VHP cəmiyyətə çağırış etdi : İradə zamanıdır

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi gözləndiyi bir vaxtda silahlar yenidən işə düşüb. Bir neçə gündür ki, Azərbaycan və Ermənistan sərhəddində, eləcə də Qarabağda vəziyyət gərgindir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan elədi ki, Ermənistanla münasibətləri nizamlamaq mümkündür. Görüşdən sonra tərəflər arasında yenə atəşkəs rejimi pozulması onu göstərir ki, Ermənistana bəzi daxili və xarici təhrikçilər maneələr yaradır. Tərəflər arasında danışıqların getməsini istəmir və cəbhədə tərəflər arasında nifaq salırlar. Digər bir yandan belə hallara sülhməramlılar cavabdeh olmalıdır. Çünki onların öhdəlikləri atəşkəsi bərqərar etməkdir. Ancaq ara-sıra atəşkəsin pozulması Rusiya tərəfinin də işinə yarayır. Üç tərəfin xarici işlər nazirlərinin görüşü əsnasında Lavrovun “sülhməramlılar tərəflər arasında sabitliyin qorunmasında əllərindən gələni edirlər” deməsi həm də ona işarə idi ki, sülhməramlılar olmazsa, tərəflər arasında atışmalar güclənə bilər. Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə bütün addımları qətiyyətlə pisləyir və o inamdadır ki, dövlətimiz bütün bunlara layiqli cavab vermək gücündədir. İndiki halda Azərbaycan cəmiyyətinin yenidən yumruğa dönüb iradəsini ortaya qoymaq zamanıdır. Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu bəyan edib. Qarşı tərəf ya öhdəliklərinə əməl etməli, ya da yenidən acı məğlubiyyət dadmalıdır.
Share: