Şəhid Cavidan Ağayev – ASCO əməkdaşının qəhrəman oğlu

Oğul düşmən çəpəridir, deyiblər. Dünyaya oğul gətirmək, təkcə övlad sahibi olmaq deyil, həm də güvənc deməkdir. Oğul övladı, əslində əsgər, döyüşçü, Vətinin təəssübkeşi və müdafiəçisi deməkdir. Əsrlər boyu daima cənglərdə olan, torpaqlarına hücum edən yadellilərlə döyüşən, Vətənin, torpağın şərəfini uca tutan övladlarımız olub, olur və olacaq.  Belə oğullardan biri də II Qarabağ savaşında şəhid olmuş Cavidan Mirzəağa oğlu Ağayevdir.

Cavidan Mirzəağa oğlu Ağayev 2001-ci il iyunun 16-da Bakı şəhərində anadan olub.

162- saylı orta məktəbi bitirib. Erkən yaşlarından idmana olan böyük marağı olub. Orta məktəbin 3-cü sinifində oxuyan zamandan məşqlərə gedib, güləşi kimi yetişib.

Şəhid Cavidanın Atası Mirzəağa Ağayev ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunda işləyir.  Cavidan Mirzəağa Ağayevin iki övladından biri idi. Körpə yaşlarından balalarına vətənpərvər olmağı aşılayıb, onların Vətən üçün gərəkli bir övlad olması üçün bir atanın görəvi nədirsə, onu da edib.

Cavidan 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına müddətli həqiqi hərbi xidmətdə şağrılıb. Hərbi xidmətə çağrılarkən onun idmançı olması da nəzərə alınıb. Hərbi xidmət Gəncə şəhərində başlayıb.

Ermənilərin 2020-ci ilin iyul ayının 12-də Tovuz rayonu istiqamətində sərhədlərimizi pozaraq döyüş əməlliyatlarına başlayarkən Cavidan da həmin döyüşlərə cəlb olunur. İyulun 14-də döyüşləri idarə edən general-mayor Polad Həşimov şəhid olarkən o da düşməni məhv edən igid əsgərlərimizin sırasında olub.

2020-ci il sentyabrın 27-də, Vətən müharibəsinin ilk günündən Cavidan ön cəbhədə olub, amansız düşmənə qarşı qəhrəmanlıqla döyüşüb.

Cavidan Ağayev oktyabrın 2-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.

Şəhid əsgərimiz Bakı şəhəri Badamdar qəbiristanlığında dəfn olunub. Döyüşdə fərqləndiyinə görə Dövlət Başçısı tərəfindən medallarla təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cavidan Ağayev ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin, Məkanı cənnət olsun.
Faiq Balabəyli.

 

Share: