Bütün çağlarda böyük ismlər və mətnlər qarşılığında ədəbiyyata gəlmək cəsarət tələb etsə də, bu yol o qədər cazibədardır ki, bir çoxları heç cəsarət hissi olmadan, aqibətini düşünmədən belə, bu yola qoşulur.
Şair var, adını poeziyası tanıdır, şeirləri ilk dəfə onu necə təqdim edirsə, cəmiyyətdə, ədəbi mühitdə o şəkildə özünə yer eləyə bilir. Elə şairlər də var ki, özü, mövqeyi, statusu onun yazdıqlarını keçəri olaraq tanıdır, yəni nə qədər ki, fərd olaraq sağdırsa, hətta ucuz şöhrət də qazanır.
Sözlə Fərdin iddiaları daim qarşı-qarşıya duran, adətən, bir-birini qəbul etməyən iki əks qütbdür. Birinci qism, yazdıqlarına görə tanınan yazarlardı, onlar özünəxas yazı tərzinə, üslubuna görə, bəzən bir neçə mətnlə də ədəbiyyatın yaddaşında qalma şansı qazanmış olurlar. Yazdıqları özünə (durumuna və statusuna) görə tanınan ikinci qism yazarlar isə, nə qədər çox yazsalar da, heç zaman ədəbiyyat tarixində obrazlaşa bilmirlər. Birncilər mənim nəzərimdə həmişəyaşıl ağaclara bənzəyirlər. İkincilər isə, sanki bambuk ağacı kimi həyatı boyu bircə dəfə yarpaqlayıb, sonra məhv olan, nə gözdə, nə düşüncədə, nə torpaqda izi qalmayanlardı… Və eyni zamanda kimsə düşünür ki, yazdıqları mütləq tarixə düşəcək, o da yanlış fikir, boş ehtimaldır. Çünki, tarix ona lazım olanlarıı, heç bir təbliğata uymadan, özü seçir və yaşadır.
Bu mənada, Tapdıq Əlibəylinin şair obrazını yaradan, imzasını ədəbi ortamda tanıdan onun öz təfəkkürünün miqyasına uyğun gələn şeirləridir. O sadəcə, ənənəvi poetik yolda addımlayır (şeirdən özünə ucalıq ummadan), heç bir yenilik iddiası olmadan, bir əlavə maraq güdmədən öz müşahidələrindən və duyğularından yazır. Məhz sözə, qələmə sayğı və ehtiram göstərə-göstərə, özü də belə düşünür ki, şairliyin səviyyəsi yaşla, təcrübəylə deyil, sözlə bağlıdır:
Şair özü qocalsa da,
Sözü vaxtdan ucadırsa,
Ömürdüsə uzun, qısa…
Şairliyin yaşı olmur!
Şairlik təkcə ovqat, əhval-ruhiyyə olmaqla bitmir, dərviş kimi, şaman kimi yaşanılan ömürdü, yaz səhəri kimi sərin günlü, payız kimi alabuludlu, yağmurlu, qış axşamı kimi düşüncəli həyat hadisəsidir. Tapdığa görə, şairlik həm də ruh-hal məsələsidir:
Şairlik hiss, hal, məqamdır,
Gah dərvişlik, gah şamandır.
Gah səhərdir, gah axşamdır…
Şairliyin yaşı olmur!
Yazılar ilə çoxdan tanışlığım olsa da, şəxsən tanıyandək Tapdığın öz sözüylə yarı alma kimi oxşar olduğunu bilmirdim. Oxuduğum andan diqqətimi çəkən yazılarında ilk müşahidə elədiyim odur ki, fərdi duyğularla ictimai düşüncə ic-içədir, doğmadır və bir-birinin davamıdır.
İlki-sonu bəlli olmayan qəza-qədərin gərdişləri şair ömrünü məchul bir məqamda dolaşığa salanda sözlərində təlatümlər ək-səda verir, bu narahatlıq içində insanın gün-güzəranı bulanıq suya bənzəyir:
Hələ təlatümdə narahat dünya,
Bənzəyir axarı bulanıq suya.
Dövranın gərdişin mən duya-duya…
Ömrüm dolaşığa düşüb hardasa.
O, sözünün çəkisinə bələd olduğundan bilir ki, ifadə elədiyi fikir, mətndən hasil olan nəticə ruhsal və bədii-ictimai baxımdan nə qədər aktualdır, nə dərəcədə təsirlidir. Bəzən Tapdıq duyğularını bədiilikdən çıxarıb bir publisistik ruha təhvil verir, sonradan özü də həmin əhvala düşür, hadisə və müşahidələrinə bu prizmadan yanaşır və bu üslub onun təfsirində mövzunun doğurduğu problemi uğurla həll edir.
Tapdıq Əlibəyli həyat sürprizləri ilə çarpışmalarında, fəaliyyətində özünü hansısa səfər libasında, hansısa mənzil yolunda hiss edir. Bu yolların tozuna bulansa da, sıxıntılarla qəfildən üz-üzə gəlsə də, yenə sarsılmır, inandığı, sınaqdan çıxardığı həqiqətin izini buraxmır, onu hardasa, hansı bir könüldəsə mütləq bulacağına əminliyini qoruyub saxlayır:
Daş basılıb həqiqətin ağzına,
Baxılmayıb nə ağına, bozuna,
Bulanıram bu yolların tozuna,
Səfərdəyəm, yol gedirəm qələmlə.
Tapdığın işlədiyi mövzular, demək olar, əksər yazarların toxunduğu ədəbiyyatın daimi üzvi elementləridir, söz anlamına görə, təsvir, ritm etibarilə gələnəksəldir. O, Vətən haqqında yazanda qəlbindəki fikirləri təbiətindən gələn sadə vurğunluqla kağızın yaddaşına köçürür. Və o yazılarda sabahın üzünə gülümsəyən qənirsiz təbiətin, göylərin dirəyi dağların, ömür yoluna səpələnmiş daş-kəsəyin simasında fəxarətli keçmişə, dürüst yaşama, tarixə tanıqlıq duyulur. Mayası halallıqdan, sadəlikdən tutulmuş doğma torpağın hər qarışı Ana anlayışında ümumiləşmiş Vətəndir:
Torpaq qarış-qarış Vətəndir bizə,
Hər qarış əzizdir, anamız kimi.
Daşı-kəsəyi də gülümsər üzə,
Hallalıq mayası, sadəlik əzmi.
Tapdıq Əlibəyli Vətənə öz doğulduğu yurdun, kiçicik dünya timsalında gördüyü kəndi Bürzünbülün gözünün içindən baxır. Bürzünbüldən yola çıxıb, sınırsız dünyanın şərhinə qapı açan ümid işığının haləsində şairin gülümsər çöhrəsi, el-obaya, kəsdiyi duz çörəyə sədaqəti aydın görünür. Tapdığın poetikasında dolaşıqlıq, anlaşılmazlıq görünmür, sadə konkretlik, bir səliqə, ağır-batmanlıq, dağ havası, kənd saflığı var. O hava, o saflıq onun millətə, insana – dosta-yada münasibətinə də, şeirlərinə də yetərincə yanşayıb, təsir göstərib.
Tapdıq, sözü dolayı yox, de kəsə:
İpək ürək, tunc üzlüdü Bürzünbül.
Süfrələri açıq olar hər kəsə,
Duz-çörəkli, düz sözlüdü Bürzünbül.
Xəyallarındakı gerçək Bürzünbül onun etnoqrafikestetik aləmidir, Bürzünbüldəki ata yurdu xatirələri ilə, bugünkü mənzərəsi ilə birlikdə diridi, dili şirin sözlüdü, ötən günlər barədə yanıqlı bir bayatıdı. Xatirələri oxşaya-oxşaya öz yaddaşından çıxarıb, sözün yaddaşına köçürdükcə qələm də, qələmə yazmağı diqtə edən qəlb də, hətta xatirələrin özü də qüssələnir, yüz illik tut ağacının budaqlarından asılmış yelləncəkdə yıxıla-dura yellənən çocuqluq dövründən, sərin kölgəsində keçən anlardan ötrü şair yamanca qəribsəyir:
Bir vaxt bir ev vardı bağlı-bağatlı…
İndi xəyallarım o evi tikir.
Anam çağırardı həzin bayatı…
Səs susub, yanğısı özünə çəkir.
Yaxud:
Məntək qəribsəyib tut ağacımız?
Budanıb yüz illik qolu-budağı.
Bəlkə, elə birdir ağrı-acımız…
Hopub xəyallara uşaqlıq çağı.
Tapdıq Əlibəylinin şeirləri xalqın əsrlər boyu yaratdığı mədəniyyəti yaxşı bildiyini həzin bir ritmlə isbatlayır. O, qutsal dəyərtlərə, milli-mədəni abidələrə, türk dünyasına aid tarixi toponimlərə, Dədə Qorquddan miras qalan qopuza, qopuzun varisi olan saza, sazın öydüyü qəhrəmanların mənəvi-etnoloji obrazlarına, keçmiş tarixin ruhuna, pozulmaz izinə vətəndaş sayğısını, övlad məhəbbətini tel-tel dilə gətirir:
Sazın sinəsinə dolanan tellər,
Dinəndə eylədi sinəmi tel-tel.
Aşıqlar sazıyla göstərib hünər,
Sazı sinəsində gəzdikcə el-el.
Türk dünyasında qədim tarixdən bu günə yaşayan dəyərlər türkçülüyün ideya-metodoloji təsirləri Tapdığın yazılarında özünü təbii olaraq göstərir. Bu da onun tarixi kökə bağlılığından irəli gəlir. Turan dünyasından qoparılmış yurd yerlərinin tarixin yaddaşındakı izləri sayğı ilə xatırladıqca, ulu şəxsiyyətlərin torpaq uğrunda mücadilə-savaşında dönməzlik görkü (əlamətləri) onun da ilham gücünü artırır. Yeniseyin sahilində özünü doğma yurdda sanır: Hər qarışında Turan əzmi duyulan /“Sibirin qoynundayıq, doğma yurddadır ürək. / Vətəndən danışırıq, oturmuşuq üz-üzə”/. Səssiz axışıyla Sibir ellərini sevgiylə dolaşan ulu Yenisey onunçün adi nəhr (çay) deyil, adıyla yaddaşları qurcalayıb, özünü-özünə qovuşduran böyük ulusun tarixinə bağlı simvollardan biridir:
Türk yaddaşım oyanır “Yenisey” deyimindən.
Tapdıq Əlibəylinin leksikonu kasad deyil, şeirinin dili yumşaqdı, şirəlidi, özünü yad elementlərdən uzaq tutmağa çaışır, türkcənin cazibədar ahəngi ilə mətnin energiyasını, fakt-materialını təşkil edir. Epos, nağıl dilinin, dastan təhkiyəsinin örnəklərindəki poetik məntiq onun şeirlərinə sirayət edərək axıcılığına yardımçı olur:
Biri var, biri yox idi;
Var etdi Var yoxu yoxdan.
Adəm ki bir alma dərdi,
Dərdi də elə o vaxtdan…
Gəl sənə nağıl danışım,
Lap elə öz nağılımı.
Təpəgöz, divlə çarpışdım…
Tilsimə saldı ağlımı.
– deyərkən, nağıllardakı metaforik düşüncədə qərar tutub qalmır, onu gerçəyə dönuşdürməyə cəhdlər edir.
Tapdıq heç zaman nə ədəbi mühitin, nə ictimai sferanın mərkəzinə can atmayıb, amma ədəbi, ictimai fəaliyyəti həmişə hiss olunub, görünüb. Vətənin yaxşı günü, də dar məqamları da, doğma Qarabağın əsir vaxtları da, insanlarımızın canı-qanı bahasına Vətənə qovuşduğu qutlu günlər də, böyük Zəfərimizin vəsfi də şairin sözündə, ictimai fəaliyyətində önəmli yer tutur. Bu da onun vətənçi xarakterindən irəli gələn səciyyəvi cəhətdir.
Əsir torpaqlarda sərgərdan ruhlar,
Torpağa üz sürtüb çəkilən ahlar
Xilaskar ordumla şad bu sonbahar!..
İşğalçı ordunu əzdi 44 gün!
Tapdığın“Torpaqdan gələn səs”, “Döyüşçü yarası çətin sağalar”, “Vətən”, “Xilaskar ordumun Vətən savaşı”, “Qələbə təqvimin mübarək” kimi xeyli sayda ictimai motivli şeirləri vardır. Bu şeirlər və 2021-ci ildə çap etdirdiyi “Payız çöhrəsində yazdı 44 gün” adlı kitabında yer alan şeirlər də daxil olmaqla, bütövlükdə Tapdıq Əlibəylinin vətənçi ruhunun, milli düşüncəsinin nəbzinin döyüntüləridir. Yurdun fərəhli günü də, dərdi də yaratdığı təəssürtlarla birlikdə onun poetik əhvalında təcəlli tapır.
Doğub Qarabağda Zəfər günəşi,
Vətən, mübarəkdir yeni təqvimin!
Üfüqlər seyr edir yurda dönüşü,
Müzəffər əsgərə hay verir himnim.
Yaxud:
Hopub Şəhid qanı qarışbaqarış,
Sinəsin süsləyir Zəfər bayrağı!
Şuşa ucalıqda şəstinə alqış,
Qazi Cıdır düzü, ərlər sorağı!.
Əlibəyli şairin ömür amacının sözünün sonundakı möhürü, imzasıdır. Onun qələmi tale yolunun ayrıcına çatanda işıqla zülmətin əks mifoloji səmtləri qarşısında ruhdan düşmür, hara istiqamət götürmək barədə öz seçimində tərəddüd etmir, gündüzlər Günəş, gecələr isə Hilal onun dumanlı düşüncəsini (bəzən özünə inamsız şəkildə) aydınladır. Və beləliklə, Tapdıq da şeiriylə birlikdə Günəşin qürubunda Ay doğanda şəfəqə baxıb onu kimi dan yerində bitməyi arzulayır:
İki yolun ayrıcına çatmışam:
Biri işıq, biri zülmət-getməli.
Ay doğanı günəş kimi batmışam,
Şəfəqlənib dan yerində bitməli…

Dəyanət Osmanlı





















