Gəncliyi döyüşlərdə keçmiş qazi…

Könüllü qazimiz Ramin

 

Müharibəni könüllü seçmiş, gəncliyi döyüşlərdən keçmiş qazilərimizdən biri də Ramindir. O, hələ yayda Tovuz hadisələrindən sonra cənab Prezidentin çağırışına qoşularaq könüllü olaraq ordu sıralarına yazılıb. 21 sentyabr 2020-ci il tarixindən müharibəyə yollanıb. Onun bu cəsarətli qərarı əbəs yerə deyildi. Əsgər kimi hərbi xidmətdə olduğu müddətdə 2015-ci ilin mayında snayperlə iki erməni öldürdüyünə görə hərbi hissə komandirinin fəxri fərmanı, təşəkkür məktubu və yeddi günlük məzuniyyətlə mükafatlandırılıb.

Ramin Xocavənd və Füzuli uğrunda döyüşlərdə rəşadətlə vuruşub. Oktyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə minamyot atəşinə məruz qaldıqlarından sol ayaq və qarın nahiyyəsindən yaralanıb, bağırsaqlarında çat əmələ gəlib. Hətta bir-iki gün betonun altında qalıb. Müalicə üçün Ağcabədidə bir gün qalandan sonra Kürdəmirdə xəstəxanaya yerləşdirilib. On gündən sonra Bakıya Hərbi Hospitala ambulator müayinəyə göndəriblər. Tam sağalmasa da, yenidən döyüşə yollayıblar. Yaralı olmağına baxmayaraq sonuna qədər döyüşüb və dekabrın 31-də tərxis olunub. Daxili qanaxması və sol ayağında problemləri qalsa da, canındakı ağrılarla yanaşı, onu xilas edərkən şəhid olmuş döyüş yoldaşının ölümündən aldığı travmanı yaşayır. Bir döyüşçü olaraq iki medala layiq görülməsi halal haqqıdır. Ümid edək ki, uğrunda döyüşdüyü Füzüli və Xocavənd uğrunda medallarınına sahib olacaq.

İsayev Ramin Tağı oğlu 2 mart 1995-ci ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olub. Salyan rayon 1 saylı orta məktəbini bitirib. 5 aprel 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Tovuz rayon 812 saylı hərbi hissənin 1-ci taporunun 1-ci bölüyünün “Qan çanağı” postunda xidmət edib. 2015-ci ilin 1 oktyabrında ordu sıralarından ehtiyata buraxılıb. Hazırda Bakı şəhərində Xətai rayonunda kirayədə yaşayır.

 

Gülnar Səma

 

Müstəqil.Az

Share: