Noyabrın 30-da şair Faiq Balabəylinin nəvəsi Dənizin 1 yaşı tamam olur. Bu münasibətlə şairin dostları balaca Dənizi təbrik edir, ona öz hədiyyələrini ərməğan edirlər.
Biz də Müstəqil.Az saytı olaraq Dəniz balanı doğum günü münasibəti ilə təbrik edir, ona dəniz qədər uzun ömür yaşamasını arzulayarıq. Sağlam böyüsün, çox və xoş yaşasın, deyirik. Dəyərli oxucularımıza bildirmək istəyirik ki, bu gün 1 yaşı tamam olan balanın doğmalarının da taleyi dənizlə bağlıdır. Belə ki, şirin-şəkər balanın hər iki babası dənizçidir. Faiq babası gəmi kapitanı, Yaqub babası baş mexannikdir. Atası Fərrux Həmidli və dayısı şair Tural Balabəyli isə ADXG QSC-nin XDND-nın gəmilərində gənc dənizçi olaraq çalışır və Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alırlr.
Balaca Dənizə həsr olunmuş şeirləri və rəsm əsərini yayınlayırıq.
Fərqanə MEHDİYEVA
FAİQİN “DƏNİZİ”NƏ...
(Şair qardaşım Faiq Balabəylinin nəvəsi Dənizə ithaf edilir)
Bu uşaq möcüzədi
Nur çilənib üzünə..
Dedim bir şeir yazım
FAİQin DƏNİZinə…
Elə bəzənib durur
Elə bil toydan gəlib.
Gözləri Günəş dadır
Ulduzdan, Aydan gəlib..
Gülüşü elə safdı
Sanki bulaq səsidi
Başqa cür ola bilməz
Gör kimin nəvəsidi?
Gələcəyi parlaqdı
Tərifi aşıb-daşıb..
Bəlkə şair olacaq..
İndidən məhşurlaşıb.
Əl çalmamış sevinir
Yaman oynadı bu qız.
Baxışına baxın bir
Vallah aynadı bu qız..
Azca inciməyi var
Baxma umu-küsünə
Şirinlikdə bənzəyir
Kəmalə nənəsinə..
Cürbəcür oyuncagı
Hər nə desən, nəyi var
Özüylə dil-dil ötən
Gözəl gəlinciyi var
Bu qızda ürəyə bax,
Fili, Ayısı da var..
Şəninə şeir yazan
Tural dayısı da var..
Tanrı yaratdıgıdı
Varlıgına min şükür
Rəssamlar rəsmin çəkir
Şairlər şeir yazır..
Qoy yıgışsın dogmalar
Qədəminə gül sərsin
Adın atası qoyub,
Bəxtini Tanrı versin!
Elə dogmadı mənə
Ürəyim qızdı buna..
Qələmim yorulmayır
Nə yazsam azdı buna..
Qış ayı dogulsa da..
Fəslin yazıdı bu qız..
Ta şeiri tamamlayım
Şeirin özüdü bu qız!!!
Səxavət TALIBLI
MƏNİM ADIM DƏNİZ..
( Dostum, qardaşım, Faiq Balabəylinin nəvəsi, Dəniz balamıza ithaf…)
Mənim adım Dəniz, babam dənizçi,
Onunla üz-üzə qalmışam indi.
Xəzəri canından çox sevən, babam,
Xəzəri gözündən salmışam indi.
Gecə dalğalarla danışan babam,
Gecəni – gündüzü calışan babam,
Uşaqtək dənizə alışan babam,
Dənizi əlindən almışam indi.
Gəmiyə kapitan babamdı, öncə
Cıxmazdı dənizdən bəlkə ölüncə,
Elə ki, dünyaya özüm gəlincə,
Babama kapitan olmuşam indi.
Faiq BALABƏYLİ
DƏNİZİMƏ
Səni mələklərin qanadlarında
gətirdi baxtıma Yaradan, bala
mən səni görürəm, səni duyuram
boylanıb baxsam da haradan, bala.
( “Dənizin portreti” Rəssam: Sehran Allahverdi)
Dünyanın suları, okeanları
sənin gəlişinlə gözümdən düşdü
sel olub selləndi Xəzərim o gün;
ləpələr sevindi, sular gülüşdü
Dəniztək ömrün də uzun olacaq
bilirəm, ay ömrüm, ay günüm mənim
qatıb qabağına apardı, yoxdu,
arxada qalıbdı pis günüm mənim
Xəzərin qoynunda gəldin dünyaya
Xəzərtək şəffafım, dərinim mənim
yeni həyatımın başlanğıcısan
çiçəyim, göyçəyim, şirinim mənim…
Hələ ki, körpəyəm, cocuğam indi
mən səndən ömür, gün, il – öyrənirəm
sənin qığıltına qulaq asıram,
sənin qığıltından dil öyrənirəm…