Zərdablılar İnformasiya Cəbhəsində…

Sentyabr ayının 27- dən etibarən torpaqlarımızın azad edilməsi uğrunda xalqımızın haqq savaşı- Vətən müharibəsi başlandı. Ön cəbhədə hərbi forma geyinib əlində silah olanlar, arxa cəbhədə isə uşaqdan böyüyə bütün mülki vətəndaşlar səfərbər oldular. Artıq hər kəs dərk etmişdir ki, “Bu gün o gündür”- işğal altında olan torpaqlarımızın azad olunması üçün gücümüzü bir yerə qoyub dəmir yumruğa çevrilməklə,  düşmən üzərində qələbə qazanmaqla, qəhrəmanlıq tariximizi yenidən yazmaq günü.
Bu, ölkənin hər bir şəhər və kəndində  eyni cür qarşılandı , 44 günlük izdihamın son ucu olan qələbə sevinci ilə başa çatdı.

Zərdabi yurdunun mərd, qəhrəman sakinləri oğullarını silahlandırıb cəbhəyə göndərmiş, özləri isə arxa cəbhədə güclərini, maddi imkanlarını və vətənə olan sevgilərini birləşdirmişdilər. Ərazisinin kiçik, əhalisinin az olmasına baxmayaraq, mən deyərim ki, müharibə zamanı ölçüyə gəlməyəcək qədər böyük işlər görmüşlər.
Vətən müharibəsinin başladığı ilk gündən I Vitse- Prezident Mehriban xanım Əliyevanın söylədiyi “ Müasir zamanda müharibə təkcə səngərdə yox, eyni zamanda klaviatura arxasında olur” fikrini əsas tutaraq, biz zərdablılar da sosial mediada mübarizəyə atıldıq.
Həqiqətən də, informasiya sahəsində Zərdab rayonunda Vətən müharibəsi dövründə böyük yüksəliş baş verdi. Bildiyimiz kimi, doğru-dürüst informasiya əldə etmək, xüsusən də, belə bir həssas dönəmə görə çox çətin idi. Ermənilərin yaydığı dezinformasiyalardan istifadə etdərək reytinq yığmağa çalışan dırnağarası jurnalistlərdən, bloggerlərdən fərqli olaraq, bu sahənin zərdablı nümayəndələri vicdanlı şəkildə istifadəçiləri lazımi məlumatlarla təmin etmişlər. Elə əksəriyyətimiz müzəffər ordumuzun qələbə xəbərlərini təsisçiləri zərdablı olan sayt və qruplardan əldə etmişik. Bu istiqamətdə ilk olaraq vəkil Adəm Məmmədovun təsis etmiş olduğu Qanunla.az İnformasiya Agentliyini qeyd edə bilərik. Onun rəhbəri Adəm Məmmədov həm informasiya sahəsində, həm də cəbhəyə yardımlarda xüsusi fərqlənən şəxslərdən olmuş və arxa cəbhədə fəaliyyəti ilə əlaqədar Fəxri Fərmanla təltif edilmişdir. Məlumatların toplanması və dərc edilərək yayılmasında saytın zərdablı baş redaktoru Vüqar Rəhimov, digər əməkdaşı Süleyman Tarverdinin xidmətləri böyük olmuşdur. Eyni zamanda bu şəxslər Zərdabla bağlı Facebook sosial şəbəkəsində çoxsaylı səhifə adminləri kimi də informasiyaları nəinki Zərdab, eyni zamanda ölkə ictimaiyyətinə çatdırmışlar.
Saat24.az saytının rəhbəri, həmçinin Facebook sosial platformasında çoxsaylı səhifələrin admini, blogger Coşqun Abdullayevin də Vətən müharibəsinin Zərdab cəbhəsində informasiya sahəsində xidmətlərini unuda bilmərik. Araşdırılmış, gerçək məlumatların sayt və səhifələrdə paylaşılması, vətənpərvərliyin təbliğində, müxtəlif videoçəkilişlərin edilməsində A. Coşqun xüsusi fəallıq göstərmişdir və arxa cəbhədə fəaliyyəti ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur.
Aktiv sosial şəbəkə istifadəçisi olan Dövlət Arxivinin müdiri Elyar Bağırov, hansı ki, uzun illər mətbuat sahəsində çalışmışdır, bu sahədə bilgilərindən və bacarıqlarından istifadə edərək Vətən müharibəsi zamanı sosial şəbəkə üzərindən ermənilərlə çoxsaylı mübahisələr etmiş, dezinformasiyaların üzə çıxması və onların inkar edilməsində, bunu yayanların ifşasında xüsusi xidmətlər göstərmişdir.
Təvəzökarlıqdan uzaq olsa da, qeyd edirəm ki, mən, Lümunə Mirzəliyeva də Azərbaycan gəncliyinin nümyəndəsi olaraq üzərimə düşən arxa cəbhə borcunu az da olsa yerinə yetirmişəm. Belə ki, 2 xarici dildə- ingilis və rus dillərində erməni səhifələrində rəylər yazmış, ordumuzun qələbəsini onlara çatdırıb ruh düşkünlüyü yaratmaq üçün çalışmışam. Öz şəxsi Facebook profilimdə dəstək xarakterli yazılar, etibarlı mənbələrdən alınmış məlumatlar, bəzi məsələlərə isə öz şəxsi şərhlərimi paylaşmışam. Ən əsası, həmmüəllifi olduğum “Zərdablılar Vətən Uğrunda” kitabını Süleyman Tarverdi ilə birlikdə yazaraq oxuculara təqdim etmişəm. Eyni zamanda, “Məlumat müharibəsi”nin Zərdablı iştirakçıları olan Vüqar Rəhimov və Elyar Bağırov da bu kitabın redaksiya heyətində yer almışdır. Bir məqamı fəxrlə qeyd edə bilərəm ki, həmmüəllifi olduğum kitabın müharibə iştirakçıları və qazilərə aid olan hissəsi mənə məxsusdur ki, həmin hissədə onların keçdikləri şərəfli döyüş yollarını oxucularıma çatdırmışam. Bu cür məzmun yaradıcılıq sahəsində bir ilk idi. Döyüşçülərin hər birindən aldığım fərdi müsahibələr, müharibənin gedişatını onlarla xəyalən yaşamağım mənəvi cəhətdən ağır olsa da, şərəfli və məsuliyyətli idi. Düşünürəm ki, rayon ictimaiyyəti də bu kitabı Vətən müharibəsinə Zərdablı gənclərin töhfəsi hesab edirlər.
Təbii ki, bu mübarizələr və onların müsbət nəticələrinin əldə olunması Zərdab Rayon İcra Hakimiyyəti, başda cənab Mərdan Camalzadənin rəhbərliyi və YAP-nın yerli təşkilatının dəstəyi olmadan mümkün deyildi. Hansı ki, onlar gənclərin və digər mübarizə iştirakçılarının istiqamətləndirilməsində mühüm rol oynamışlar.
Zərdab Rayon Gənclər və İdman idarəsinin rəhbəri İlkin Əliyev və idarənin digər əməkdaşları ölkəmizin gənclər siyasətinə xüsusi dəstək verməklə müharibənin davam etdiyi dövrdə müxtəlif videokonfrans şəkilində istiqmətləndirici tədbirlər keçirmiş, qələbə günü münasibəti ilə əlaqədar olaraq karantin qaydalarına əməl etməklə aksiya təşkil etmişlər. Eyni zamanda, “Zərdablılar Vətən Uğrunda” kitabının redaksiya heyətini təşəkkürnamələrlə mükafatlandırmış, gələcək işlərində uğurlar arzulamışlar.


Eyni zamanda, informasiya müharibəsində rayonumuzla eyniadlı sosial platforma olan Zərdab.com saytını və onun rəhbərinin fəaliyyətini qeyd etməyi özümüzə borc bilirik.
Həqiqətən də, bir məqam bizi sevindirir ki, xarici ölkədə yaşayan zərdablılar da, öz milli kimliklərini, azərbaycanlı mənsubiyyətlərini unutmadan bütün ölkə adından haqq savaşımıza informasiya cəbhəsində böyük dəstək vermişlər. Həm diaspora və təşkilatlarda, həm də sosial şəbəkələrdə onların fəallığını unuda bilmərik. Bu şəxslərdən biri də Aidə xanım Əmirəliyeva və Aişə xanım Əhmədova olmuşdur.
Ümumiyyətlə, həm müharibə dövründə, həm də sonrakı mərhələdə ermənilərin aktiv səhifələrinə daxil olduqda orada zərdablı sosial şəbəkə istifadəçilərinin çoxsaylı rəylərinə rast gəlmək olur, hansı ki, müxtəlif xarici dillərdə yazılmış komentariyalarda onların saxtakarlıqları, yaydıqları informasiyaların heç bir əsası olmadığı və bununla da həm özlərini, həm də dünya ictimaiyyətini aldatdıqları bir daha vurğulanır. Müharibə dövründə bir sıra saxta səhifə və profillər bizim tərəfimizdən aşkar edilərək bağlanmışdır. Virtual qəhrəman olan həmyerlilərimizin sayı, həqiqətən, çoxdur. Bu sahədə gənclərin xüsusi fəallığı təqirəlayiq və arzuolunandır ki, üzərimizə düşən öhdəlikləri az da olsa, yerinə yetirməyi bacarmışıq.
Səngərdə müharibə bitsə də, informasiya cəbhəsində döyüşlər daimidir və biz, zərdablılar, bu mübarizəni Vətən müharibəsi dövründə olduğu kimi davam etdirərməkdə israrlıyıq.
Lümunə Mirzəliyeva

Share: