Rusiya qazı Ermənistana Azərbaycan üzərindən gedəcək

Bu gün Rusiyanın “Qazprom eksport” şirkəti Ermənistana Azərbaycan üzərindən qaz nəqlinə dair SOCAR-la qısamüddətli müqavilə imzalandığını elan edib. Müqaviləyə əsasən Ermənistana satılan Rusiya qazı təxminən üç həftə ərzində Azərbaycan üzərindən bu ölkəyə ötürüləcək.

Şirkət bunu “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində “planlaşdırılmış profilaktik təmir işləri” ilə əlaqələndirib. Müqavilə ötən gün martın 16-da imzalanıb. Təmir işlərinin təxminən üç həftəyə qədər çəkə biləcəyi qeyd olunur.

SOCAR-ın şirkətin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov  belə müqavilənin imzalandığını təsdiqləyib. Bildirib ki, “Şimali Qafqaz – Zaqafqaziya” qaz kəmərində aparılan təmir işləri nəzərə alınaraq, Rusiya tərəfi Rusiya qazının Gürcüstan ərazisinə tranziti üçün Azərbaycana müraciət edib. “Xahiş yerinə yetirilib və Rusiya qazı martın 17-dən başlayaraq müvafiq tranzit ödənişi ilə Azərbaycan ərazisindən Gürcüstan ərazisinə və oradan Ermənistana müvəqqəti olaraq çatdırılacaq”,-İ.Əhmədov bildirib.

Bu müqavilə müvəqqəti də olsa, tarixi hesab edilə bilər. Çünki cəmi bir neçə ay əvvələ qədər Azərbaycan üzərindən Ermənistana qaz ötürülməsi ağlasığmaz ideya hesab olunardı. İndi isə 10 noyabr üçtərəfli razılaşmasına əsasən tərəflər qarşılıqlı olaraq kommunikasiyaların açılmasını müzakirə edir, o cümlədən digər region ölkələri üçün də strateji əhəmiyyət daşıyan, “Zəngəzur dəhlizi” adlandırılan quru və dəmir yol kommunikasiyalarının açılmasına dair danışıqlar aparılır.

Belə vaxtda Azərbaycan tərəfi Rusiya qazının Ermənistana tranzitinə icazə verməklə regionda böyük sülhə doğru ilk addımı atmış olur. Bu addım Ermənistana regionun gələcəyinin qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna dair simvolik mesajdır. İndiki halda Rusiyadan Gürcüstana uzanan qaz kəmərinin təmirə dayanması həmin simvolik addım olmasa Ermənistanın qazsız qalması demək olardı. Çünki İrandan aldığı cüzi həcmdə qaz Ermənistanı üç həftə təmin edə bilməz.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ