BİZ DAHA BAYRAMLARDA ÇİÇƏKLƏR İSTƏMİRİK – Əntiqə Qonaq yazır

Qadın olasan çiçəkləri sevməyəsən…bayramlarda əzizi bildiyi insandan çiçək gözləməyəsən…inandırıcı gəlmir, — deyilmi?

Qadın olasan çiçəkləri sevməyəsən…bayramlarda əzizi bildiyi insandan çiçək gözləməyəsən…inandırıcı gəlmir, — deyilmi? İnanın amma…buna tam inanın…çünki BİZ deyərkən Qarabağ müharibəsində kimisi silahıyla, kimisi qələmiylə, kimisi rabitəçi kimi, həkim kimi, şəfqət bacısı kimi, tibbi personal kimi, kimisi də ürəyinin hökmüylə əlindən gələn köməklə iştirak etdi Qarabağ müharibəsində.

Bir oldular, yumruq kimi kimi birləşdilər, savaş meydanında kişilərimizlə çiyin-çiyinə dayandılar, onlara həm ana, bacı, dost, həm də silahdaş ola bildilər. Onlar elə indi də bir yerdədirlər. Müharibənin od-alovunu görmüş, qanlı döyüş yollarından keçmiş, və bu kişilik, qeyrət meydanında neçə-neçə silahdaşını itirmiş, ailə bildiyi dostunu şəhid vermiş və bu sağalmaz yaralarla bu günədək əzab-əziyyət içində yaşayan veteran qadınlarımız Müharibə Veterenı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri kimi birləşiblər. Və uzun illərdi onlar davamlı olaraq “Şəhidlər Xiyabanı”nında uyuyan xanım şəhidlərin məzarlarını ziyarət edirlər. Müharibə Veterenı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbasın təşkilatçılığı ilə bu ilin ilk 8 Mart — Beynəlxalq Qadınlar Günü bayramında da paytaxtda yayan veteran xanımlarının böyük bir qrupu, həmçinin şəhid ailələrinin üzvləri bu münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımızı yad edərək onların qərənfil paylarını məzarları üstə düzdülər.

Azərbaycanın Milli Qəhrəmanları Salatın Əsgərova, Gültəkin əsgərova, şəhid döyüşçülər Aidə Şahkərimova, Aytən Abdullayeva, Qaratel Hacımahmudova, Rəhilə Orucova, Gülbar Heydərova, Məlahət Nəsibova, Sədaqət İbadova, bir nəfər naməlum şəhid qız və Xocalı faciəsi zamanı şəhid olmuş iki qızcığazın məzarları al qırmızı qərənfillərə büründü. Vətən torpağı üçün son damlasına qədər axıtdıqları qanlarının rəngindəki qərənfillərlə. O cümlədən 20 yanvar faciəsinin qadın şəhidlərinin məzarları da ziyarət olundu.Şəhidlərin ziyarəti tədbirlə davam etdirildi.

Müharibə Veterenı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas veteran qadınların çoxlu problemləri olmasına baxmayaraq onların respublikanın ictimai-siyasi həyatında yaxından iştirakından danışdı və fəal qadınların bir qrupuna Təbriknamələr, həmçinin şərəfli tariximizdən bəhs edən Difai filminin diskini hədiyyə etdi.Tədbirdə Respublika İncəsənət Gimnaziyasıın əlaçı şagirdi, gözəl səsi və qiraət bacarığı olan Mehdi Həsənov şəhidlərimizə aid mahnı oxudu, şeirlər söylədi.

Tədbirdə həmçinin I Qarabağ müharibəsində şücaət göstərmiş qazilərimizdən bir qrupu iştirak etdi. 90-cı illərdə Qarabağ savaşında şəhid olmuş qadınların, həmçinin Azərbaycan Vətən Müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın ruhlarıına dualar oxudu. Və tədbir iştirakçıları bir daha xatırlatdılar ki, şəhidlər ölmür, Vətənimiz durduqca onlar da gələcək nəsillərin yaddaşında əbədiyaşarlıq qazanaraq ölümsüzləşəcəklər. Çünki onlar artıq qanlarıyla Vətən torpağına yoğruldular.

Nur içində uyuyun mələk üzlülərimiz.

 

ƏNTİQƏ QONAQ

Əməkdar jurnalist

 

Müstəqil.AZ

Share: