Paşa Rüstəmov: əziz və görkəmli ziyalı…

Doğma yurdumuz Cəlilabad rayonu hər zaman öz qədim və sirli tarixi, füsünkar təbiəti və bərəkətli torpağı ilə yanaşı həm də öz görkəmli simaları, öndər şəxsiyyətləri, alimləri və ziyalıları ilə tanınmış və hər tərəfə müsbət mənada səs salmışdır.

Heç şübhəsiz, onlardan biri də, müasir dövrümüzdə Cəlilabadımızın mədəniyyət, mərhəmət, insanlıq, təvazökarlıq, mənəviyyat və dövlətçilik nümunəsi, həm də öz insani dəyərləri və xislətləri ilə kamillik zirvəsinin fatehi sayılan, özü, sözü və davranışı büsbütün insaniyyəti tərənnüm edən, “Əmək zərbəçisi” və “Əmək veteranı” əziz və dəyərli ziyalımız Hacı Paşa müəllim Rüstəmovdur.
Yaxın günlərdə (10 may) Paşa müəllim Rüstəmovun doğum günü olacaqdır. Bu münasibətlə bu qısa yazıda doğma elimizin belə bir görkəmli ziyalısı və ləyaqətli müəllimi barədə öz ürək sözlərimi qələmə alıb ona ithaf etmək qərarına gəldim. Əslində bu qısa yazı ithaf məqsədi ilə qələmə alınsa da, eyni halda başqaları üçün gözəl və müsbət nümunə təqdimatı rolunu da ifa etmək hədəfini izləyir.

Qısa bioqrafik məlumat:
Paşa Yadulla oğlu Rüstəmov. 1946-cı ilin may ayının 10-da Cəlilabad rayonunun Abazallı kəndində bir müəllim ailəsində dünyaya göz açmışdır. Atası mərhum Yadulla Rəhim oğlu Rüstəmov uzun illər ərzində həmin kənddə ibtidai müəllim işləmişdir. Cəlilabad rayonunun Abazallı kəndi əslində Paşa müəllimin ana babasının adını daşıyır. 1965-ci ildə Cəlilabad şəhər 1 saylı orta məktəbi bitirmiş, 1965-69-cu illər ərzində hərbi xidmətdə olmuşdur.
Gənclik illərində idmanın ağırlıq qaldırma növü ilə məşğul olan Paşa müəllim 1970-ci ildə Politexnik İnsititunun “Texnologiya” fakultəsinə qəbul olmuş və 1975-ci ildə həmin İnsititu bitirmişdir.
1976-cı ildə Cəlilabad şəhər 36 saylı Texniki Peşə məktəbinə ixtisasına uyğun olaraq müəllim təyin edimiş və 1992-ci ilə kimi həmin məktəbdə müəllim kimi çalışmışdır.
1992-93 tədris ilindən etibarən 2012-ci ilədək “Astara Pedaqoji Texnikomunun Cəlilabad Şöbəsi”ndə müəllim işləmişdir. 2012-ci ildə isə Azərbaycan Respublikası Milli Məclisinin qərarına müvafiq olaraq təqaüdə çıxmışdır. O, təxminən 40 illik pedaqoji əməyi sayəsində yüzlərlə tələbə yetişdirmiş, cəmiyyətimizdə ləyaqətli vətəndaşların yetişməsində bir-başa təsirə malik olmuşdur.
Paşa müəllim pedaqoji fəaliyyəti dövründə dəfələrlə ləyaqətli müəllim olaraq fəxri fərmanlarla təltif edilmişdir. O, hələ Sovetlər dönəmində “Əmək zərbəçisi” fəxri adına layiq görülmüş, həmçinin “Əmək veteranı” adını qazanmışdır. Ailəlidir, 3 qızı və 3 oğlu, həmçinin 10 nəvəsi vardır. Övladlarından üçü ali təhsillidir.

Subyektiv baxışlarım:
Şəxsən mən bu əziz və görkəmli ziyalımızı özümə mənəvi ata və dahi ustad sayır, hər zaman görüşünə gedəndə əllərini öpürəm.
Mən Hacı Paşa müəllimi bu təlatümlü və qarışıq zəmanədə cəmiyyətimiz, xalqımız və xüsusilə də əziz gənc nəslimiz üçün “mayak”, həm də özümə və yaşda kiçik olanlar üçün dədə sayıram. Dədə sözü türk ifadəsi olaraq hər birimiz üçün tanış və çox müqəddəsdir. Çünki adətən, uşaq yaşlarımızdan etibarən daha çox dədə adlandırdığımız atamız və ya babamıza güvənir, çətinliyə düşəndə isə “ay dədə!” deyə yanğılı səslə köməyə səsləyirdik. Dədə həm də müdrik insan, ağsaqqal və ləyaqətli böyük mənasındadır…
Əziz Hacı Paşa müəllim barədə subyektiv baxışlarım və şəxsi təəssüratımı hələ 2020-ci ildə haqqında qələmə aldığım və işıq üzü görmüş “Kamillik zirvəsinin fatehi” adlı əsərimdə təfərrüatilə qeyd etmişəm. Həmin əsərin II fəslində bu görkəmli və qiymətli şəxsiyyətin malik olduğu əsas xüsusiyyətləri belə sadalamışam:
1. Yüksək ədəb və mədəniyyət;
2. Təvazökarlıq;
3. Dövlətçilik;
4. Zəka və düşüncə;
5. Mərhəmət və xeyirxahlıq;
6. İnanc və dindarlıqda mötədillik;
7. Elm və biliyə xüsusi əhəmiyyət verən;
8. Həyatın hər bir sahəsində diqqət sahibi… (Bax: “Kamillik zirvəsinin fatehi” (Əziz və dəyərli Paşa müəllim Rüstəmovun həyat yolu), II fəsil, səh: 18-23. Cəlilabad, birinci çap, 2020).
Mən yuxarıda sadaladığım xüsusiyyətlərin hər birinə bu dəyərli və ziyalı şəxsiyyətin danışıq və davranışında dönə-dönə şahid olmuşam. Onu daha yaxından tanıdıqca isə barəsində yanılmadığıma tam əmin olmuşam.
Bu yaşıma qədər mərhum valideynlərim və dəyərli müəllimlərimdən öyrəndim ki, insan həyatda izzət və hörməti başqa yollarla deyil, yalnız öz ləyaqəti, doğru-dürüstlüyü və insani xislətləri ilə qazanmalıdır. Məncə əzizimiz Hacı Paşa müəllim də cəmiyyət arasında qazandığı bu qədər yüksək hörmət, izzət və ləyaqəti öz gözəl xüsusiyyətləri, xüsusilə də, nəfsini ram edərək hər zaman insanlıq və ülvi hisləri yaşatmaqla əldə edə bilmişdir. Bu görkəmli ziyalı “Paşa” adının mənasına uyğun olaraq sözün həqiqi mənasında hər bir sahədə ən üstün, ən öndə və hər kəsdən başda olmağı ilə seçilir və sevilərək hörmətə layiq görülür.
O, sosial şəbəkələrdə xüsusi profildən və ya hansısa tribunadan istifadə etməsə də, həmçinin hansısa bir vəzifə başında və kürsüdə əyləşməsə də, hər zaman öz yüksək mədəniyyəti, doğru-dürüstlüyü və bütün dəyərləri ilə hər kəsə haqq və həqiqət yolunu göstərir. Aydın məsələdir ki, başqalarına doğru yolu göstərmək üçün hər zaman nəsə yazmağa və nəsə söyləməyə ehtiyac yoxdur. Çünki insan bəzən öz varlığı və müsbət davranışı ilə başqaları üçün rəhbər və nümunə rolunu ifa etməyə qadirdir. Hacı Paşa müəllim də məhz belə dəyərli və ləyaqətli insanlardan biridir.
Ulu Tanrıdan əzizimiz və dəyərli dədəmiz Hacı Paşa müəllimə uzun və mənalı ömür, möhkəm can sağlığı və davamlı xeyir-bərəkət diləyirəm!

İlqar İsmayılzadə (İlahiyyat elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü)

Share: