İlham QƏHRƏMANIN bayatıları

Bu gələn nəyə gələ,
Qəm odun düyə gələ.
Keçmiş havalı könül
Keçmişə dəyə gələ.
***
Qanlı gələn Abbasdı,
Hamını oda basdı.
Şəhidlik busatıdı –
Toy havasında yasdı.
09.02.2021
***
Şirini acı kəsin,
Uzadın ucu kəsin,
Şəhidin toyu budu
Xınalı qoçu kəsin.
***
Ah çəkər ahdan ağlar,
Durub sabahdan ağlar.
Şəhidi yad edənlər
Gah gülər, gahdan ağlar.
10.02.2021
*****
Körpü salan ad salır,
O tay-bu tay yurd salır.
Canan maşallah olsun,
Cana odsuz od salır.
***
Çayı keç o taya çıx,
Bir səmtə, butaya çıx.
Cana od salan qanlı,
Su götür ortaya çıx.
11.02.202
Dərya, qırağın hanı,
Gəmi, durağın hanı,
Ayaqqabını sildim,
Oğul, ayağın hanı?!
***
Nədi söylədin, balam,
Məni teylədin, balam.
Qolumdan yapışırdın,
Qolu neylədin, balam?!
12.02.2021
Share: