq Mehdi oğlunun, Məmmədov Elton Ramiz oğlunun ailəsi ilə görüş keçirib.
Görüşdən öncə Yevlax şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət olunub, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb və əziz xatirələri ehtiramla anılıb.
Daha sonra muzeydə şəhidlərin geyim və əşyalarından ibarət sərgiyə baxış keçirilib.
Görüş zamanı Ermənistan tərəfindən işğala məruz qalan torpaqlarımızın Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən qəhrəmancasına azad olunmasından fəxrlə danışan regional idarənin rəisi Vəsilə Möhsümova şəhidlərimizin ailələri ilə onların keçdiyi şərəfli döyüş yolundan söhbət ediblər.
Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan Vəsilə Möhsümova bildirib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladları xalqımızın qəlbində daim yaşayacaq. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Qeyd edib ki, mədəniyyət işçiləri tərəfindən şəhid ailələri və qazilər mütəmadi ziyarət olunur və onların problemlərinin həlli istiqamətində müvafiq köməkliklər göstərilir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

Share: