Cavanşir RƏCƏBLİ: -Dənizçilərin bəzən fikirləri dağınıq olur…

Müstəqil.Az saytının “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi ilə birgə həyat keçirdiyi “Dənizçi həyatı” layihəsinin bu dəfəki qonağı kimi Azərbaycan Dıvlət Dəniz Akademiyasının nəzdində  Təlim Tədris Mərkəzində baş təlimatçı vəzifəsində çalışan Rəcəbli Cavanşir Akif oğludur.

-Cavanşir müəllim, bildiyiniz kimi, Layihəmizin adı “Dənizçi həyatı”dır. Sizi bu lahiyədə həmsöhbət olaraq görməyimiz, ixtisasınıza, tutduğunuz görəvə görə bir qədər qəribə gəlmədi ki?

-Sizin layihənizlə yaxından tanışam və daima layihənizi, elə cə də İctimai Birliyinizin fəaliyyətini izləyirəm. Uğurlu layihələrinizdəndir. Əvvala bildirmək istəyirəm ki, mən iki ixtisasa malikəm.

Birinci ixtisasım bizim bugünki nailiyyətlərimizi borclu olduğumuz “Müəllim” ixtisasıdır. İkinci ixtisasım isə hal-hazırda tutduğum vəzifəyə uyğun olan “Gəmi sürücüsü” ixtisasıdır. Həm pedoqoji, həm də gəmiçilik üzrə ixtisasa malik olduğum üçün bu Layihənizin adı və burada hğmsöhbət olmamız mənə qəribə gəlmir.

-Cavanşir müəllim, yaxşı olar ki,  sizi oxucularımızla daha yaxından tanış edək, özünüz haqda nə deyə bilərsiz?

-Mən Rəcəbli Cavanşir Akif oğlu, 1978-ci ilin yanvar ayının 2-də də Lənkəran şəhərində anadan olmuşam. 1994-cü ildə Lənkəran rayonunda A.Quliyev adına Avrora (indiki Hirkan) qəsəbə orta məktəbini bitirmişəm. 1995-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat-İnformatika ixtisasına qəbul olunmuşam. Lənkəran Dövlət Universitetini qeyd olunan ixtisas üzrə bitirdikdən sonra Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiq hərbi xidmətə çağırılmışam.

Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində hərbi xidmətə başlamışam. 2 il müddətli və 3 il müddətdən artıq hərbi xidmətdə olmuşam.

Hərbi xidməti başa vurduqdan sonra 2006-2010-cu illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsində işləmişəm.

2009-cu ildə Azərbaycan Dəniz Balıq Sənayesi kollecinin “Gəmi sürücülüyü” ixtisasına qəbul olunmuşam və 2012-ci ildə həmin kolleci qeyd olunan ixtisas üzrə bitirmişəm.

2010-cu ilin avqust ayından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının Dənizdə insan həyatının mühafizəsi üzrə Təlim Mərkəzinə işə qəbul olunmuşam.

2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq ARDNŞ-nin strukturunda aparılmış dəyişiliklərdən sonra yeni yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Təlim Tədris Mərkəzinə Təlimatçı vəzifəsinə keçmişəm və hal-hazırda qeyd etdiyim mərkəzdə baş təlimatçı vəzifəsində əmək fəaliyyətimi davam etdirirəm.

– İşiniz bilavasitə dənizçilərlə, dənizçi peşəsi ilə bağlıdır. Demək, özünüzü də dənizə yaxın bilirsiz…

-Doğulub başa çatdığım Lənkəran şəhəri dəniz kənarında yerləşməsi, qohumlarımın çox hissəsi dənizdə işləməsi, Hərbi Dəniz Qüvvələrində xidmətim və dənizçilik sahəsindəki uzun müddətli fəaliyyətim məni dənizə çox yaxınlaşdırıb. Üzən heyyətdə təmsil olunmasam da, dənizçilik peşəsinə vurğunluğum da elə buna görədir.

– Sizcə dənizçilərlə daima ünsiyyətdəsiniz. Müşahidələriniz onlar haqda sizə nəyi diqtə edir, hansı xarakterləri ilə  digərlərindən fərqlənir?

– Dənizçilik peşəsi çox çətin və şərəfli peşədir, bu haqda məlumatlı olanlar çox gözəl bilir. Özüm də müəyyən qədər də olsa bu çətinlikləri görmüşəm. Uzun müddətdir bu sahə ilə yaxınam, artıq 22 ildir bu sahədə çalışıram. Bu illər ərzində müxtəlif xarakterli dənizçilər görmüşəm. Dənizçilər elə vaxtlar olur ki, aylarla ailələrindən uzaqlarda olurlar. Ona görə də bəzən aqressiv, bəzən də fikirləri dağınıq olur. Biz də təlimlərdə iştirak edərkən çalışırıq ki, müəyyən qədər də olsa hər bir halda onları anlayaq və dəstək olaq.

– Müxtəlif ixtisaslar üzrə dənizçilərimizə təlimlər keçirsiz, onların biliyi, həyat təcrübəsi sizlərə nəyi diqtə edir?

-Dediyiniz kimi müxtəlif ixtisaslar üzrə dinləyicilərə təlimlər keçirəm. Təlimlər zamanı çalışıram ki, təcrübəli dənizçilərlə fikir mübadiləsinə əsas yer ayırım. Konvensiya və Məcəllələrdə olan dəyişiliklər barədə yeni məlumatları dənizçilərə çatdırım.

– Dostlarınız arasında dənizçilərin olması labüddür.  Onlarla dostluğun seçilməsi üçün hansısa kriteriyalar varmı?

– 22 ilə yaxındır ki, dənizçilik sahəsində çalışıram. Artıq 12 ildir ki, Təlim Tədris Mərkəzində dənizçilərin hazırlığı ilə məşgulam. Bu səbəbdən də demək olar ki, dənizçilərin çoxlarını tanıyıram və aralarında çoxlu dostlarım var. Dostlar arasında əsas kriteriyalar dürüstlük və insanlıqdır.

– Dənizçilərimizin bilik səviyyəsi, seçdikləri ixtisasa maraqları, digər maraq dünyaları nə dərəcə təqdir oluna bilər?

– Səmimi desək hər səviyyədə biliyə malik dənizçilərlə rastlaşırıq. Bəzən doğru olmasa da mübahisə edənlər də olur. Çalışırıq ki, onlara mümkün qədər köməklik edək. Lazım olduqda Konvensiya və Məcəllələrin müvafiq bölmələləri ilə tanış edirik.

– Bu gün Azərbaycan gəmiçiliyinin durumu nə səviyyədədir? Heç müqayisə etmisiz digər ölkələrin gəmiçilik şirkətləri ilə?

– Bir neçə il əvvəl gəmiçilik sahəsində demək olar ki, inkişaf müşahidə edilmirdi. Donanmamızın gəmilərinin çoxu istismar müddətini başa vurmuşdu. Çox sevindirici haldır ki, artıq dənizçilik sahəsinə də diqqət artırılıb. İstismar müddətini başa vurmuş gəmilər tədricən istismardan çıxarılır və yerini yeni gəmilər alır. Dənizçilərin sosial-məişət şəraiti yaxşılaşdırılır.

Ən qürürverici hallardan biri də odur ki, artıq ən müasir gəmilərin istehsalı məhz bizim ölkəmizdə yerinə yetirilir.

-Tədrisimizin səviyyəsi necədir? Dənizçilərimizi təmin edirmi? Təlim-tədris mərkəzlərinin daha işlək, daha çevik və texnoloji cəhətdən inkişaf etməsi üçün hansı addımlar atılmalıdır?

-Tədrisimizin səviyyəsini qənaət bəxş hesab etmək olar. Məlumunuz olduğu kimi dənizçilərin hazırlanması üçün Təlim Tədris Mərkəzimizdə bütün şərait yaradılıb. Dənizçilərimizin hazırlanmasında ən müasir İxtisaslaşdırılmış hovuzdan, Radar trenajorundan, DP trenajorundan, EQDİS trenajorundan, Tüstü labirintindən və s. trenajorlardan istifadə edilir.

Təlimatçılarımızın bilik səviyyəsinin daha da artırılması üçün tədbirlər həyata keçirilir. Yeni layihələr həyata keçirilir.

Bildiyim qədər bunlar barədə Sizin də məlumatınız var. Hətta bu atdımlar barədə DSD İB internet səhifəsində də paylaşımlar həyata keçirilir.

– “DSD” İB yi artıq 2 ildir ki, fəaliyyət göstərir. Bu Birliyin izləyicilərindənsiz, daha nələri tövsiyyə edərdiz?

– Öncədən Sizə bu müsahibə ilə əlaqədər öz minnətdarlığımı bildirirəm. “DSD” İB yaradılandan bu birliylə sıx əlaqələrim var. Daimi izləyicilərindən və heyətin üzvlərindən biriyəm. Çox gözəl layihələrinizin mövcud olduğundan xəbərdaram. Dənizçilərə böyük dəstək göstərirsiniz və dənizçilərə dəyər verirsiniz. Bu qısa müddət ərzində müxtəlif adlarda təltiflər təsis etmiş, dənizçilərə aid müxtəlif kitablar nəşr etdirmisiniz. Bu uğurlarınızın davamlı olmağını arzu edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

Share: