“Soyuqda yorğanı olsun, qoy bu bəstə Şəhidimin…” – Adilə Nəzər

(Yeni şeirlər)

Azərbaycan əsgərinə

Ey adlı qəhrəman, adsız qəhrəman,

Qarşında yağılar diz çöküb titrər.

Şükür, sən tərəfə dolandı dövran,

Daha nə itirsə düşmən itirər.

 

Gözünü yummadın soyuq səngərdə,

Gecələr bizim də yuxumuz azdı.

Sən ey fateh oğul, sən ey sərkərdə,

Şəninə min dastan yazsam da azdı.

 

Haqq idi bayrağa içdiyin andın,

Əsrlik yolları qət etdin, əsgər.

Yeni tarix yazdın – zəfər qazandın,

Şuşa qalasını fəth etdin, əsgər.

 

Başın uca olsun, ay gözüm, canım,

Vüsala yetişdi könül sevdası.

Sayəndə güləcək Azərbaycanım,

Gəldi Qarabağın o xoş sədası.

MƏN ŞƏHİDƏM

Bir otağa girincə

bütün otaq mən oldum,

bir küçəyə çıxınça

min küçəni doldurdum.

hər yer dönüb mən oldum,

hər baxan göz mən oldum,

özüm görünməz oldum…

Mən şəhidəm…

 

Eşidərsən səsimi,

hər yerə ün atmışam..

mən səni düşünmüşəm,

özümü unutmuşam..

əlini aç Allaha..

əlin Haqdan üzülməz.

işığı sevən kəslər

məni sevməyə bilməz..

Mən şəhidəm…

 

Hamı gəlib gedəcək,

mənsə öz yerimdəyəm.

Sən əllində, yüzündə,

mən iyirmi birimdəyəm.

Sən hardasa edibsən

ömrünü vallah, həba,

mənə daim olacaq

Türk elindən mərhaba!

Mən şəhidəm…

 

Rənglər günəşlə çıxır,

rənglər günəşlə batır..

rənglər günəşlə olur,

rənglər günəşsiz ölür..

mən vətənçün ölürəm,

Vətən mənimlə olur…

Mən şəhidəm…

ŞƏHİDİMİN

Dili-ağzı söz aradı..

Yanğısına buz aradı,

Gözü doğma göz aradı,

Son nəfəsdə

Şəhidimin..

 

Yox sağı, solu yarıda,

Büküldü qolu yarıda,

Qırıldı yolu yarıda,

Bir qəfəsdə

Şəhidimin..

 

Olmadı ölüm qorxusu,

Burnunda cənnət qoxusu,

Gülləndi qandan yaxası,

Asta asta

Şəhidimin..

 

Bu son hüzün anı olsun,

Bacılar qurbanı olsun,

Soyuqda yorğanı olsun

Qoy bu bəstə

Şəhidimin..

“İtiqovan”la zəfərə

Ürəklər-könüllər, bənizlər coşğun,

Çaylar, şəlalələr, dənizlər coşğun,

Qələbə eşqiylə və bizlər coşğun,

Zəfər təntənəsi çalmağa hazır.

 

Yüz illik dərdləri sapıb- sovan var,

Yağının gözünü töküb, ovan var.

İndi səmamızda “İtiqovan” var,

Zəfər təntənəsi çalmağa hazır.

 

Yoxdu maneəmiz, əngəllərimiz,

Keçilməz qaladı səngərlərimiz,

Şuşada, Laçında əsgərlərimiz

Zəfər təntənəsi çalmağa hazır.

RAHAT UYU, ŞƏHİDİM

Bu dünyanın dərdləri sanki bizə görədir,

Birindən qurtulmamış başqasını törədir.

Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,

Bütün qəsbkarların ağzında qan qoxusu…

Qara itlər qorunur, ağ atlar izlənirkən,

Qartalları vururlar, bayquşlar gizlənirkən…

Yurdun aşiqlərini seçib dən-dən vurdular,

Gözlərindən qorxanlar

ürəyindən vurdular..

Rahat uyu, şəhidim…

Yollara həsrət – həsrət dikiləndə gözlərim,

dünyanın boğazından keçməyəndə sözlərim,

Cəbhədə don tuturdu sənin ayaq izlərin…

Qış gəlirdi dağlara…

Qarabağda sazaqdı,

Səninsə gözlərindən günəşli bir yaz axdı…

Artıq nəfəsin həyat ritmindən çox uzaqdı…

Uzağa dikilmişdi o anda nəzərlərin..

Gözə vətən dəyirdi…

Qəlbin odu sönmədən ruhun gülümsəyirdi…

Rahat uyu, şəhidim…

Savaşın davam edir,

Bayrağına, himninə neçə dostun əyildi…

Gözünü itirən var,

qolu yoxdur kiminsə…

…Ruhum bu son yaradan ölüncə qan itirsə…

Sən də ordan gülümsə..

Rahat uyu, şəhidim…

BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN

Qış günündə üzdə çiçək açdıran,

Gecəmizə gün işığı saçdıran,

Yağıları el-obadan qaçdıran

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Səman geniş hey uçduqca uçasan,

Torpağını ana kimi qucasan,

Qələbənlə Qaf dağından ucasan,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Olmaz imiş, sözdür, dostu düşənin,

Dostu aldı qəlbin “qəlbişüşənin”,

Söylənəcək yüz il fəthi Şuşanın,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Haqq deyənlər, haqq yolundan azdılar,

Tarix boyu sənə quyu qazdılar,

..Oğulların şanlı tarix yazdılar,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Qürurluydu bu Qarabağ səfəri…

Bu torpağın hər oğlu, hər nəfəri,

Qanımızla qazanmışıq zəfəri,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Şuşamızda dağlar başı dumanlı,

Daha bir də kimsə olmaz gümanlı,

Qazin rəşadətli, Şəhidin sanlı,

Bu zəfərin mübarəkdir, ey vətən!

 

Xarı bülbül gələr bu yaz, səcdənə,

Dursam min il, yenə də az, səcdənə,

Dayanıbdı bütün Qafqaz səcdənə,

Bu zəfərin mübarəkdir, ey vətən!

ŞUŞA AZAD OLDU

Gedim bir güllə vurum

Düşmənin min fəndinə.

Üçrəngli bayraq qurum

Şuşaya, Xankəndinə.

BİR ŞEİR RƏSMİ ÇƏKİM

Bir şeir rəsmi çəkim

saralan yarpaqlara.

Sirli don geyindirim

yaşıl köynəklərini

sarıya dəyişdirən

küsəyən budaqlara.

Qızılı örpək çəkim

güllü çəmənliklərə,

durub tamaşa edim

hüzünlü şənliklərə.

Bir mahur təsnifinin

təsəllisi süzülsün

ovqatı ovqatıma

oxşayan mənzərənin

yorğun görüntüsünə.

Bir şeir rəsmi çəkim

yarpaqları həsrətdən

üzülən qovaqlara…

Uçum gedim, gedim lap

durna qanadlarında

özümdən uzaqlara…

Vida nəğmələrinə

bir fatihə oxuyum.

Gedim ayrılıqlara

vüsal toru toxuyum.

Bir şeir rəsmi çəkim…

***

Başım Yanardağ kimi –

alov-alov,

köz-köz…

Ürəyim çıxıq-çıxıq,

bölük-bölük, –

qismətdə

söz, söz…

Əllərimdə Qobustan qayalarındakı nağara səsləri.. –

dilimdə

döz, döz…

Gözlərimi yumub toxunuram xəyalına, şəhidim…

dindi, siyasətdi,

sıradan söhbətdi…

Səsim Allaha çatmır,

hardayıq

biz, biz…

İKİ can 

Adı çəkiləndə gözləri gülür,

İki kəlmə qopur dodaqlarından.

Payız küləyinə qarışıb gəlir,

Öpür qardaşının yanaqlarından.

 

Dost deyib torbasın tikən var idi,

Sevincin gözündən tökən var idi,

İçindən dağıdıb sökən var idi,

Soyu gəlib tutdu budaqlarından.

 

Haqq əli düşməni dağlayır indi,

Göylər qurşağını bağlayayır indi,

Buludlar nəyi var ağlayır indi,

Sevinci süzülür yarpaqlarından.

 

İki söz… iki qəlb, bir ruh, iki can,

Ürəyi yanmasa oynamaz ki, qan.

Zülmət yarılacaq ağaracaq dan,

Yayılacaq türkün torpaqlarından…

***

Bir qara yaylıqlı gəlin,

qollarında iki çağa…

üzün tutub Qarabağa…

“Kim toplayacaq mənim dağılmış könlümü? –

deyib, bir nəfəs dayandı…

Sandım ki… ahı ilə dənizləri qurudacaq.

Divardakı qara lentli şəkilinsə

üzündəki İlahi nur

min qəlbi nurlandıracaq…

Az qaldım çağıram:

– Rəssam, gəl çək bu səhnəni…

Vallah, dəhşət tablo alınacaq…

 

* Bir şəhidin yas mərasimində düşüncələrim

Müstəqil.Az

Share: