Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir… – Səməd Zeynalov

 
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir.
 
Azərbaycan xalqı ikinci Qarabağ müharibəsindən qalib xalq, qalib dövlət, qalib ordu kimi ayrıldı. Bu birmənalı və mübahisəsiz həqiqətdir. Odur ki, heç kim nə Qələbəmizə şübhə ilə yanaşsın, nədəki 10 noyabrda imzalanmış birgə bəyanatın müddəalarından narahat olmasın. Hər kəs əmin ola bilər, o bəyanatda Azərbaycanın maraqlarına zərrə qədər də zidd olan hər hansı bir neqativ məqam tapmaq mümkün deyil.
44 günlük savaş başlayana qədər Ermənistan ictimaiyyəti hələ də elə düşünürdü ki, çox qısa bir müddətə Azərbaycanı məğlub edəcək, yeni ərazilər ələ keçirəcək. Artıq ötən əsrin 90-cı illəri deyil, onların qarşısında hərb sənətinin incəliklərini bilməyən könüllülər yox, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərlik etdiyi dünyanın aparıcı orduları ilə müqayisə edilən güclü, intizamlı hərbi birləşmələr dayanıb. Ciddi nizam-intizamla formalaşan və ən müasir silahlara malik, son 27 ildə yalnız öz torpaqlarını azad etməyi düşünən bir ordu ilə müqayisədə korrupsiya və özbaşınalıqdan təngə gələn Ermənistan cəmi bir neçə günün içərisində elə ağır zərbələr aldı ki, müharibəni davam etdirə bilməyəcəyini anladı və xarici havadarlarının yardımına bel bağlamaqdan başqa çarəsi qalması.
Ermənistanda düşünürdülər ki, dünyadakı böyük havadarları, diaspor və lobbiləri bu dəfə də öz işini görəcək və Azərbaycanı geri çəkilməyə vadar edə biləcək. Lakin onlar bu dəfə yanılmışdı. Son illər ərzində Azərbaycan diplomatiyası qələbə üçün bütün mühüm diplomatik addımları atmışdı və geniş lobbi şəbəkəsinə malik olan Ermənistan diplomatik müstəvidə də Azərbaycana məğlub olmuşdu. Baxmayaraq ki, 44 günlük müharibə boyunca ermənilərin təsirində olan beynəlxalq kanallar heç vaxt olmadığı qədər fəallaşdırıldı və Azərbaycana qarşı ciddi təzyiq kampaniyasının keçirilməsinə cəhdlər olundu, bütün bunlar gözlənilən effekti vermədi. Azərbaycan beynəlxalq hüququ əsas götürərək, öz ərazilərində anti-terror əməliyyatına və əks-hücuma başladı və BMT-nin, ATƏT Minsk Qrupunun 27 ildə edə bilmədiyini cəmi 44 gün ərzində həyata keçirə bildi.
İndi bizim yanımızda qardaş Türkiyə Cümhuriyyəti kimi müttəfiqimiz və qarantorumuz var. Türkiyə də Rusiya ilə birlikdə bölgədə sülhün zəmanətçisidir. Qardaş ölkə bizə qarşı hər hansı bir təcavüzkarlığın baş verməsinə, şərtlərin dəyişdirilməsinə yol verməz. Həm də indi Azərbaycan dövləti, Azərbaycan Ordusu da 90-lardakı zəif dövlət və dağınıq ordu deyil. Son 44 günlük müharibədə Dövlətimiz və Ordumuz nəyə qadir olduğunu bütün dünyaya göstərdi. İndi bizimlə heç kim zor dili ilə danışa bilməz. Odur ki, hər kəsin içi rahat olsun və hamı möhtəşəm Qələbəmizin dadını çıxarmağa çalışsın. Şayiələrə və təxribatçı fikirlərə uymağın zamanı deyil. Milli həmrəyliyimizi , birliyimizi əvvəlki ruh yüksəkliyi ilə davam etdirək.
Səməd Zeynalov
Müstəqil.Az
Share: