Həyat elə bir uca zirvədir ki, oraya hər kəs qalxa bilər, ancaq hər kəs o,zirvədə silinməz izlər qoya bilməz.Bu tarixi izlər isə ancaq xalqa xidmətlə, dövlətə sədaqətlə və vicdanla yaşanan ömürdən geriyə qalır. Belə şərəfli və örnək ömür yollarından biri də bu gün özünün növbəti ad gününü, müdriklik çağını qeyd edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun ömür yoludur.
Taleh Qaraşov 1959-cu il mayın 20-də Kürdəmir rayonunun Pirəköçə kəndində dünyaya göz açmışdır. Erkən yaşlarından mühəndis dəqiqliyinə və politoloq uzaqgörənliyinə yiyələnən Taleh müəllim, gənclik illərindən etibarən mühüm dövlət və ictimai-siyasi vəzifələrdə çalışmış, hər zaman öz işinə və rəhbərlik etdiyi kollektivə bir natiq kimi yüksək peşəkarlıq aşılamışdır.
Quruculuqla keçən şərəfli ömür yolunda,
onun idarəçilik fəaliyyətinin coğrafiyası geniş, xidmətləri danılmazdır. Kürdəmirdən başlayan bu rəhbərlik yolu, Cəlilabad, Neftçala və Astara rayonlarında da davam etmiş, hər bir bölgədə quruculuq, abadlıq və xalqla səmimi ünsiyyət meyarları ilə yadda qalmışdır. 2012-ci ildən isə cənubun mirvarisi sayılan Lənkəran şəhərinin rəhbərliyi ona etibar edilmişdir. Ötən bu illər ərzində Xan Lənkəranın siması dəyişmiş, şəhər daha da gözəlləşmiş və böyük infrastruktur layihələrinə ev sahibliyi etmişdir.
Taleh Qaraşovun təkcə bir rəhbər deyil, həm də şəhid ailələrinə, qazilərə xüsusi qayğı göstərməsi, dövlətçiliyimizə olan bağlılığı fəaliyyətinin mayasını təşkil edir. O, daim rayon ağsaqqalları ilə görüşür, kənd sakinləri və bələdiyyələrlə fikir mübadiləsi apararaq, onların problemlərini yerində dinləyir və müdrik qərarlarla həll edir. Bu keyfiyyətləri onu əsl dövlət xadimi və xalqın sevimli rəhbəri edir.
Dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi, onun illərdir sərf etdiyi əməyinə,fədakarlığına, dövlətçilik prinsiplərinə olan sarsılmaz sədaqətinə verilən ən ali qiymətdir.
Böyük şairimiz Xəlil Rza Ulutürkün bu sarsılmaz iradəni, vətənə və xalqa olan bağlılığı tərənnüm edən misraları sanki bu cür fədakar ömürlər üçün yazılmışdır:
”Ömür birdir, o da getdi hədərə…”
Deməyirəm, ucalıram göylərə.
Mən canımı qurban verdim bu yerə,
Bu torpağa, bu millətə, bu yurda!
Müdriklik zirvəsini fəth edən Taleh müəllim təkcə bacarıqlı bir rəhbər, dövlət xadimi deyil, həm də gözəl,qayğıkeş 3 övlad atasıdır. “O, həm də bir qəhrəman generalın atasıdır və övladlarını vətənpərvərlik ruhunda böyüdərək cəmiyyətimizə layiqli şəxsiyyətlər qazandırıb.”Onun insanlara qarşı göstərdiyi səmimiyyət, hər bir vətəndaşın probleminə həssaslıqla yanaşması onu xalqın gözündə sadəcə rəhbər deyil, həm də doğma bir insan etmişdir.
Bu mübarək doğum günündə, 67 illik bu müdrik yaşda hörmətli Taleh Qaraşova uzun ömür, möhkəm cansağlığı və dövlətimizin rifahı naminə apardığı çətin və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Məcidova Leyla Qadir qızı





















