“Aprel müharibəsindən dərs çıxarmasaydıq indi Dağlıq Qarabağı tam itirərdik, özü də cəmi 15-20 günə…”

Bu gün Ermənistanda da 2016-cı ilin 4 günlük aprel müharibəsinin başlamasının ildönümünü qeyd edirlər. Hansı ki, bu dörd günlük müharibə “yenilməz erməni ordusu” haqda miflərin darmadağın edilməsinin və Ermənistanın acınacaqlı məğlubiyyətinin başlanğıcı idi.

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, aprel müharibəsi zamanı Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi olmuş Artak Davtyan jurnalistlərə bildirib ki, 5 il əvvəlki müharibədən dərs çıxarmadıqları haqda deyilənlər əsassızdır. “Əgər ölkə həmin müharibədən dərs çıxarmasaydı indiki, 44 günlük müharibə tamamilə başqa nəticə və müddətlə başa çatardı. Məsələn, biz “arsaxı” tamamilə itirə bilərdik, üstəlik cəmi 15-20 günə”,-general Davtyan bildirib.

Davtyan  keçmiş prezident Robert Köçəryanın onun barəsində dediyi ittihamlara münasibət bildirməyib. Köçəryan deyirdi ki, Davtyan Əməliyyat İdarəsinin rəisi kimi aprel müharibəsi zamanı çox kobud səhvlərə yol vermişdi.

Qeyd edək ki, aprel döyüşlərinin ardınca həqiqətən Ermənistan ordusu təmas xətti boyu ABŞ-dan alınan müasir videomüşahidə sistemlərini yerləşdirmişdi. Bu sistem kilometrlərlə aralıdan istənilən hərəkəti qeydə alırdı və xüsusi komanda mərkəzinə ötürürdü. Habelə düşmən təmas xətti boyu öz müdafiə istehkamlarını möhkəmləndirmişdi, xüsusən şimal istiqamətində beton bunkerlər şəbəkəsi qurmuşdu. Həmin bunkerləri 44 günlük müharibədə 1 tonluq aviabombalar belə dağıda bilmirdi.

Share: