Hələ sağlığında döndü heykələ… – Fuad Biləsuvarlı yazır

28 fevral Azərbaycanın sevilən bəstəkarlarından biri olan, Respublikanın Xalq artisti, minlərlə gözəl musiqi əsərlərin, mahnıların müəllifi Eldar  Mansurovun doğum günüdü. Böyük bəstəkara uzun ömür, can sağlığı, yeni sənət uğurları arzu edirik.
 
Azərbaycan SSRİ Xalq artisti, dahi tarzən, unudulmaz Bəhram Mansurovun əziz, işıqlı, xatirəsinə böyük ehtiramla… Ruhu şad olsun!!!
 
Hələ sağlığında döndü heykələ
 
Sənət məbədgahı olmuşdu evi,
Sənətkar Bəhramın, düha Bəhramın!
Dostları qoymazdı pozula kefi,
Tarzən kimi dahi, Ağa Bəhramın!
 
Tarda hər çalğısı nisgilli, kövrək,
Tarının səsindən yanırdı ürək.
Biz gənclər hər zaman qədrini bilək,
Tarzənlər azmanı, qağa Bəhramın!
 
Eldarı, Aydını, Elxanı ilə,
Hələ sağlığında döndü heykələ.
Verdik dostlar ilə, verdik əl-ələ,
Adını həkk etdik dağa, Bəhramın!
 
Fuadam, mənimtək diqqətcil olun,
Bilin qiymətini sağın və solun.
Namazı qılanda ruhuna onun,
Salavat çevirdim baba Bəhramın!
 
 
Anam yox, qapımı döyənim də yox
 
Eldar müəllimin dilindən anası Münəvvər xanımın əziz xatirəsinə. Ruhu şad olsun!!!
 
Anam evimizin nuru, işığı,
Xoş sözü şəkərlə, bal qarışığı.
Anasız evimin yox yaraşığı,
Anam yox, qapımı döyənim də yox!
 
Mənə süd verənim, üzdən öpənim,
Arxamca yoluma sular səpənim.
Hər vaxt mənə yaxşı yol söyləyənim,
Can bala sözünü deyənim də yox!
 
O mənə həmişə verirdi ümid,
Çaldığım royal da lap canlı şahid.
İllərdi evimdə sükutdu, sükut,
Xəstə olcaq mənə dəyənim də yox!
 
Şirin danışıqlı, dilavər anam,
Yoxdu halımıza sən qədər yanan.
Daim yadımdasan Münəvvər anam,
Sənintək qədrimi bilənim də yox!
 
 
Böyük sənətkar, Xalq artisti, nəğmələriylə böyüdüyümüz Eldar Mansurova…
 
Haqqın var, sənətdən çox danışmağa
 
Bir-birindən gözəl nəğmələrinlə,
Oldun hər evlərin, mehmanı Eldar!
Min məna kəsb edən kəlmələrinlə,
Oldun gümansızın gümanı Eldar!
 
Bütöv Azərbaycan, obalar sənin,
Ürəyin, canındı mahnılar sənin.
Nə qədər canında canın var sənin,
Yaz-yarat mat elə dünyanı Eldar!
 
Dərin nəğmələrin ümmanlar kimi,
Sızladır qəlbləri kamanlar kimi.
Vallah, şərqilərin dərmanlar kimi,
Sağaldır xəstəni, insanı Eldar!
 
Dəyərli sənətkar yüz yaşamağa,
Haqqın var, sənətdən çox danışmağa.
Bəstələ sözümü oxusun Ağa!
Bir kiçik xahişim sən canın Eldar!
 
 
Eldar bəyin bəstələri
 
Ruhumuza bir qidadı,
Tüm dünyaya səs-sədadı.
Dərin dərya, bir adadı,
Eldar bəyin bəstələri!
 
“Bacara bilsən”i dinlə,
Day sağollaş dərd-qəminlə.
Ölənəcən, mənlə, sənlə,
Eldar bəyin bəstələri!
 
“Qalx, qalx ulu torpağ”dan biz,
Doymayırıq heç birimiz.
Vallah, bizə doğma, əziz,
Eldar bəyin bəstələri!
 
“Yarı səndə, yarı məndə”,
“Qatarlar”dı qəlbimizdə.
Səhnəmizi bəzər gündə,
Eldar bəyin bəstələri!
 
“Bayatılar” tarixdə iz,
Qoyub, olub bir incimiz.
Dinlənilir gecə-gündüz,
Eldar bəyin bəstələri!
 
 
Köhnə Bakım
 
Eldar Mansurovun dilindən…
 
Ürəyimdə əbədilik izin var,
Səndə mənim uşaqlığım, özüm var.
Qürbətlərdə sənsiz keçən yazım var,
Köhnə Bakım unutmaram mən səni.
 
Gül-çiçəkli vardı qəşəng həyətim,
Şən keçərdi, rahat idi həyatım.
O illərə daha necə qayıdım?
Köhnə Bakım unutmaram mən səni.
 
O Qız qalan, Şirvanşahlar sarayın,
Neftin, qazın xalqımıza bir payın.
Dənizinlə gözəl olur hər yayın,
Köhnə Bakım unutmaram mən səni.
 
Bərpa olsun o İçəri şəhərin,
Bir aləmdi səhər erkən Xəzərin.
Qoy çoxalsın şan-şöhrətin, zəfərin,
Köhnə Bakım unutmaram mən səni.
 
Keçmişlərdən yadigarsan yadigar,
Sənsiz mənə bu gen dünya dardı dar.
Ürəyimdə sənə sonsuz sevgim var,
Köhnə Bakım unutmaram mən səni.
 
Fuad Biləsuvarlı
Müstəqil.Az
Share: