…qəsdin məni öldürməkdir, tez eylə, müxtəsər eylə…

GEDƏNƏM…
Neçə boynu bənövşətək bükülü,
neçə gözü ağlar qoyub gedənəm,
könlüm kimi açılmazdır o vaxtdan,
qapımızı bağlar qoyub gedənəm.
*
Bir sıxalar buludları, yuyalar,
göy durula, dağılmaya yuvalar…
Yereşitməz, göygötürməz dualar,
dağtablamaz ahlar qoyub gedənəm.
*
Haçalanmış yollar kimi görünən,
yaşıl-yaşıl yarpaqlara bürünən,
arxam ilə iməkləyib sürünən,
düyməgözlü tağlar qoyub gedənəm.
*
Nə biləydim ağac adam deyilmiş,
qar-yağışla yarpaqları döyülmüş,
ucunda gül pəncərəmə əyilmiş,
vəfalı budaqlar qoyub gedənəm.
*
Çin olmadı arzularım, pir də ki…
Sirr olmadı, sirr qalmadı, sirr də ki…
Axar çaylar, göy meşələr, bir də ki,
buz kimi bulaqlar qoyub gedənəm.
*
Bizim evdə quşlar yuva qurdumu,
üstümüzə yağan daşlar durdumu?
Yanıram oyy, vətənimin, yurdumun,
sinəsində dağlar qoyub gedənəm…
TƏZAD…
Yox dünyada bərabərlik, eynilik,
dağın dərdi, daşın dərdi ayrıdır,
bir-birinə bənzərsə də təpə, dik,
ordan baxan başın dərdi ayrıdır.
*
Eşitmədik təpə başı, dik başı,
dağ başında yuva qurdum deyərlər,
pis niyyətli, alçaq başlı dikbaşı,
heç xəbəri olmayınca yeyərlər.
*
Uca boyla gödək boyun fərqi çox,
hər birindən ayrı-ayrı yel gələr,
istəyirsən kölgən olsun, günə çıx,
yoxa çıxar böyüdükcə kölgələr…
*
Söz dəryadır, danışan dil, susan dil,
həyatından uzun yoldur ölüm, dost,
xumarlanma, heç nə bərabər deyil,
tək, ləzzətlə bərabərdi zülüm, dost.
EYLƏ…
Könlüm, çək bir tərəfə, çək,
gecələri səhər eylə,
öp hər açılan çiçəyi,
hər gülü bəxtəvər eylə.
*
Qoy ağlamasın qələmlər,
bir gülüstandır aləmlər,
seyrana çıxmış adəmlər,
yatıb qalsam, xəbər eylə.
*
Olsun, şər deyən ər deyil,
quru ad-san hünər deyil,
dünya duracaq yer deyil,
demədimmi səfər eylə.
*
Bu əllər, alagöz əllər,
bu canlar gözlər kimi tər,
bu gözəllər, nə gözəllər,
kipriyimi çəpər eylə.
*
Gözdə nuram, ocaqda kül,
daş sinəmdə bitirdim gül,
neçə dəfə dedim, könül,
bədnəzərdən həzər eylə.
*
Demə Saday tənha, təkdir,
uzun lağım, quru ləkdir,
qəsdin məni öldürməkdir,
tez eylə, müxtəsər eylə…
Share: