Türk dünyasının ictimai diplomatiya zirvəsi: Eldar İsmayılov – Leyla Məcidova yazır

Türk dünyasının ictimai diplomatiya zirvəsi: Eldar İsmayılov – Leyla Məcidova yazır

 

Zamanın axarında elə şəxsiyyətlər bərqərar olur ki, onların ömür yolu təkcə fərdi bir tərcümeyi-hal deyil, bütöv bir xalqın, böyük bir mədəniyyət coğrafiyasının canlı salnaməsinə çevrilir. Belə parlaq, çoxşaxəli fəaliyyəti ilə həm milli təfəkkürümüzün xəzinəsini zənginləşdirən, həm də Türk dünyasının mədəni-ictimai bağlarını polad tellərlə bir-birinə bağlayan ustad şəxsiyyətlərdən biri görkəmli ictimai xadim, naşir, xalq diplomatiyasının yorulmaz elçisi və mesenat Eldar İsmayıl oğlu İsmayılovdur.
1949-cu ilin iyul ayının isti bir yay günündə, qədim və füsunkar Bakının ziyalı ocağında dünyaya göz açan Eldar müəllimin həyat trayektoriyası, bəlkə də, taleyin ona bəxş etdiyi böyük bir missiyanın başlanğıcı idi. Bu yol doğma torpağa xidmətdən keçərək sülhün, milli irsin və bəşəri dəyərlərin qorunmasına uzanan uca bir amala xidmət etdi.
Hər bir şəxsiyyətin yetkinləşməsində onun aldığı təhsil və daxili mənəvi zənginliyi mühüm rol oynayır. Eldar İsmayılov hərbi xidmətini şərəflə başa vurduqdan sonra, ötən əsrin 70-ci illərində Moskvanın nüfuzlu Xalq Təsərrüfatı İnstitutunda iqtisadçı ixtisası üzrə ali təhsil alaraq analitik və strateji təfəkkürün əsaslarını mənimsəmişdir. Lakin onun qəlbindəki milli ruh və söz sənətinə olan sonsuz sevgi, illər sonra yeni əsrin astanasında onu humanitar elmlərin, filologiyanın sirli dünyasına çəkdi. Dərbənd Humanitar Universitetində Rus dili və ədəbiyyatı ixtisası üzrə aldığı ikinci ali təhsil, onun daxilindəki ədəbi-bədii potensialı, publisistik coşqunu daha da alovlandırdı.
Eldar müəllim yalnız nəzəriyyə ilə kifayətlənmədi o, Türk tarixinin qədim izlərini araşdırmaq məqsədilə qədim Dərbənd şəhərində arxeoloji qazıntıların və tədqiqat işlərinin təşkilatçısına çevrildi. Bu fəaliyyət onun tariximizə, köklərimizə olan dərin ehtiramının vizual,elmi təzahürü idi.
Müstəqilliyimizin ilk illərində, Azərbaycanın səsini dünyaya çatdırmağın ən vacib olduğu bir dönəmdə Eldar İsmayılov unikal bir addım atdı. 1998-ci ildə onun təsisçiliyi və baş redaktorluğu ilə işıq üzü görən “Azərbaycan Dünyası” beynəlxalq jurnalı tezliklə dünya azərbaycanlılarının, eləcə də Türk dünyasının ortaq tribunasına çevrildi. Türkiyədən ABŞ-a, Qazaxıstandan Almaniyaya, Moldovadan İsrailə qədər uzanan nəhəng bir coğrafiyada bu jurnal, milli mədəniyyətimizin vizit kartı funksiyasını yerinə yetirdi.
Eldar müəllimin naşirlik fəaliyyəti bununla da məhdudlaşmadı. 2007-ci ildən rusdilli “Brifinq” qəzeti, 2015-ci ildən isə ölkəmizin qəhrəmanlıq salnaməsini, tarixin canlı şahidlərinin səsini yaşadan “Veteranın Səsi” jurnalı onun rəhbərliyi ilə ərsəyə gəldi. Bu mətbu orqanlar sadəcə informasiya daşıyıcısı deyil, hər biri ictimai fikrin formalaşmasında müstəsna rol oynayan mənəviyyat ocaqlarıdır.
Eldar İsmayılov fəaliyyətinin şah əsəri, şübhəsiz ki, 2007-ci ildə əsasını qoyduğu və rəhbərlik etdiyi “Dədə Qorqud” Milli Fondudur. Fond, ulu əcdadımızın adını və fəlsəfəsini yaşadaraq, Türk dünyasının birliyi və həmrəyliyi naminə misilsiz layihələrə imza atmışdır.
Bununla yanaşı, o, milli dövlətçilik atributlarımızın və mükafatlandırma sisteminin inkişafına da özünəməxsus töhfə vermişdir. 1995-ci ildən yaratdığı heraldika müəllif şirkəti və rəhbərlik etdiyi fabrik vasitəsilə Azərbaycanın dövlət orden və medallarının, yüksək səviyyəli suvenirlərinin istehsalını təşkil etmişdir. Onun təsis etdiyi mükafatlar fəlsəfəsi və adları ilə milli qürur mənbəyimizdir.Eldar müəllimin təsis etdiyi medallar aşağıdakılardır.
“Ulu Türk”, “Vətən Övladı”, “Qızıl Ürək”, “Zeynalabdin Tağıyev”, “Mehriban Ana” və fədakar sərkərdəmizin adını daşıyan “Həzi Aslanov” ordenləri,habelə “Ədalətin Qılıncı” və şəhid qəhrəmanımızın adını yaşadan “Aqarunov” medalları.
Bu təltiflər təkcə fiziki mükafat deyil, Eldar müəllimin milli yaddaşa və qəhrəmanlığa qoyduğu mənəvi heykəllərdir. Onun rəhbərliyi ilə 2013-cü ildə təsis edilmiş “Qayğıkeş” qızıl diplomu və xüsusi döş nişanının 2017-ci il mayın 9-da əfsanəvi general Həzi Aslanovun abidəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təqdim edilməsi bu fəaliyyətin ən ali, tarixi zirvəsidir.
Eldar İsmayılov hər zaman I və II Qarabağ müharibəsi veteranlarının yanında olmuş, onların cəmiyyətdə layiqli yer tutması, şücaətlərinin qiymətləndirilməsi üçün canıyananlıqla çalışmışdır. Onun xeyriyyəçilik, sülh və mədəniyyətlərarası dialoq sahəsindəki xidmətləri ölkə hüdudlarını çoxdan aşmışdır. İstanbulda Atatürkün anası Zibeydə xanımın adına fəaliyyət göstərən cəmiyyətə “Mehriban Ana” ordeninin, həmçinin qardaş Türkmənistanın dövlət başçısına “Dədə Qorqud” ordeninin təqdim edilməsi beynəlxalq miqyaslı xalq diplomatiyasının bariz nümunələridir.
Bu möhtəşəm fəaliyyətin nəticəsidir ki, Eldar müəllim dünya miqyasında yüksək mükafatlara və fəxri adlara layiq görülmüşdür:
Dağıstanın Dərbənd şəhərinin Fəxri vətəndaşı
İstanbul “Yeditepe” Universitetinin Fəxri doktoru,
BMT nəzdindəki Beynəlxalq İctimai Fondun ən ali mükafatı , “Altın Kıran” (Qızıl Qartal) ordeni laureatı,
Ukrayna Pravoslav Kilsəsinin “II Müqəddəs Vladimir” ordeni və bir çox Avropa universitetlərinin fəxri professoru.
Eldar İsmayılov iqtisadçı dəqiqliyi ilə filoloq həssaslığını, naşir cəsarəti ilə diplomat müdrikliyini öz şəxsiyyətində birləşdirən bütöv bir insandır. Onun rəhbərlik etdiyi fondlar, nəşr etdiyi jurnallar və təsis etdiyi rəmzlər gələcək nəsillərə qalan ən böyük irsdir.
Sizi 77 illik müdrik,şərəfli ömur və doğum gününüz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, tükənməz enerji və uzun ömür arzulayırıq!
Siz ömrünü millətinə, onun dünyadakı ucalığına və milli-mənəvi dəyərlərinə həsr etmiş bənzərsiz bir “Vətən Övladı”sınız. Fəaliyyətinizin hər bir mərhələsi fədakarlıq, uzaqgörənlik və millət sevgisi ilə yoğrulmuşdur.
Azərbaycanı və Türk dünyasını bir-birinə bağlayan, gələcəyə uzanan o möhkəm mədəniyyət körpülərində Sizin silinməz imzanız, böyük əməyiniz var. Açdığınız yollar bu gün bizləri və gələcək nəsilləri daha işıqlı sabahlara inamla daşıyır.
Bu əlamətdar gündə Sizə Zəfər dolu günlər, Dövlətimizin və Türk dünyasının tərəqqisi naminə atdığınız hər addımda yeni-yeni uğurlar,
doğmalarınızın və Sizi sevənlərin əhatəsində hüzurlu bir ömür,tükənməz ilham,qurduğunuz mədəniyyət körpülərinin daim uca və sarsılmaz qalmasını arzulayırıq.
Doğum gününüz mübarək olsun, ustad! Yaxşı ki,varsınız!

Lənkəran Dövlət Universitetinin tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Leyla Qadır qızı Məcidova

Share: