İstirahətə gedib, ölümə qovuşan gənclər…

İstirahətə gedib, ölümə qovuşan gənclər…

Bəzən bir xəbər gəlir və insanın ürəyindən ilk keçən sual olur: Niyə?

“Şəki yaylası”nda baş vermiş faciə iki gəncin həyatına son qoydu. Ömrünün ən gözəl çağını yaşayan 31 yaşlı Məmmədov Coşqun və 27 yaşlı Bayramov Ucal, yəqin ki, həmin gün evlərindən çıxarkən belə bir sonluğun onları gözlədiyini ağıllarına belə gətirməzdilər.
Onlar istirahətə gəlmişdilər…
Deyib-gülmək, təbiətin qoynunda xoş vaxt keçirmək, gündəlik həyatın yorğunluğunu unutmaq üçün gəlmişdilər. Amma istirahət üçün başladıqları yolun sonunda onları evlərinə dönüş yox, faciə gözləyirdi. Bir neçə saat əvvəl həyat dolu olan iki gənc, indi doğmalarının göz yaşları içində son mənzilə yola salınır.
Bu, sadəcə iki insanın ölümü deyil. Bu, iki ailənin dağılan dünyasıdır.
Bu, yarımçıq qalan arzular, həyata keçməyən planlar, gözləyən analar, atalar, bacılar və qardaşlardır. Və ən əsası, bu faciənin qarşısında cəmiyyətin haqlı olaraq verdiyi bir sual dayanır:
Kimdir müqəssir?
Əgər insanların istifadəsi üçün kanat, əyləncə və ya ekstremal istirahət qurğusu quraşdırılırsa, onun təhlükəsizliyinə kim cavabdehdir?
Bu qurğunun texniki vəziyyəti yoxlanılıbmı? Onun istifadə qaydalarına nəzarət edilibmi? İnsanların çəkisi, yaş həddi və digər təhlükəsizlik tələbləri nəzərə alınıbmı? Qurğudan istifadə edən şəxslərə lazımi təlimat verilibmi? Və ən vacibi – insan həyatı həqiqətən də lazımi qədər qorunubmu?
Bu sualların hər biri cavab tələb edir.
Dünyanın istənilən ölkəsində – istər Azərbaycanda, istərsə də Avropanın inkişaf etmiş ölkələrində – insanların istifadə etdiyi kanat sistemləri və bu qəbildən olan istirahət qurğuları ciddi təhlükəsizlik qaydaları əsasında fəaliyyət göstərir. Belə qurğulardan istifadə zamanı insanın çəkisi, təhlükəsizlik kəmərlərinin düzgün bağlanması, avadanlığın texniki vəziyyəti, hava şəraiti və digər vacib məqamlar nəzərə alınmalıdır.
Çünki söhbət adi bir əyləncədən getmir. Söhbət insan həyatından gedir. İnsan həyatının isə alternativi yoxdur.
Heç bir kommersiya marağı, heç bir gəlir, heç bir “bir dəfə də belə istifadə edək” düşüncəsi təhlükəsizlikdən üstün tutula bilməz. İnsan istirahət etməyə gəldiyi məkanda həyatını riskə atmamalıdır. Əksinə, oraya gələn hər bir vətəndaş əmin olmalıdır ki, onun təhlükəsizliyi təmin edilir.
Təəssüf ki, faciələr baş verəndən sonra çox zaman eyni sözləri eşidirik: “Araşdırma aparılır”, “Məsələ nəzarətə götürülüb”, “Təqsirkarlar müəyyən ediləcək…”
Bəli, araşdırma aparılmalıdır. Günahkar varsa, müəyyən edilməlidir.
Məsuliyyət daşıyan şəxslər qanun qarşısında cavab verməlidir. Amma əsas məsələ təkcə faciədən sonra günahkar axtarmaq deyil.
Əsas məsələ faciənin baş verməsinin qarşısını əvvəlcədən almaqdır. Təhlükəsizlik hadisə baş verəndən sonra yada düşməməlidir. Təhlükəsizlik faciədən əvvəl təmin edilməlidir.
Coşqun Məmmədovun da, Ucal Bayramovun da həyatı geri qayıtmayacaq. Onların ailələrinin yaşadığı ağrını heç bir söz yüngülləşdirə bilməz. Amma bu faciədən nəticə çıxarmaq mümkündür və vacibdir.
İstirahət və turizm obyektlərində fəaliyyət göstərən bütün təhlükəli və xüsusi nəzarət tələb edən qurğular yenidən yoxlanılmalıdır. Texniki təhlükəsizlik qaydalarına əməl olunmasına ciddi nəzarət edilməlidir. İnsanların həyatını riskə atan səhlənkarlığa göz yumulmamalıdır.
Çünki bir insanın həyatı statistik rəqəm deyil. Bir ölüm sadəcə xəbər başlığı deyil. Hər bir faciənin arxasında bir insan taleyi, bir ailənin göz yaşı dayanır.
“Şəki yaylası”nda baş verən faciə bir daha hamımıza xatırlatdı:
İstirahət insanı həyata qaytarmalıdır, ölümlə üz-üzə qoymamalıdır. İndi isə ən vacib sual hələ də cavabsızdır: Bu iki gəncin həyatını xilas etmək mümkün idimi?
Əgər mümkün idisə, onda bu faciənin qarşısının niyə alınmadığı mütləq və hərtərəfli araşdırılmalıdır. Çünki sabah başqa bir ailənin də eyni ağrını yaşamaması üçün bu gün bütün suallara cavab verilməlidir.
İnsan həyatı hər şeydən qiymətlidir. Təhlükəsizlik isə sadəcə qayda deyil – məsuliyyətdir!

Səadət Sultan (Abbasova)

Share: