İstəmir
Hər kəs gözəlliyə gözəllik qata,
Həsrətik əvvəlki toya, büsata.
Qorxuram bir azdan dillər pas ata,
Adamlar ünsiyyət qurmaq istəmir.
.
Xoşuma gəlməyən neçə yeriş var,
Harama bələnən alış- veriş var.
Hələ görüləsi nə qədər iş var,
Bir kimsə özünü yormaq istəmir.
.
Görən kimə desin dillər dərdini?
Qışqırır dərəyə sellər dərdini.
Nə vaxt danışacaq ellər dərdini?
Göylər əhvalımı sormaq istəmir.
.
Hərə bir daş atır, qanadı dünya,
Şərdən yox.xeyirdən yanadı dünya.
Döşündən süd verən anadı dünya,
Biri keşiyində durmaq istəmir.
07. 07. 2026.
Halalın üstündə tir- tir əsərəm
Hər kəs götür- qoyun düşünsün hər gün,
Adam gərək bilsin hərəkətini.
Səksəkə içində keçən bir ömrün,
Heç vaxt görməmişəm bərəkətini.
.
Nə solun, nə də ki, sağın olasan,
Sirrin bilmək olmur yerin, göyün də.
Allahın evinə yaxın olasan,
Göndərər payını quş dimdiyində.
.
Canımdan keçmədim vardan ötəri,
Ruzum tikə- tikə, qaşıq- qaşıqdı.
Əlimin qabarı, alnımın təri,
Ömrümə, günümə düşən işıqdı.
.
Ucadan ucadı üzüağ əlim,
Halalın üstündə tir- tir əsərəm.
Harama uzansa əgər sağ əlim,
Onu sol əlimlə özüm kəsərəm.
02. 07. 2026.
Tale oyunu
Bu nə müsibətdi gəldi başıma?
Bu nə oyun idi düşdüm, ilahi!
Keçilməz dağ- dərə çıxdı qarşıma,
Dərdimin odunda bişdim, ilahi!
.
İtirdim taleyin sökdüyü evi,
Ruhumdan səs gəlir, yaran içində.
İllərlə qurduğum, tikdiyim evi,
İtirmək olarmış bir an içində.
.
Kədərin əlindən keyfim olmadı,
Demə sevincin də xıltı var imiş.
Torpağın üstündə evim olmadı,
Nə yaxşı torpağın altı var imiş.
.
Anam köçən günü gərək öləydim,
Sinəmə ox dəyib, qanım çıxacaq.
Ağlıma gəlməzdi, hardan biləydim,
Kirayə evlərdə canım çıxacaq.
26. 06. 2026
Dərdini çəkirəm göydə quşun da
Nə çox dar günümdə özün yan verən,
Qayğılı görəndə oldum yanında.
Ayağım altında qəfil can verən,
Saxladım yasını qarışqanın da.
.
Bir buz baxışdan da bəzən soluram,
Bazarı şıdırğı soyuq başların.
Payızda özüm də xəzəl oluram,
İşi çox asanmış qəlbi daşların.
.
Gözümü açıram qəmin tuşunda,
Kim vurub başına, dizinə bu gün?
Dərdini çəkirəm göydə quşun da,
Dən tapa bildimi özünə bu gün?
.
Bir ömür yaşayır dünyada hərə,
Hərdən günüm keçir min ah içində.
Meylini salasan savab işlərə,
Ömrü keçirməzlər günah içində.
21. 06. 2026.



















