Gələcək pandemiyalara hazırlıq üçün beynəlxalq razılaşma əldə olunacaq

Dünyanın 23 ölkəsinin rəhbəri, Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı gələcək nəsilləri qorumaq üçün daha dayanıqlı dünya səhiyyə sistemi qurulmasına dair hazırlıq və cavab tədbirlərini ehtiva edən yeni beynəlxalq razılaşma hazırlamaq istiqamətində birgə çalışacaq.

“Report” xəbər verir ki, bu barədəki birgə açıqlamada gələcəkdə həm yeni pandemiyalara, həm də başqa fövqəladə vəziyyətlərə hazır olmağın vacibliyi qeyd olunur: “Məsələ bunun baş verib-verməyəcəyi yox, nə zaman baş verəcəyidir. Biz bir yerdə pandemiyaları yüksək əlaqələndirmə ilə daha yaxşı görməli, qarşısını almalı, aşkarlamalı, dəyərləndirməli, səmərəli cavab verməliyik. COVID-19 pandemiyası hər kəs qoruma altında olanadək heç kəsin təhlükəsizlikdə olmadığına dair ağrılı xatırlatmadır”.

Yeni beynəlxalq razılaşmanın başlıca məqsədi insan, heyvan sağlamlığını, habelə Yer kürəsinin sağlamlığını əsas götürmək şərtilə gələcək pandemiyalara qarşı milli, regional, dünya imkanlarını və dayanıqlılığını artırmaq üçün əhatəli, çoxşaxəli yanaşma ərsəyə gətirməkdən ibarətdir.

Sənədi Fici, Tailand, Portuqaliya, İtaliya, Birləşmiş Krallıq, Almaniya, Yunanıstan, Albaniya, Trinidad və Tobaqo, Niderland, İspaniya, Norveç baş nazirləri, Rumıniya, Ruanda, Keniya, Fransa, Koreya Respublikası, Çili, Kosta Rika, Cənubi Afrika Respublikası, Tunis, Seneqal, Serbiya, İndoneziya, Ukrayna prezidentləri, habelə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus imzalayıblar.

Share: